Gürcüstan keçmiş parlament binasını ölkənin ən böyük texnologiya mərkəzi kimi istifadəyə verib

Gürcüstan keçmiş parlament binasını ölkənin ən böyük texnologiya mərkəzi kimi istifadəyə verib
Gürcüstanın Kutaisi şəhəri, keçmiş Parlament binasında yerləşən yeni texnologiya mərkəzinin daxili görünüşü, 24 iyul, 2026
Reuters

Gürcüstanın Kutaisi şəhərində yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb. Rəsmilərin sözlərinə görə, keçmiş parlament binası ölkənin ən böyük innovasiya və startap mərkəzinə çevrilib.

Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi tərəfindən idarə olunan “Technohub” iyulun 24-də Baş nazir İrakli Kobaxidze və İqtisadiyyat naziri Mariam Kvrivişvilinin iştirakı ilə açılıb. Tədbirdə hökumət rəsmiləri, diplomatlar, yerli idarəetmə nümayəndələri və Gürcüstan Patriarxlığının təmsilçiləri iştirak edib.

Parlament 2019-cu ildə yenidən Tbilisiyə köçdükdən sonra bina əsasən istifadəsiz qalmışdı. Kobaxidze bildirib ki, əvvəllər keçmiş hökumət dövründə korrupsiyanın simvolu olan bu məkan indi bilik, innovasiya və texnoloji inkişaf üzrə regional mərkəz kimi fəaliyyət göstərəcək.

Mərkəzdə nələr olacaq?

Texnologiya mərkəzi Gürcüstanın texnologiya və təhsil strategiyasının bir neçə istiqamətini bir araya gətirir. Burada ölkənin ən böyük texnoparkı, interaktiv elm və texnologiya muzeyi, süni intellekt üzrə hesablama mərkəzi, startap ofisləri, həmçinin robototexnika, elektronika, dronlar və 3D çap üçün laboratoriyalar yerləşir.

Mərkəzdə məktəb yaşlı uşaqlar üçün yaradıcı texnologiyalara yönələn beynəlxalq təhsil proqramı olan “TUMO”nun bölməsi də fəaliyyət göstərəcək. Hazırda bu proqram 20-dən çox ölkədə tətbiq olunur.

Açılış mərasimində çıxış edən Kvrivişvili bildirib ki, məqsəd Gürcüstanı yalnız yeni texnologiyaların istifadəçisi deyil, həm də onları inkişaf etdirən ölkəyə çevirməkdir.

Onun sözlərinə görə, Kutaisi şəhəri son illərdəki inkişafı, beynəlxalq hava limanı və Kutaisi Beynəlxalq Universiteti kimi imkanları baxımından seçilib. Bu amillərin texnologiya mərkəzinin fəaliyyətinə dəstək verəcəyi vurğulanıb.

Mərkəz tam fəaliyyətə başladıqdan sonra yalnız Kutaisi deyil, Gürcüstanın digər bölgələri və region ölkələrindən olan iştirakçılar üçün startap inkubatorları, ilkin sürətləndirmə, həmçinin proqramlaşdırma marafonları, innovasiya düşərgələri və müxtəlif təlimlər təşkil edəcək.

Uzunmüddətli strategiyanın bir hissəsi

Kutaisi texnologiya mərkəzi GITA-nın 2014-cü ildən inkişaf etdirdiyi texnopark proqramının növbəti mərhələsidir. Hazırda Gürcüstanda sahibkarlara və ilkin mərhələdə olan biznes layihələrinə dəstək verən doqquz texnopark fəaliyyət göstərir.

Agentliyin məlumatına görə, 2018-ci ildən etibarən təxminən 240 startapa 14 milyon dollar civarında investisiya yatırılıb.

Reuters

Rəsmilər Kutaisi layihəsini ilk gündən regional təşəbbüs kimi təqdim ediblər. 2025-ci ilin fevralında iqtisadiyyat nazirinin müavini İrakli Nadareişvili mərkəzin miqyası və bir məkanda birləşdirdiyi imkanları əsas gətirərək bildirib ki, bu, yalnız Gürcüstan üçün deyil, daha geniş region üçün əhəmiyyətlidir.

Daha geniş hədəflər

Kutaisi mərkəzi birbaşa bu təşəbbüslə bağlı olmasa da, Gürcüstan uzun müddətdir Avropa ilə Asiya arasında rəqəmsal əlaqə mərkəzinə çevrilmək məqsədi güdür.

Ölkənin Milli Genişzolaqlı İnkişaf Strategiyası çərçivəsində hökumət rəqəmsal mərkəzin yaradılmasını və Avropa İttifaqı ilə Asiya arasında sualtı rəqəmsal bağlantıların inkişafını strateji prioritet kimi müəyyən edib.

Artıq Gürcüstan informasiya texnologiyaları şirkətlərini cəlb etmək üçün müxtəlif vergi güzəştləri tətbiq edir. Bu güzəştlərə “Virtual Zona” statusu olan informasiya texnologiyaları şirkətləri üçün vergi imtiyazları və Beynəlxalq Şirkət statusu alan xarici şirkətlər üçün aşağı vergi dərəcələri daxildir.

Kutaisi texnologiya mərkəzinin Gürcüstanı regional texnologiya mərkəzinə çevirib-çevirməyəcəyi burada fəaliyyət göstərəcək startap və şirkətlərin sayından asılı olacaq.

Teqlər