Yunanıstanda meşə yanğınları: Üç yanğınsöndürən həlak olub

Yunanıstanda meşə yanğınları: Üç yanğınsöndürən həlak olub
Lesbos adasında meşə yanğını fonunda insanlar çimirlər. Yunanıstan, Plomari kəndi yaxınlığı, 29 iyul 2026.
Reuters

Yunanıstanda genişmiqyaslı meşə yanğınları davam edir. Yanğınlarla mübarizə zamanı üç yanğınsöndürən həlak olub.

Güclü küləklər səbəbindən Krit adasında yanğınlar ikinci gündür ki, şiddətlənir. Bu yanğınlar Avropada yüksək temperatur və quraqlıq fonunda yayılan genişmiqyaslı meşə yanğınları ilə eyni vaxtda baş verir.

Mərkəzi Kritdə yerləşən Kriya Vrisı kəndi yaxınlığında iki yanğınsöndürən yanğın sahələri arasında hərəkət edərkən avtomobildə qalıb və həyatını itirib. Yanğınsöndürmə xidmətinin məlumatına görə üçüncü yanğınsöndürən Peloponnes bölgəsində baş verən başqa bir yanğın zamanı həlak olub.

Güclü küləklər alovu turizm bölgələrinə doğru yaydığı üçün Kriya Vrisı və ətraf kəndlərdən sakinlər və turistlər təxliyə edilib.

“Külək çox güclüdür, ayaqda durmaq belə mümkün deyil. Alovlar demək olar ki, hər yeri bürüyüb, bu, həqiqətən qorxunc idi”, – deyə yerli sakin Xrissa Giukaki “Reuters”ə bildirib.

Yanğın sahil şəhəri Aqia Qaliniyə də yaxınlaşıb. Buradakı turistlər avtobus və avtomobillərlə təhlükəsiz ərazilərə təxliyə olunub.

Yanğınsöndürənlər mübarizəni davam etdirirlər

Kritdə iki böyük yanğının qarşısını almaq üçün 200-dən çox yanğınsöndürən, onlarla texnika və  təyyarə cəlb olunub.

Yanğınlar zeytun bağlarına, digər kənd təsərrüfatı sahələrinə, eləcə də bir neçə ev və anbara ziyan vurub.

“Təəssüf ki, vəziyyətdə yaxşılaşma yoxdur. Son məlumatlara görə, gün ərzində küləyin daha da güclənəcəyi gözlənilir”, – deyə Kritin mülki müdafiə üzrə regional rəhbərinin müavini Giorgos Tsapakos "SKAI" telekanalına bildirib.

Avropada yanğın riski artır

Avropa İttifaqının fövqəladə hallara cavab mərkəzinin rəhbəri xəbərdarlıq edib ki, qarşıdakı həftələrdə Yunanıstan və İtaliyada meşə yanğınları riski yüksək olaraq qalacaq.

Son günlər İspaniya və Fransada da genişmiqyaslı meşə yanğınları baş verib. Yanğınlar səbəbindən minlərlə insan təxliyə olunub, böyük meşə əraziləri məhv olub.

İspaniyanın Daxili İşlər naziri Fernando Qrande-Marlaska yüksək temperatur və güclü küləklər səbəbindən qarşıda üç çətin günün olduğunu bildirib. Bununla belə, hava şəraitinin yaxşılaşması fonunda bəzi təxliyə qərarları ləğv edilir.

Alimlərin sözlərinə görə Avropada istilər tez-tez və daha şiddətli olur. İqlim dəyişikliyi nəticəsində yaranan isti və quraq hava şəraiti meşə yanğınlarının daha sürətlə yayılmasına şərait yaradır.

Teqlər