canlı ABŞ İrandakı hədəfləri ardıcıl 13-cü gecədir vurur

ABŞ İrandakı hədəfləri ardıcıl 13-cü gecədir vurur
SEPAH-ın Aerokosmik Qüvvələri Muzeyində nümayiş etdirilən İran PUA-sı. Tehran, 12 noyabr 2025-ci il
Reuters

ABŞ Silahlı Qüvvələri cümə axşamı gecə saatlarında İrandakı hədəflərə qarşı yeni zərbələr dalğasını başa çatdırdığını bildirib. Bu, Amerika hərbçilərinin İrana hücum etdiyi ardıcıl 13-cü gecədir. ABŞ Mərkəzi Komandanlığının verdiyi məlumata görə, son hərbi əməliyyat iki saatdan çox davam edib.

⦿ 21:00 | YENİLƏNİB

Tramp Çin və Rusiyanı İrana yardım etməməyə çağırıb

Reuters

Donald Tramp bildirib ki, Çin və Rusiyanın İran münaqişəsində iştirak etdiyinə inanmır. Lakin o, bu ölkələrin rəsmi Tehrana silah tədarük etməsinin “çox pis nəticələrə səbəb ola biləcəyini” bildirib.

Tramp bildirib ki, Çin lideri Si Cinpin ona həm Çinin, həm də Çin şirkətlərinin İrana silah verməyəcəyinə dair təminat verib.

⦿ 18:08 | YENİLƏNİB

Oman nümayəndə heyəti Hörmüz danışıqları üçün Tehrana səfər edib

Anadolu

Omanın diplomatik nümayəndə heyəti Hörmüz boğazından keçidlə bağlı müzakirələr aparmaq üçün Tehrana səfər edib. Bu barədə İranın “IRNA” agentliyi məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin səfəri İran və Oman arasında davam edən məsləhətləşmələr çərçivəsində baş tutub. Tərəflər strateji su yolunda gəmi hərəkətinin idarə olunması üçün mexanizmləri müzakirə edir.

Nümayəndə heyətinin tərkibi və danışıqların müddəti ilə bağlı əlavə məlumat verilməyib.

⦿ 18:00 | YENİLƏNİB

Netanyahu Vaşinqtona səfər edəcək

Reuters

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 27-də Vaşinqtona səfər edəcək. O, iyulun 28-də Donald Trampla görüşəcək. Bu barədə Baş nazirin ofisi məlumat yayıb.

⦿ 17:42 | YENİLƏNİB

Aİ dissidentlərin təqibinə görə İran hakimlərinə sanksiya tətbiq edib

Anadolu

Avropa İttifaqı (Aİ) ciddi insan hüquqları pozuntularında, o cümlədən siyasi dissidentlərin və dini azlıqların təqibində ittiham olunan beş iranlı hakimə qarşı sanksiyalar tətbiq edib.

Aİ Şurasının açıqlamasına görə, həmin hakimlər İranın regional İnqilab Məhkəmələrində çalışır və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi də daxil olmaqla, dissidentlər, fəallar və dini azlıq nümayəndələri ilə bağlı məhkəmə proseslərinə rəhbərlik ediblər.

Şura bildirib ki, bu işlər qeyri-müəyyən şəkildə müəyyən edilmiş milli təhlükəsizlik və dini ittihamlar əsasında aparılıb.

⦿ 17:21 | YENİLƏNİB

Bəhreyn İranın hücumlarını dəf etdiyini bildirib

Anadolu

Bəhreyn Müdafiə Qüvvələri bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri İran tərəfindən həyata keçirilən hava hücumunun qarşısını alıb.

Qurumun açıqlamasında bütün silah sistemləri və bölmələrin ölkəni qorumaq üçün yüksək hazırlıq vəziyyətində olduğu qeyd edilib.

Bəhreyn Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yaydığı məlumata görə bundan bir neçə saat əvvəl ölkədə eyni gün ərzində ikinci dəfə xəbərdarlıq siqnalları işə düşüb.

 

⦿ 17:10 | YENİLƏNİB

İraq atəşkəs vasitəçiliyi ilə bağlı xəbəri təkzib edib

Anadolu

İraq Bağdadın Vaşinqton və Tehran arasında atəşkəs əldə olunması üçün vasitəçilik etdiyi barədə yayılan xəbəri təkzib edib.

İraq Xəbər Agentliyinin (INA) yaydığı açıqlamada İraq Baş nazirinin media ofisi “New York Times” qəzetində cümə axşamı dərc olunan məlumatdakı iddiaların tamamilə əsassız olduğunu və reallıqla heç bir əlaqəsi olmadığını bildirib.

