Qəzzada humanitar böhran dərinləşir

Qəzzada humanitar böhran dərinləşir
Fələstinlilər İsrail-HƏMAS münaqişəsi fonunda Qəzza zolağının şimalında xeyriyyə mətbəxinin hazırladığı yeməkləri almaq üçün toplaşıblar. 11 sentyabr 2024-cü il.
Reuters

Qəzzada aclıqla mübarizədə son aylarda əldə olunan irəliləyişlər yardım maliyyəsinin azalması və humanitar əməliyyatların məhdudlaşması səbəbindən təhlükə altındadır.

İnteqrə Olunmuş Ərzaq Təhlükəsizliyi Mərhələlərinin Təsnifatı (IPC) bildirir ki, ilin sonuna qədər Qəzza əhalisinin üçdə ikisindən çoxu kəskin aclıqla üzləşə bilər.

Hesabata görə, ərzaq çatışmazlığı, gəlir imkanlarının itməsi və yardımlardan asılılıq vəziyyəti daha da ağırlaşdırır.

Atəşkəsdən sonra artan humanitar yardım qida vəziyyətini yaxşılaşdırsa da, maliyyə çatışmazlığı səbəbindən yardım proqramları yenidən azalır.

Hazırda təxminən 1,2 milyon insan böhran səviyyəsində aclıq yaşayır. Yardımlar daha da azalarsa, ilin sonuna qədər bu rəqəm 1,9 milyona çata bilər.

Ən çox risk altında olanlar isə uşaqlar və analardır. IPC qidalanma vəziyyətində əldə olunan yaxşılaşmanın hələ də qeyri-sabit olduğunu bildirir.

Uşaqlar və ailələr aclıq təhlükəsi ilə üz-üzədir

Qəzzada hər beş uşaqdan yalnız birinin kifayət qədər qida dəyəri olan ərzaqla təmin olunduğu bildirilir. Proqnozlara görə, 2027-ci ilin aprelinədək beş yaşadək 74 mindən çox uşağın kəskin qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyacı olacaq.

Onlardan 11 mindən çoxunun qida çatışmazlığının ən ağır formasından əziyyət çəkəcəyi gözlənilir.

Hamilə və süd verən qadınlar da risk altındadır. Təxminən 24 600 qadının təcili qida dəstəyinə ehtiyacı var. Lakin maliyyə çatışmazlığı səbəbindən əlavə qidalanma proqramları artıq azaldılıb.

Palestinian twins eat inside their tent where they shelter with their mother and siblings, in Mawasi area, in Khan Younis in the southern Gaza Strip, 12 September 2025.
Reuters
Böhran yalnız ərzaqla məhdudlaşmır

Hesabatda qeyd olunur ki, aclıq Qəzzadakı daha geniş humanitar böhranın yalnız bir hissəsidir.

Təxminən iki illik müharibədən sonra insanların gəlir imkanları böyük ölçüdə azalıb. Ailələrin beşdə dördündən çoxunun gəliri yoxdur və onlar əsasən humanitar yardımdan asılıdır.

Su və digər əsas xidmətlər də ciddi şəkildə pozulub. Bir çox ailə içmək, yemək hazırlamaq və gigiyena üçün gündə adambaşına 15 litrdən az su ilə kifayətlənir.

Evlərin, əkin sahələrinin, müəssisələrin və yolların dağıdılması insanların həyatlarını bərpa etməsini çətinləşdirir. IPC-nin məlumatına görə, evlərin təxminən dörddə üçü zədələnib və ya dağılıb.

Dünya Bankı, Avropa İttifaqı və BMT-nin ayrı qiymətləndirməsinə görə, müharibə 35 milyard dollardan çox maddi zərərə səbəb olub. Yenidənqurma ehtiyaclarının isə 71 milyard dolları keçəcəyi gözlənilir.

Atəşkəs əzabları dayandırmayıb

IPC bildirir ki, atəşkəs döyüşləri əhəmiyyətli dərəcədə azaltsa da, Qəzzada zorakılıq davam edir.

Dron hücumları, hava zərbələri və bombardmanlar davam edib. Atəşkəsin başlanmasından sonra 900-dən çox mülki şəxsin öldüyü bildirilir.

Hesabatda vurğulanır ki, ərzaq təhlükəsizliyinin yenidən pisləşməsinin qarşısını almaq üçün humanitar yardımlar davam etdirilməlidir.

İsrail hesabatı rədd edir

İsrail müharibə zamanı aclıqdan silah kimi istifadə etdiyi barədə ittihamları rədd edir.

Qəzzaya yardımların koordinasiyasına cavabdeh olan İsrailin COGAT qurumu IPC hesabatını qərəzli adlandırıb.

Qurum atəşkəsdən sonra əraziyə böyük həcmdə ərzaq, su və tibbi ləvazimat daxil olduğunu bildirib və HƏMAS-ı humanitar yardımları yönləndirməkdə və talamaqda ittiham edib.

Teqlər