İran: "Avropa təcavüzə alət olmamalı, diplomatik təşəbbüsü ələ almalıdır"

İran: "Avropa təcavüzə alət olmamalı, diplomatik təşəbbüsü ələ almalıdır"
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi
Iran Ministry of Foreign affairs-X

İran Avropa ölkələrini ABŞ və İsraillə olan münaqişəyə daha diplomatik yanaşma sərgiləməyə çağıraraq bildirib ki, Avropa Tehranın "təcavüz" kimi qiymətləndirdiyi hərəkətləri dəstəkləməkdənsə, beynəlxalq hüququ qorumalıdır.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi qeyd edib ki, Avropa ABŞ ilə həmrəy olmaqdansa, diplomatiyada aparıcı rol oynamalıdır.

Qəribabadi “X” hesabında etdiyi paylaşımda yazıb: “Avropanın təcavüzkarın ardınca getməsi yox, diplomatiyada öncül olması gözlənilir”.

O, bu bəyanatı çərşənbə günü Tehranda 25 Avropa səfiri və müvəqqəti işlər vəkili ilə görüşündən sonra verib. Görüş zamanı İran ABŞ-nin “cinayətkar hərəkətləri” kimi xarakterizə etdiyi hadisələrlə bağlı öz mövqeyini açıqlayıb.

Yüksəkrütbəli iranlı diplomat sosial şəbəkə hesabında qeyd edib: “Mən bildirdim ki, Avropadan BMT Nizamnaməsini və beynəlxalq hüququ qorumasını, eləcə də təcavüzü pisləməsinı gözləyirik”.

İsrail və ABŞ-nin İrana qarşı müharibəsinin İspaniya tərəfindən pislənilməsinə toxunan nazir müavini əlavə edib: “Təbii ki, İspaniya kimi bəzi Avropa ölkələri prinsipial mövqe nümayiş etdiriblər”.

Nüvə məsələsi və SEPAH

Hərbi münaqişədən əvvəl də Tehran və Avropa İttifaqı arasındakı münasibətlər gərgin idi.

“E3” kimi tanınan Birləşmiş Krallıq, Fransa və Almaniya İranı nüvə proqramına görə məsuliyyətə cəlb etməyə çalışırdı və bu addım Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasında ABŞ tərəfindən dəstəklənirdi. Bu diplomatik səylər sonda BMT-nin İrana qarşı nüvə ilə bağlı sanksiyalarının yenidən tətbiqinə səbəb oldu.

Onsuz da gərgin olan münasibətlərə son zərbə bu ayın əvvəlində Birləşmiş Krallığın İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Milli Təhlükəsizlik və Dövlət Təhdidləri Qanunu çərçivəsində təhlükəsizlik təhdidi kimi elan etməsindən sonra dəydi.

İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Tehrandakı elçisi Hüqo Şorteri çağıraraq kəskin etirazını bildirib. İran həmçinin Birləşmiş Krallığı öz ərazisində terrorçu elementlərə sığınacaq verməkdə ittiham edərək sərt cavab tədbirləri görəcəyini vəd edib.

Birləşmiş Krallığın bu addımı yanvar ayında Avropa İttifaqının analoji qərarından sonra atılıb. Həmin vaxt da Tehran Aİ-nin İran paytaxtındakı elçilərini çağıraraq etirazını bildirmişdi.

Avropadakı ABŞ hərbi bazaları ilə bağlı xəbərdarlıq

Qəribabadi öz paylaşımındaAvropa ölkələrinə ABŞ hərbçilərinin onların ərazisindəki obyektlərdən istifadəsinə icazə verməmələri barədə xəbərdarlıq edib.

O, xəbərdarlığını belə yekunlaşdırıb: “Avropa hökumətləri bilməlidirlər ki, təcavüzkara hərbi baza və ərazi vermək onları da təcavüzkara çevirəcək”.

Teqlər