Paşinyan Putini Ermənistana qarşı ticarət məhdudiyyətlərini ləğv etməyə çağırıb

Paşinyan Putini Ermənistana qarşı ticarət məhdudiyyətlərini ləğv etməyə çağırıb
Vladimir Putin və Nikol Paşinyan telefon danışığı zamanı Moskvanın İrəvana tətbiq etdiyi ticarət məhdudiyyətlərini müzakirə ediblər,27 iyul, 2026
Reuters

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri ilə bağlı yaranmış problemin həlli üçün Kreml rəhbəri Vladimir Putinə müraciət edib.

Paşinyan bildirib ki, Moskvanın Ermənistan məhsullarına tətbiq etdiyi idxal qadağaları hər iki ölkənin üzv olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına ziddir.O, məsələnin həlli üçün tədbirlər görülməsini xahiş edib. Ermənistan hökuməti bildirib ki, yaranmış problemlərin dialoq yolu ilə həllinə hazırdır.

Kreml isə qeyd edib ki, Putin Paşinyana Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük məsələsinin mümkün qədər tez, referendum yolu ilə həll edilməli olduğunu deyib.

Nikol Paşinyan Ermənistanın Avropa İttifaqına qoşulmaq istədiyini bildirib. Paşinyan Ermənistanın İrəvan şəhərində Aİ Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə əl sıxır, 2 iyul 2026-cı il.  

Reuters

Rusiya apreldən etibarən mineral su, tərəvəz, çiçək və balıq da daxil olmaqla, bir sıra Ermənistan məhsullarına ticarət məhdudiyyətləri tətbiq edib. Moskva bu qərarı gigiyena və sanitariya qaydalarının pozulması ilə əsaslandırıb. Sözügedən addımın siyasi səbəblərlə bağlı olduğuna dair iddialar təkzib edilib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə Rusiyanı Ermənistanın Aİ-yə yaxınlaşmasına cavab olaraq iqtisadi təzyiq göstərməkdə ittiham edib. Aİ məhdudiyyətlərin təsirini azaltmaq üçün rəsmi İrəvana 50 milyon avrodan çox maliyyə yardımı ayıracağını və bəzi Ermənistan məhsulları üçün ticarət imkanlarını genişləndirdiyini bildirib.

Ermənistan Mərkəzi Bankının hesablamalarına görə, Rusiyanın idxal məhdudiyyətləri ölkənin ÜDM-nin təxminən 2 faizinə təsir edə bilər. Artıq məhsulların daxili bazara yönəlməsi isə qiymətlərin təxminən 0,6 faiz azalmasına səbəb ola bilər.

Rəsmi Moskva xəbərdarlıq edib ki, Ermənistan Aİ-yə üzvlük istiqamətində addımlarını davam etdirərsə, Aİİ-dən çıxarıla bilər. Bununla yanaşı, Ermənistan enerji sahəsində Rusiyadan asılılığını qoruyur. Ötən il ölkənin xarici ticarətində Rusiyanın payı təxminən 35 faiz olub.

Teqlər