Ruben Vardanyanın ofşor şəbəkəsinə Rusiya məhkəməsindən qadağa

Ruben Vardanyanın ofşor şəbəkəsinə Rusiya məhkəməsindən qadağa
Ruben Vardanyan Bakıda məhkəmə iclasında iştirak edir. Azərbaycan, 17 fevral 2026-cı il.
Reuters

Rusiya Ali Məhkəməsi Ruben Vardanyanla əlaqələndirilən 35 milyon dollar dəyərindəki “Digimarket” ofşor şirkətinə vəsait köçürülməsini qadağan edib. Bu qərar bir kredit şirkətindən 64 milyon dollardan çox vəsaitin geri qaytarılması ilə bağlı davam edən məhkəmə çəkişmələri fonunda çıxarılıb.

Moskvadakı “DoubleTree by Hilton” otel layihəsini maliyyələşdirən “Digimarket” şirkəti 2026-cı ilin yazında Rusiyanın Kalininqrad vilayətindəki xüsusi ofşor zonasına keçirilib.

İyulun 24-də isə şirkətin mülkiyyət hüququ Vardanyanın həyat yoldaşı Veronika Zonabendə dövr edilib.

Məhkəmənin bu qərarı Vardanyanın təsisçisi olduğu “Troika Dialog” investisiya bankı vasitəsilə qurduğu köhnə ofşor şəbəkələrini yenidən gündəmə gətirib.

Beynəlxalq araşdırmalara görə, bu şəbəkə Rusiyadan milyardlarla dolları çıxarmaq, cinayət yolu ilə əldə edilmiş vəsaitləri yumaq və onların mənbəyini gizlətmək üçün saxta sahiblərdən istifadə edib.

Aşkar edilən faktlara əsasən, Vardanyan və ailə üzvləri bu şəbəkə vasitəsilə külli miqdarda vəsait mənimsəyiblər.

3,2 milyon dollardan çox pul Vardanyanın “American Express” kart hesablarının ödənilməsinə, digər məbləğlər isə həyat yoldaşı və ailəsinin hesablarına köçürülərək Birləşmiş Krallıqdakı üç övladının təhsil haqqının ödənilməsinə xərclənib.

Vardanyan isə bu ittihamları rədd edərək, ofşor şirkətlərin həm öz biznesinə, həm də bankın müştərilərinə xidmət etdiyini iddia edib.

Vardanyanın biznes fəaliyyəti ilə bağlı şübhələr sonradan İsveçrədə yerləşən “Solway Investment Group” mədənçilik və metallurgiya şirkətinə də şamil olunub. 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən Vardanyan Qarabağa gələrək qanunsuz xuntanın "dövlət naziri" vəzifəsini tutub.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, o, regionda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin maliyyələşdirilməsində və fəaliyyətində yaxından iştirak edib.

Bakıda keçirilən məhkəmə prosesində Hərbi Məhkəmə onu sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğu maliyyələşdirmə maddələri ilə təqsirli bilərək 20 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Teqlər