Qurum media orqanlarını məlumatları yoxlamağa, rəsmi mənbələrə istinad etməyə və anonim mənbələrə əsaslanan təsdiqlənməmiş xəbərləri və iddiaları yaymaqdan çəkinməyə çağırıb.

⦿ 15:20 | YENİLƏNİB

İran: ABŞ-nin zərbələri nəticəsində 55 nəfər ölüb

İran Səhiyyə Nazirliyin

İran Səhiyyə Nazirliyinin məlumatına görə ABŞ-nin son hərbi zərbələri nəticəsində azı 55 nəfər ölüb, 645 nəfər yaralanıb.

Ölkənin Fars xəbər agentliyinin yaydığı məlumata əsasən, ən çox itki Xuzistan vilayətində qeydə alınıb. Daha sonra Hörmüzqan və Sistan-Bəlucistan vilayətləri gəlir. Bildirilir ki, ölənlərin böyük hissəsi də məhz bu üç bölgənin payına düşür.

Rəsmilər bildiriblər ki, yaralananlardan 586 nəfər müalicədən sonra xəstəxanadan buraxılıb. Hazırda 8 nəfər xəstəxanada qalır, onlardan bəzilərinin hələ də cərrahi əməliyyata ehtiyacı var.

⦿ 15:15  | YENİLƏNİB

İran Bəhreyndəki məlumat mərkəzinə zərbə endirdiyini açıqlayıb

İran dövlət mediası

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə Amazon tərəfindən idarə olunduğu bildirilən məlumat mərkəzinə zərbə endirdiyini açıqlayıb.

İran dövlət mediasının məlumatına görə SEPAH həmin obyektin ABŞ hərbi kəşfiyyat əməliyyatlarını dəstəkləmək üçün istifadə edildiyini və məhv edildiyini bildirib.

SEPAH çərşənbə günü də eyni ərazini hədəf aldığını açıqlamışdı.

Hücumla bağlı təsdiqlənmiş məlumat yoxdur. Amazon və Bəhreyn rəsmiləri isə İranın iddiaları ilə bağlı açıqlama verməyib.

⦿ 15:02 | YENİLƏNİB

İran mediası: Küveyt və Bəhreyndə hədəflər vurulub

Reuters

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən Əl-Adiri bazasına və Bəhreyndə ABŞ Beşinci Donanmasına məxsus müşahidə qülləsinə zərbə endirdiyini bildirib.

SEPAH-a bağlı “Tasnim” xəbər agentliyinin məlumatına görə hücumlar İran qüvvələri tərəfindən həyata keçirilib.

⦿ 14:58 | YENİLƏNİB

SEPAH xaricdəki ABŞ hərbçilərini təhdid edib

Press TV

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbçilərinin yerləşdiyi ölkələrdə yaşayan insanlara həmin ərazilərdən ən azı 500 metr uzaq durmaq barədə xəbərdarlıq edib.

Press TV telekanalının məlumatına görə SEPAH bu xəbərdarlığın həmin ölkələrdə yaşayan mülki şəxslərin təhlükəsizliyi məqsədilə verildiyini bildirib.

⦿ 12:01 | YENİLƏNİB

Ərbil hava limanı yaxınlığında PUA qəzaya uğrayıb

Reuters

İki təhlükəsizlik mənbəyinin məlumatına görə Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb. Hadisə səbəbindən uçuşlar qısa müddətə dayandırılıb.

İtki barədə məlumat verilməyib. Hadisə yerində baş verən yanğının nəzarət altına alınması üçün işlər aparılıb.

⦿ 11:42 | YENİLƏNİB

Hindistanda İran münaqişəsi səbəbindən "Diet Coke" bahalaşıb

Reuters

İran münaqişəsi alüminium qutu tədarükündə problemlər yaratdığı üçün Hindistanda "Diet Coke"un qiyməti artıb.

Mənbələrin məlumatına görə "Coca-Cola" qiymətləri 10 faizdən çox artırıb. Hörmüz boğazında daşımaların pozulması alüminium qutuların çatışmazlığına səbəb olub. Buna görə şirkət Cənub-Şərqi Asiyadan daha bahalı və böyük ölçülü qutular idxal etməyə başlayıb.

