Qazaxıstan Mərkəzi Asiyada ilk dəfə hava taksisi xidmətini tətbiq edəcək

Qazaxıstan Mərkəzi Asiyada ilk dəfə hava taksisi xidmətini tətbiq edəcək
"Prosperity eVTOL" hava taksisinin Astanadakı nümayiş uçuşu. Qazaxıstan.
Anadolu Agency / AutoFlight

Qazaxıstan Mərkəzi Asiyada elektrikli şaquli qalxış və eniş aparatlarını nəqliyyat sisteminə inteqrasiya edən ilk ölkə olmağa hazırlaşır.

Astanadakı "Qazanat" ippodromunda Çinin "AutoFlight" şirkətinin istehsalı olan "Prosperity eVTOL” təyyarəsinin nümayiş uçuşu keçirilib. Tədbir Qazaxıstanın "Alatau Advanced Air Group" (AAAG) və "AutoFlight" şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub.

Yeni nəqliyyat vasitəsi 1 pilot və 5 sərnişin tutumuna malikdir. Hava taksisi tək şarjla təxminən 200 kilometr məsafə qət edə və saatda 200 km sürət yığa bilir. Xidmətin Qazaxıstanın "rəqəmsal şəhər" konsepti əsasında salınan yeni Alatau şəhərində fəaliyyətə başlaması planlaşdırılır.

Mərkəzi Asiyada ilk hava taksisi bazarı

AAAG şirkətinin investorlarla əlaqələr üzrə direktoru Daniyar Uteulin bildirib ki, hava taksisi texnologiyası dünyada hələ ilkin mərhələdədir və yalnız məhdud sayda ölkələrdə tətbiq olunur.

ABŞ, Çin, Cənubi Koreya, BƏƏ və Avropa ölkələrindəki oxşar layihələri misal çəkən Uteulin Qazaxıstanın regionda pioner olmağı hədəflədiyini vurğulayıb:

“Qazaxıstan dünyada bu texnologiyanı inkişaf etdirən və tətbiq edən ilk 10 ölkə sırasındadır. Mərkəzi Asiyada isə biz birinci olacağıq.”

O əlavə edib ki, bu layihə Alatau şəhərinin "ağıllı" nəqliyyat sisteminin əsas hissəsini təşkil edəcək və yeni şəhərə xarici investisiyaların cəlb edilməsinə kömək edəcək.

Kommersiya uçuşları 2028-ci ildən başlayacaq

Uteulinin sözlərinə görə, ilk mərhələdə xidmət haqqı yüksək olsa da, təyyarə parkı genişləndikcə, vertoportlar (hava taksisi limanları) tikildikcə və uçuş tezliyi artdıqca qiymətlər aşağı düşəcək. O, əsas hədəfin zamanla gediş haqqını lüks taksi qiymətlərinə bərabərləşdirmək olduğunu deyib.

Layihə çərçivəsində mövcud helikopter və təyyarə pilotlarının təlimlərinə başlanılacaq. İlk kommersiya uçuşlarının 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başlaması, Alatau şəhərini Almatı və regionun turizm zonaları ilə birləşdirməsi nəzərdə tutulur.

Teqlər