İnfantino FIFA-ya üzv federasiyalara 20 milyard dollarlıq plan üçün vaxt verib

İnfantino FIFA-ya üzv federasiyalara 20 milyard dollarlıq plan üçün vaxt verib
FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Kuboku öncəsi qırmızı xalçada, Vaşinqton, ABŞ, 5 dekabr 2025.
Reuters

FIFA prezidenti Canni İnfantino üzv federasiyalara 20 milyard dollarlıq investisiya planını təsdiqləmək üçün sentyabrın 19-dək vaxt verib.

İnfantino FIFA-ya üzv federasiyaları yeni yaradılan “FIFA Forward Enterprise” şirkətini dəstəkləməyə çağırıb.

Şirkət FIFA Dünya Kuboku, Klublararası Dünya Kuboku və digər turnirlərin kommersiya hüquqlarını idarə edəcək.

Şirkətin dəyəri təxminən 20 milyard dollar qiymətləndirilir. Xarici investorlar “FIFA Forward Enterprise” şirkətində 20 faizə qədər pay ala biləcək. FIFA isə əsas payı və tam nəzarəti saxlayacaq.

Hər federasiyaya 40 milyon dollara qədər maliyyə

FIFA bildirir ki, plan təsdiqlənərsə, 2027-ci ildən futbolun inkişafına 10 milyard dollar ayrılacaq.

Üzv federasiyalar 2027-2030-cu illər ərzində 40 milyon dollara qədər maliyyə dəstəyi ala biləcək. Bu məbləğə birdəfəlik 20 milyon dollar və FIFA-nın inkişaf proqramı çərçivəsində əlavə 20 milyon dollar daxildir.

FIFA hesab edir ki, yeni plan futbolun inkişafına ayrılan vəsaiti artıracaq. Plan qəbul edilməsə, təşkilat həmin dövrdə təxminən 2,7 milyard dollar maliyyə ayıra biləcək.

Plana qarşı etirazlar artır

Planın qəbul olunması üçün FIFA-nın 211 üzv federasiyasının yarıdan çoxunun dəstəyi lazımdır.

Lakin bəzi futbol qurumları plana etiraz edir. UEFA qərarın tələsik verildiyini bildirib. Digər futbol təşkilatları da şəffaflıq və planın öyrənilməsi üçün ayrılan vaxtla bağlı narahatlıqlarını açıqlayıb.

Avropa futbol rəsmiləri yaxın həftələrdə məsələni müzakirə edəcək.

Teqlər