⦿ 11:22 | YENİLƏNİB

Malayziya Bəhreyn Qran-prisini əvəz edə bilər

Reuters

"Formula 1" Yaxın Şərqdə davam edən münaqişə fonunda alternativ yarış məkanları axtararkən, Malayziyanın Sepanq trası bu mövsüm Bəhreyn Qran-prisinin əvəzi kimi nəzərdən keçirilir.

Malayziya hökuməti bildirib ki, bu məsələ ilə bağlı müzakirələr davam edir.

Ferrari pilotu Kimi Raykkonen Malayziyanın Kuala-Lumpur şəhərində yerləşən Sepanq Beynəlxalq Dairəsində keçirilən məşq zamanı. 27 mart 2015.
Reuters
⦿ 11:12 | YENİLƏNİB

Qalibaf: "ABŞ neftin 100 dollara yüksəlməsi ilə özünü cəzalandırdı"

"X"/@mb_ghalibaf

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, qlobal neft qiymətlərinin bir barel üçün 100 dolları keçməsi ABŞ-ın tətbiq etdiyi siyasətin nəticələrindən biridir.

Qalibaf X sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Vaşinqton İranı cəzalandırmaq istəyərkən nəticədə özü zərər görüb.

“Onlar İranı cəzalandırmaq istəyirdilər. Əvəzində üçrəqəmli neft qiymətləri ilə özlərini cəzalandırdılar. 10/10 strategiya”, – deyə Qalibaf yazıb.

Onun paylaşdığı illüstrasiyada ABŞ-nin İranın neft ixracını dayandırmaq məqsədilə tətbiq etdiyi dəniz blokadasının qlobal bazarda neftin qiymətini 100 dollardan yuxarı qaldırdığı, ABŞ-də isə benzinin qiymətinin bir qallon üçün 7 dolları keçdiyi göstərilir.

Qalibaf bu görüntü vasitəsilə Vaşinqtonun siyasətini tənqid etmək üçün məşhur internet memindən istifadə edib.

 

⦿ 10:14 | YENİLƏNİB

İran Körfəz ölkələrindən ABŞ iddialarını təkzib etməyi tələb edib

"X"/@IRIMFA_SPOX

Xarici İşlər Nazirliyi sözçüsü İsmayıl Bəqai bildirib ki, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr ABŞ-nin onların İrana qarşı hərbi təcavüzdə iştirak etdiyi barədə iddiasına münasibət bildirməlidir.

O, "X" sosial şəbəkəsindəki paylaşımında vurğulayıb ki, “İranın özünümüdafiə tədbirləri bütün regionda təhlükəsizlik və sabitliyin bərpasına yönəlib”.

Bəqai əlavə edib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri açıq şəkildə Körfəz Əməkdaşlıq Şurasına üzv beş ölkənin və İordaniyanın ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında iştirak etdiyini bildirib.

“Əgər ABŞ-nin bu iddiası həqiqətə uyğun deyilsə, adı çəkilən hökumətlər bunu rəsmi və şəffaf şəkildə rədd etməlidirlər”, - deyə İran rəsmisi qeyd edib.

 

⦿ 10:02 | YENİLƏNİB

İran ABŞ-nin zərbələrinə dəstəyə görə Böyük Britaniyanı qınayıb

İran Xarici İşlər Nazirliyi

İran Xarici İşlər Nazirliyi ABŞ-nin İrana qarşı zərbələr endirmək üçün Britaniyanın hərbi bazalarından və infrastrukturundan istifadəsinə icazə verdiyinə görə Londonu qınayıb.

Nazirlik bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və Böyük Britaniyanı hücumlarda iştirakda ittiham edib.

Açıqlamada bildirilib: “ABŞ və İsrailin hərbi əməliyyatlarına şərait yaratmaqla London BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə düşən öhdəliklərdən imtina edib. Bu hücumların hazırlanması və həyata keçirilməsində istənilən iştirak və ya əməkdaşlıq təcavüzə və müharibə cinayətlərinə şəriklik hesab olunur.”

⦿ 08:31 | YENİLƏNMƏ

Abbas Əraqçi: "Aktivlərin müsadirəsi təhlükəli presedent yaradır"

IRNA

İranın xarici işlər naziri Abbas Əraqçi başqa bir ölkənin aktivlərinin müsadirə edilməsinin gərginliyi alovlandıran təhlükəli presedent yaradacağı barədə xəbərdarlıq edib.

Nazir bildirib ki, hökumətlər müsadirə prosesini normallaşdırdıqdan sonra heç kimin mülkiyyəti və aktivi təhlükəsizlikdə olmayacaq və bunun nəticəsində yaranacaq xaos heç də xoş və dinc olmayacaq.

