canlı Husilərin hücumundan sonra Bab əl-Məndəb boğazında gəmilərin keçidi zəifləyib

Husilərin Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumundan sonra Bab əl-Məndəb boğazında gəmi hərəkəti son ayların minimumuna düşüb. ABŞ-İran gərginliyinin səngiməsinə baxmayaraq, Hörmüz boğazında da gəmilərin keçidi zəif olaraq qalır.

⦿ 22:03 | YENİLƏNİB

İraq ərazisinin qonşu ölkələrə hücumlar üçün istifadə olunmasına icazə verməyəcəyini bildirib

Reuters

İraq Səudiyyə Ərəbistanına yönələn dron hücumları ilə bağlı məlumatlardan sonra ərazisinin qonşu ölkələrə qarşı hücumların həyata keçirilməsi üçün istifadə olunmasına imkan verməyəcəyini açıqlayıb.

İraq Baş nazirinin mətbuat xidməti bəyanatında Bağdadın heç bir tərəfin İraq ərazisindən regional təhlükəsizliyi təhdid etmək və ya sərhədlərarası hücumlar həyata keçirmək üçün istifadə etməsinə icazə verməyəcəyini vurğulayıb.

Açıqlama regionda gərginliyin artdığı və Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı mümkün hücumlarla bağlı narahatlıqların yüksəldiyi bir vaxtda verilib.

⦿ 21:31 | YENİLƏNİB

Tramp: "Rusiyanın İrana peyk dəstəyi verməsi xəbərini Putinlə müzakirə edəcəyəm"

Reuters

ABŞ Prezidenti Donald Tramp Rusiyanın peykləri vasitəsilə İranın Yaxın Şərqdə zərbələri istiqamətləndirməsinə kömək etdiyi barədə məlumatları Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyini bildirib.

Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib: “Putindən bu barədə soruşacağam. Öyrənəcəyik”.

Bu açıqlama regionda davam edən gərginlik və İranın hərbi əməliyyatlarına mümkün xarici dəstəyə artan diqqət fonunda verilib.

Tramp iddialarla bağlı əlavə təfərrüat və ya sübut təqdim etməyib.

⦿ 21:28 | YENİLƏNİB

Tramp: "ABŞ İranla çox dərin danışıqlar aparır" 

Reuters

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla çox dərin danışıqlar aparır. Lakin o, diplomatik səylərin uğursuz olacağı təqdirdə güclü hərbi addım atmağa hazır olduğunu vurğulayıb.

Tramp “Axios”a açıqlamasında danışıqlar üçün vaxtın məhdud olduğunu bildirib.

Danışıqların nə qədər davam edə biləcəyi ilə bağlı suala cavabında Tramp deyib: “Çox vaxt yoxdur. Ya tez nəticə əldə olunur, ya da ümumiyyətlə olmur”.

Bu açıqlamalar ABŞ və İranın regionda davam edən gərginlik və hərbi fəaliyyət fonunda diplomatik təmasları davam etdirdiyi bir vaxta təsadüf edir.

⦿ 21:25 | YENİLƏNİB

CENTCOM bildirib: Blokada çərçivəsində 17 gəmi istiqaməti dəyişdirilib

Reuters

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, blokadanın tətbiqi çərçivəsində indiyədək 17 kommersiya gəmisinin istiqaməti dəyişdirilib, iki gəmi hərəkətsiz vəziyyətə gətirilib, daha iki gəmiyə isə daxil olaraq yoxlama aparılıb.

Hərbçilər hadisələrdə iştirak edən gəmilər və əməliyyatların detalları ilə bağlı əlavə məlumat verməyib.

Açıqlama regionda artan gərginlik və ABŞ qüvvələrinin dəniz hərəkətliliyinə nəzarəti davam etdirdiyi bir vaxtda verilib.

⦿ 19:48 | YENİLƏNİB

Tramp ABŞ-İran danışıqları uğursuz olarsa güclü hərbi addıma hazır olduğunu bildirib

Reuters

ABŞ Prezidenti Donald Tramp “Axios” xəbər saytına müsahibəsində bildirib ki, İranla diplomatik danışıqlar nəticə verməsə, güclü hərbi əməliyyatlara başlamağa hazırdır.

Diplomatiyaya nə qədər vaxt verəcəyi ilə bağlı suala cavabında Tramp deyib: “Ya tez baş verir, ya da ümumiyyətlə baş vermir”.

