Deportasiya qorxusu əfqan qaçqınları Pakistanda tibbi yardımdan uzaqlaşdırır

Deportasiya qorxusu əfqan qaçqınları Pakistanda tibbi yardımdan uzaqlaşdırır
Pakistan-Əfqanıstan sərhədindəki Hamza Baba düşərgəsində Əfqanıstana qayıtmazdan əvvəl qeydiyyatdan keçmək üçün gələn əfqan ailə, 30 aprel, 2026.
Reuters

Pakistandakı əfqan qaçqınlar tibbi yardıma müraciəti gecikdirir və ya ümumiyyətlə müalicədən yayınırlar. Bu barədə “Sərhədsiz Həkimlər” təşkilatının məlumatında deyilir. Buna səbəb polis yoxlamaları, saxlanılma və deportasiya qorxusudur.

Təşkilat bildirib ki, bu siyasət qarşısı alına bilən xəstəliklərin artmasına səbəb olur.

Təşkilat Pakistanı “Qanunsuz Xaricilərin Ölkədən Çıxarılması Planı” çərçivəsində əfqan qaçqınların məcburi geri göndərilməsini dayandırmağa və beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslər üçün istisnalar tətbiq etməyə çağırıb.

Məlumata görə, 2026-cı ilin əvvəlində Bəlucistanın Ketta şəhərindəki səyyar klinikalarda müayinə olunan uşaqların üçdə birində ağır qidalanma çatışmazlığı aşkarlanıb.

Qidalanma çatışmazlığı aşkarlanan xəstələrin təxminən 90 faizi əfqan qaçqınlar olub. Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edib.

Pakistanın deportasiya siyasəti

Pakistan “Qanunsuz Xaricilərin Ölkədən Çıxarılması Planı”nı 2023-cü ilin noyabrında həyata keçirməyə başlayıb.

Əvvəlcə siyasət sənədsiz əfqan vətəndaşlarını, daha sonra isə Əfqan Vətəndaş Kartı və Qeydiyyat Sənədi sahiblərini də əhatə edib.

Pakistan hakimiyyəti 2026-cı il iyulun 10-da etibarlı vizası olmayan əfqan vətəndaşlarının dərhal saxlanılması və sürətlə deportasiya olunması barədə qərar verib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bu siyasət çərçivəsində Pakistandan 2,5 milyondan çox əfqan geri qayıdıb.

Onların çoxunun bu addımı məcburiyyət qarşısında atdığı bildirilir.

BMT, həmçinin geri göndəriləcəyi təqdirdə ciddi təhlükə ilə üzləşə biləcək 70 mindən çox əfqan qaçqını müəyyən edib.

Humanitar təsirlər

Təşkilatın Pakistandakı missiya rəhbəri Marko den Hartoq vəziyyətin daha geniş humanitar nəticələrinə diqqət çəkərək bildirib:

“Pakistan məhdud beynəlxalq dəstəyə baxmayaraq, 45 ildən çoxdur əfqan qaçqınlara ev sahibliyi edir. Lakin hazırda əfqan qaçqınlar daim həbs, saxlanılma, evlərindən çıxarılma, gəlir imkanlarını itirmə və deportasiya qorxusu ilə yaşayırlar. Bu səbəbdən onların Əfqanıstana qayıdışlarının çoxunun həqiqətən könüllü olması şübhə doğurur”.

Qurum, həmçinin əfqan qaçqınları qəbul edən bütün ölkələri məcburi geri qaytarmaları dayandırmağa çağırıb.

Təşkilat xəbərdarlıq edib ki, Əfqanıstanın onsuz da yüklənmiş səhiyyə sistemi 2023-cü ildən etibarən Pakistan və İrandan geri qayıdan təxminən 6 milyon insanın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.

Teqlər