Türkiyə Ermənistanla sərhədin açılışına hazırlıq çərçivəsində Akyaka–Gümrü dəmir yolu xəttində bərpa işlərinə başlayıb.
Gümrü–Qars dəmir yolu layihəsi Ermənistan və Türkiyə arasında normallaşma prosesinin əsas istiqamətlərindən biri hesab olunur. Tərəflər uzun illər bağlı qalan nəqliyyat əlaqələrini bərpa etməyə çalışırlar.
Ermənistan və Türkiyə 2025-ci ilin sentyabrında keçirilən danışıqlarda Gümrü–Qars dəmir yolu xəttinin yenidən açılması barədə razılığa gəliblər.
İnfrastruktur işləri davam edir
Media mübadiləsi proqramı çərçivəsində Türkiyəyə səfər edən erməni jurnalistlər dəmir yolunun Türkiyə hissəsində aparılan təmir-bərpa işlərini müşahidə ediblər.
Jurnalistlər Qarsdan Akyakaya qədər 57 kilometrlik məsafəni 50 dəqiqəyə qət ediblər. Akyaka stansiyası ilə Gümrü arasında dəmir yolu məsafəsi cəmi 18–20 kilometr təşkil edir.
Lakin məsafənin qısa olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı olduğu üçün bu iki məntəqə arasında birbaşa qatar hərəkəti hələ də imkansız olaraq qalır.
Akyaka sərhədin ehtimal olunan açılışına hazırlaşır
Akyaka bələdiyyə sədri Ergüder Toptaş Ermənistan-Türkiyə münasibətlərinin gələcəyinə nikbin baxdığını bildirib və Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesindəki irəliləyişdən sonra sərhədin açıla biləcəyinə əminliyini ifadə edib.
Toptaşın sözlərinə görə, Türkiyə Prezidentinin göstərişi və Nəqliyyat Nazirliyinin koordinasiyası ilə sərhəd obyektlərinin və dəmir yolu infrastrukturunun hazırlanması istiqamətində işlərə başlanılıb.
O bildirib ki, dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi üçün əsas maneə bağlı sərhədlərdir. Eyni zamanda infrastrukturun yenilənməsi də zəruridir.
"Tikinti işləri başlayıb və davam edir", - deyən Toptaş əlavə edib ki, Akyaka-Gümrü dəmir yolu xəttində təmir-bərpa işlərinin iki-üç ay ərzində başa çatması gözlənilir.
Avtomobil yolu layihəsi də gündəmdədir
Sərhəddə hazırlıq işləri təkcə dəmir yolu infrastrukturu ilə bitmir. Akyaka və Gümrünü birləşdirən yeni avtomobil yolunun inşası üzrə də tenderə start verilib.
Toptaşın sözlərinə görə, bu layihə hər iki ölkə rəhbərliyinin dostluq və mehriban qonşuluq əlaqələrini möhkəmləndirmək istiqamətində atdığı daha miqyaslı addımların tərkib hissəsidir.
Bələdiyyə başçısı vurğulayıb: "Akyakadan Gümrüyə uzanacaq magistral yol üçün tender prosesi artıq başladılıb. İşlərin tezliklə start götürməsini gözləyirik".
İqtisadi gözləntilər artır
Akyaka bələdiyyə sədri bildirib ki, Ermənistan-Türkiyə sərhədinin yenidən açılması xüsusilə kənd təsərrüfatı və sənaye sahələrində hər iki ölkəyə əhəmiyyətli iqtisadi faydalar gətirə bilər.
O qeyd edib ki, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması əməkdaşlıq üçün yeni imkanlar yaradacaq və regional inkişafa töhfə verəcək.
"İnanırıq ki, Prezidentimiz və Ermənistan rəhbəri dövlət siyasəti ilə bağlı doğru qərarlar qəbul etdikdə bu region böyük mənfəət əldə edəcək", – deyə Toptaş bildirib.
Onun sözlərinə görə, Türkiyə Qafqaza əlavə marşrut əldə edəcək, Ermənistan isə Türkiyə vasitəsilə Yaxın Şərqə qoşulmaq imkanı qazanacaq.
Sərhədin açılmasına yerli dəstək
Ermənistan sərhədi yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri də keçidin yenidən açılmasına dəstəklərini ifadə ediblər.
Akyakada insanlar sərhədin ən qısa zamanda yenidən açılacağına ümid edirlər. Onlar bildiriblər ki, nəqliyyat əlaqələrinin bərpası hər iki tərəf üçün yeni iqtisadi imkanlar yaradacaq.
Gümrü–Qars dəmir yolunun bərpasının regional nəqliyyat əlaqələrinin genişlənməsinə və Ermənistanla Türkiyə arasında iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın