"AnewZ" səhər xülasəsi – 23 iyul 2026

"AnewZ" səhər xülasəsi – 23  iyul 2026
AnewZ tərəfindən yaradılmış süni intellekt təsviri: ABŞ Dövlət katibi Marko Rubio və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, 23 iyul 2026-cı il.
Anewz

Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. İyulun 23-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.  

Lavrov və Rubio Manilada görüşüblər

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio iyulun 23-də görüşüblər. Bu barədə TASS xəbər agentliyi məlumat yayıb.

Onlar Filippinin Pasay şəhərində keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri Görüşü çərçivəsində bir araya gəliblər.  

Agentliyin məlumatına görə, görüş yarım saatdan çox davam edib. Lavrov və Rubio Rusiya-Ukrayna müharibəsi barədə də danışıblar.

Avropada meşə yanğınları ilə mübarizə aparan üç yanğınsöndürən həlak olub

Avropada davam edən meşə yanğınları nəticəsində Fransa və İtaliyada üç yanğınsöndürən həyatını itirib.

Fransalı iki yanğınsöndürən Bordo şəhərinin hava limanı yaxınlığında baş verən yanğının söndürülməsi zamanı həlak olub. İtaliyalı yanğınsöndürən isə Siciliya adasında təbii fəlakətlə mübarizə apararkən səhhətində yaranan problem səbəbindən ölüb.

Misli görünməmiş istilər və temperaturun yüksəlməsi Avropada meşə yanğınlarının genişlənməsinə səbəb olub. İlin əvvəlindən bəri qitə üzrə təxminən 200 min hektar ərazinin yandığı bildirilir.

Husilər Qırmızı dənizdə gəmilərə hücum etdiklərini açıqlayıb

İranın dəstəklədiyi husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə hücum etdiklərini bildiriblər.

Səudiyyə Ərəbistanının xəbər agentliyi SPA hücum zamanı iki gəmidən birinin yanğına məruz qaldığını açıqlayıb.

ABŞ və Səudiyyə Ərəbistanı nüvə sazişi imzalayıb

ABŞ Energetika Nazirliyinin məlumatına görə, rəsmi Vaşinqton və Ər-Riyad Səudiyyə Ərəbistanına mülki nüvə proqramı inkişaf etdirməyə imkan verəcək saziş imzalayıb.

Razılaşma çərçivəsində ABŞ şirkətlərinin Səudiyyə Ərəbistanının nüvə enerji proqramı ilə birgə çalışacağı, onilliklər boyu davam edəcək və milyardlarla dollar dəyərində tərəfdaşlıq nəzərdə tutulur.

ABŞ Konqresi saziş qüvvəyə minməzdən əvvəl onu nəzərdən keçirməlidir.

Restoran sahibi qarışqalı desertə görə həbs oluna bilər

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən iki “Mişelin ulduzu”na malik restoranın sahibinin həbsi gözlənilir. Buna səbəb onun üzərində qara qarışqalar  olan desert təqdim etməsidir.

Ölkədə bu qarışqa növünün insan istehlakı üçün istifadəsinə icazə verilmir. Prokurorluğun hesablamalarına görə, restoran müştərilərinə ümumilikdə 49 min qarışqa təqdim edib.

Restoran sahibi ittihamları qəbul edib. Lakin o, təqdim olunan qarışqaların sayı ilə bağlı prokurorluğun hesablamaları ilə razılaşmayıb.

Teqlər