⦿ 19:37 | YENİLƏNİB

İranın Rusiyadakı səfiri Ukraynanın Xəzər dənizində gəmini hədəf almasını pisləyib

 

İranın Rusiyadakı səfiri Ukraynanın Xəzər dənizində bir gəmiyə hücumunu cinayət əməli adlandırıb.

O, İranın dövlət xəbər agentliyi “IRNA”ya açıqlamasında bildirib ki, hücuma məruz qalan gəmi mülki təyinatlı olub və üzərində hərbi yük olmayıb.

⦿ 19:30 | YENİLƏNİB

ABŞ və İran arasında atəşkəs fonunda “Wall Street” yüksəlişlə açılıb

Reuters

ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması investorların riskə marağını artırıb. Bu fonda “Wall Street”in əsas indeksləri qarşıdakı həftədə açıqlanacaq mühüm şirkət hesabatları, iqtisadi göstəricilər və faiz dərəcəsi qərarı öncəsi yüksəlişlə ticarətə başlayıb.

Ticarətin açılışında “Dow Jones” sənaye indeksi 226,2 bənd və ya 0,44 faiz artaraq 52 173,42 bəndə çatıb.

“S&P 500” indeksi 52,2 bənd və ya 0,70 faiz yüksələrək 7 464,2 bənd olub. “Nasdaq Composite” isə 260,4 bənd və ya 1,04 faiz artaraq 25 236,185 bənd səviyyəsinə yüksəlib.

⦿ 17:45 | YENİLƏNİB

Husilər Səudiyyə Ərəbistanının neft obyektlərini hədəf aldıqlarını bildiriblər

Reuters

Yəmənin İrana yaxın husilər hərəkatı Səudiyyə Ərəbistanının şərq bölgəsini Qırmızı dəniz sahilindəki Yanbu şəhəri ilə birləşdirən bir sıra neft tədarükü və nəqli obyektlərinə zərbə endirdiklərini açıqlayıb.

Hərəkatın hərbi sözçüsü Yəhya Səri bildirib ki, bu addım Səudiyyə Ərəbistanının dronlarının Yəmən hava məkanını pozmasına cavab olaraq həyata keçirilib.

⦿ 17:41 | YENİLƏNİB

Səudiyyə Ərəbistanı İraqdan buraxılan dronları zərərsizləşdirib

Reuters

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ölkənin Şərq əyaləti və paytaxt Ər-Riyadda yerləşən neft obyektlərini hədəf alan İraqdan buraxılmış dronları məhv edib.

Bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, dronlar İrana bağlı silahlı qruplar tərəfindən İraq ərazisindən buraxılıb.

⦿ 15:43 | YENİLƏNİB

İran Hörmüz boğazı ilə bağlı mövqeyini dəyişməyib

Əl-Cəzirə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Omanla siyasi və texniki müzakirələr davam edir. O, Oman nümayəndə heyətinin Tehrana səfəri zamanı danışıqlarda irəliləyiş əldə edildiyini qeyd edib.

Müzakirələr Hörmüz boğazından gəmiçiliyin təşkili məsələsinə həsr olunub. İran rəsmiləri bildirirlər ki, vasitəçilər üzərindən mesaj mübadiləsi davam edir, lakin ABŞ ilə birbaşa danışıqlar aparılmır.

Tehran strateji əhəmiyyət daşıyan su yoluna nəzarətlə bağlı mövqeyini qoruyur və Vaşinqtonla birbaşa təmasları rədd edir.

Məlumata görə Oman Hörmüz boğazının idarə olunması və dəniz təhlükəsizliyinin təmin edilməsi üçün regional konsorsium yaradılmasını təklif edir. Bu halda gəmilərin ödəniş etmədən keçidi nəzərdə tutulur.

Lakin İran bu təklifi qəbul etmir və gəmilərdən xidmət haqqı alınmasını nəzərdə tutan, öz nəzarətində olan mexanizmi dəstəkləyir.

Tehran danışıqlarda irəliləyiş olduğunu bildirsə də, İranın Hörmüz boğazının idarə olunması ilə bağlı mövqeyini dəyişdiyinə dair hər hansı işarə yoxdur.

⦿ 14:58 | YENİLƏNİB

İran diplomatların saxlanılması ilə bağlı Fransa səfirini çağırıb

Əl-Cəzirə

İran bu ayın əvvəlində iki fransız diplomatın ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması ilə bağlı Fransanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə bildirib ki, Fransa Tehranın yanıltıcı bəhanələrlə İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirdiyi addımlara son qoymalıdır.