⦿ 07:48 | YENİLƏNMƏ

Husilərin blokadası fonunda iki Çin tankeri Qırmızı dənizi tərk edib

Reuters

Gəmiçilik məlumatlarına görə, Səudiyyə Ərəbistanına məxsus ümumilikdə 4 milyon barel xam neft daşıyan iki Çin tankeri cümə axşamı Bab əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizdən çıxıb. Məlumata görə, gəmilər Husilərin Səudiyyə neft daşımalarına tətbiq etdiyi blokadadan yayınmağı bacarıblar.

Səudiyyə Ərəbistanı ilə əlaqəli digər tankerlərin Ədən körfəzi yaxınlığında hərəkəti yavaşlatdığı və ya müvəqqəti dayandırdığı bir vaxtda bu gəmilərin ərazini tərk etməsi, həm Qırmızı dənizdə, həm də Hörmüz boğazında gərginliyin davam etdiyi bir şəraitdə regional enerji daşımalarında artan axsamaları bir daha nümayiş etdirir.

 

⦿ 07:21 | YENİLƏNMƏ

Hörmüz boğazında tankerlərin hərəkəti may ayından bəri ən aşağı səviyyəyə düşüb

Reuters

"Kpler" gəmi izləmə sisteminin məlumatlarına görə, cümə axşamı Hörmüz boğazından yalnız bir tanker keçib.

Bu kəskin azalma regionda dəniz daşımaları riskinin artması və neftin bir barelinin qiymətinin yenidən 100 dollara qalxması fonunda baş verib. Boğazı keçən yeganə gəmi Çinə iki milyon barel İraq xam nefti daşıyan “New Giant” tankeri olub.

Bab əl-Məndəb boğazında hərəkətlilik daha yüksək olsa da, bəzi gəmilərin marşrutunu Süveyş kanalı vasitəsilə dəyişdirdiyi bildirilir. Bu isə Asiyaya olan dəniz reyslərinin müddətini təxminən üç dəfə uzada bilər.

 

⦿ 06:58 | YENİLƏNMƏ

Əhvaz yaxınlığında ABŞ-nin raket zərbəsi: 4 ölü, 5 yaralı

Tasnim

İranın “Tasnim” xəbər agentliyinin Xuzistan vilayətinin yerli rəsmilərinə istinadən verdiyi məlumata görə, ölkənin cənub-qərbindəki Əhvaz şəhəri yaxınlığında ABŞ-nin raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

⦿ 06:35 | YENİLƏNMƏ

Abbas Əraqçi: “Aktivlərin müsadirəsi təhlükəli presedent yaradır”

Reuters

İranın xarici işlər naziri Abbas Əraqçi gələcək iddiaları qarşılamaq məqsədilə başqa bir ölkənin aktivlərinin müsadirə edilməsinin “gərginliyi alovlandıran təhlükəli presedent” yaradacağı barədə xəbərdarlıq edib.

Nazir bildirib ki, hökumətlər müsadirə praktikasını adiləşdirəcəkləri təqdirdə “heç kimin mülkiyyəti təhlükəsizlikdə olmayacaq” və bunun nəticəsində yaranacaq xaos “heç də xoş və ya dinc olmayacaq”.

 

 

 

⦿ 06:14 | YENİLƏNMƏ

ABŞ ordusu İrana qarşı iki saat davam edən əməliyyat keçirib

Reuters

ABŞ ordusu cümə axşamı gecə İrana qarşı iki saatdan çox davam edən zərbələr endirdiyini açıqlayıb. Bu, ABŞ-nin İrana qarşı hücumlarının ardıcıl 13-cü gecəsi olub.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, əməliyyat zamanı hərbi idarəetmə mərkəzləri, dron anbarları, rabitə şəbəkələri, sahil müşahidə məntəqələri və dəniz imkanları hədəfə alınıb.

Zərbələr ABŞ Prezidenti Donald Trampın Qırmızı dənizdə iki Səudiyyə Ərəbistana məxsus olan neft tankerinə hücumdan sonra İrana və onun husilər müttəfiqlərinə qarşı böyük hərbi cəza vəd etdiyi bir vaxtda həyata keçirilib.

İran Hörmüz boğazını bağlayıb və ölkəsindəki obyektlərin hədəfə alınacağı təqdirdə regional enerji və iqtisadi infrastruktura cavab zərbələri endirə biləcəyi barədə xəbərdarlıq edib.

 

 

Teqlər