İsmayıl Bəqayi diplomatların fəaliyyətinin vətəndaş cəmiyyəti ilə əlaqə qurmaq bəhanəsi altında həyata keçirildiyini bildirib.

İki diplomat iyulun 19-da saxlanılıb və bir neçə saat sorğu-sual edildikdən sonra səfirliyə qayıtmalarına icazə verilib. Onlardan biri fiziki təzyiqə məruz qaldığını bildirib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro hadisəni son dərəcə ciddi hədə-qorxu aktı kimi qiymətləndirib.

⦿ 14:50 | YENİLƏNİB

Netanyahu Tramp ilə görüş üçün Vaşinqtona yola düşüb

Əl-Cəzirə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-yə səfər edib.

İsrail hökumətinin açıqlamasına görə Netanyahu Trampın dəvəti ilə Vaşinqtona gedib. Görüşdə İsrail və ABŞ üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Netanyahu 26 iyulda verdiyi açıqlamada bildirib ki, Nyu-York meri Zöhran Mamdaninin onun həbs olunması ilə bağlı çağırışlarına baxmayaraq, BMT Baş Assambleyasının iclasında iştirak etməyi planlaşdırır.

Mamdani ötən həftə Netanyahunu müharibə cinayətkarı adlandırıb və ABŞ hökumətini onun ölkəyə daxil olacağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarını icra etməyə çağırıb.

Lakin Tramp Netanyahunun ABŞ səfəri zamanı həbs olunmayacağını bildirib.

BCM 2024-cü ilin noyabrında Qəzzada törədildiyi iddia olunan müharibə cinayətləri ilə bağlı Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarıb.

⦿ 14:45 | YENİLƏNİB

İordaniya ordusu 2 dronu zərərsizləşdirib

Reuters

İordaniya Silahlı Qüvvələri səhər saatlarında 2 dronu ələ keçirərək məhv etdiyini açıqlayıb. Ordu bildirib ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, heç bir maddi ziyan qeydə alınmayıb.

Açıqlamada dronların kim tərəfindən buraxıldığı barədə məlumat verilməyib.

⦿ 14:26 | YENİLƏNİB

İsmayıl Bəqayi: “İran ABŞ ilə danışıqların bərpasını istəməyib”

Reuters

İran müharibəyə son qoymaq üçün ABŞ ilə danışıqların bərpasını tələb etməyib. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Hörmüz boğazındakı vəziyyət də dəyişməyib.

⦿ 13:15 | YENİLƏNİB

Zelenski Rusiyanın İran, Şimali Koreya və Çinlə hərbi əməkdaşlığı dərinləşdirdiyini bildirib

Əl-Cəzirə

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İran, eləcə də Şimali Koreya və Çinlə hərbi əməkdaşlığı gücləndirdiyini bildirib.

"Sky News" telekanalına müsahibəsində Zelenski Şimali Koreyanın Rusiyanı dəstəkləmək üçün 30 minə qədər hərbçi göndərə biləcəyini, İranın isə əlavə raketlər tədarük etmə ehtimalının olduğunu deyib.

İranın Ukraynaya ehtimal olunan birbaşa hücumundan narahat olub-olmaması ilə bağlı sualı cavablandıran Zelenski Tehranın Moskvaya silah tədarük etməklə artıq müharibəyə cəlb olunduğunu vurğulayıb:

"Biz bu insanlara etibar edə bilmərik, çünki ən başından, bizim tərəfimizdən heç bir eskalasiya olmadığı halda iranlılar silah təmin etdilər."

Zelenski əlavə edib: "Yeni cəbhənin açılmasının qarşısını almaq üçün hər şeyi etməliyik.Lakin iranlılar və şimali koreyalılar artıq bizə hücum ediblər".

⦿ 12:50 | YENİLƏNİB

İran ordusu gələcək hücumlara daha sərt cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib

Əl-Cəzirə

İran ordusu düşmənləri tərəfindən həyata keçiriləcək gələcək hücumlara daha sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.

İran-İraq müharibəsinin son mərhələsindəki əsas döyüşlərdən biri olan "Mərsad" əməliyyatının ildönümü münasibətilə yayımlanan bəyanatda hərbçilər hər zamankından daha ayıq-sayıq olduqlarını və hər hansı təhdid və ya düşmən planına cavab verməyə hazır olduqlarını bildiriblər.

"Tasnim" xəbər agentliyinin yayımladığı bəyanata əsasən, ordu İranın müstəqilliyini və ərazi bütövlüyünü qorumağa davam edəcəyini və hər hansı təcavüzə daha böyük qüvvə ilə cavab verəcəyini vurğulayıb.

⦿ 12:25 | YENİLƏNİB

İran bəzi region ölkələrinin ABŞ-nin hərbi əməliyyatlarına yardım etdiyini iddia edib

MFA

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran ölkəyə qarşı hərbi əməliyyatlara görə əsas məsuliyyəti ABŞ-nin üzərinə qoyur. Lakin o, bəzi regional dövlətlərin də bu prosesdə iştirak etdiyini iddia edib.

Bəqai hər hansı ölkənin adını çəkməyərək, yalnız İranın həmin dövlətlərdən Tehrana qarşı fəaliyyətlərdə ABŞ ilə əməkdaşlığı davam etdirməməsini gözlədiyini vurğulayıb.

⦿ 12:01 | YENİLƏNİB

İran Omanla danışıqlardan sonra Hörmüz boğazının bağlı qaldığını bildirib

MFA

İran və Oman arasında Hörmüz boğazında dəniz gəmiçiliyi məsələlərinə dair danışıqlar aparılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dəniz hərəkətinin idarə olunması ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirib.

O, boğazın bağlı qaldığını əlavə edib və aparılan danışıqların ABŞ ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

⦿ 11:43 | YENİLƏNİB

İran XİN: "ABŞ bizim üç günə çöküb təslim olacağımızı düşünürdü"

MFA

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Vaşinqton ABŞ-İsrail müharibəsi başlayandan sonra İranın üç gün ərzində çökəcəyini və təslim olacağını düşünürdü. Lakin o, əlavə edib ki, ABŞ indi bu vəziyyətdə ilişib qalıb və öz cinayətləri ilə fəxr edir.

Tehranda çıxış edən sözçü həmçinin qeyd edib ki, qlobal enerji qiymətləri artdıqda Vaşinqton yenidən danışıqlar masasına qayıdır.

Iranian Foreign Minister Esmail Baghaei gives a press conference in Tehran, Iran, 27 July 2026.
AnewZ/ Touraj Shiralilou
⦿ 11:20 | YENİLƏNİB

Səudiyyə Ərəbistanı və Oman Körfəzin təhlükəsizliyini və Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

SPA

Səudiyyə Ərəbistanı və Oman İranın da cəlb olunduğu müharibə fonunda Körfəzdə artan təhlükəsizlik gərginliyini müzakirə ediblər. Danışıqlarda Hörmüz boğazında dəniz naviqasiyasının təhlükəsizliyini və sərbəstliyini təmin etmək yolları nəzərdən keçirilib.

Oman nümayəndələri istirahət günlərində İran rəsmiləri ilə də görüşüblər. Tehran tərəfi bu danışıqlarda dəniz gəmiçiliyi məsələsinin müzakirə edildiyini və irəliləyiş əldə olunduğunu bildirib.

⦿ 07:31 | YENİLƏNİB

ABŞ-İran gərginliyinin səngiməsi fonunda dollar və neft ucuzlaşıb

Reuters

Məlumata görə, Vaşinqtonun İrana qarşı hava zərbələrini müvəqqəti dayandırmasından sonra Asiya hərraclarında ABŞ dolları əsas valyutalar qarşısında mövqeyini itirib.

Geosiyasi gərginliyin zəifləməsi neft qiymətlərinin aşağı düşməsinə və maliyyə bazarlarında investorların inamının bərpa olunmasına gətirib çıxarıb.

⦿ 07:10 | YENİLƏNİB

İran Hörmüz boğazında 6 gəmini saxladığını açıqlayıb

IRIB

İranın dövlət teleradio şirkəti IRIB-in məlumatına görə, altı gəmi naviqasiya sistemlərini söndürərək Hörmüz boğazından qanunsuz və təhlükəli marşrutla keçməyə cəhd edib.

Məlumata əsasən, gəmilərdən biri qəzaya uğrayıb, digərləri isə İranın müdaxiləsindən sonra Fars körfəzinə qaytarılıb.

⦿ 06:40 | YENİLƏNİB

 Husi hücumları Bab əl-Məndəbdə gəmiçiliyi zəiflədib

Reuters

Husilərin Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlarından sonra Bab əl-Məndəb boğazında gəmi hərəkəti son ayların ən aşağı səviyyəsinə enib. ABŞ və İran arasında zərbələrin dayanmasına baxmayaraq, Hörmüz boğazında da gəmiçilik zəif olaraq qalır. Bazarlar baş verənlərin qlobal enerji təchizatına mümkün təsirini yaxından izləyir.

Teqlər