Gürcüstan "Alibaba" ilə tərəfdaşlıq çərçivəsində regional logistika mərkəzinə çevrilməyi planlaşdırır

Gürcüstan "Alibaba" ilə tərəfdaşlıq çərçivəsində regional logistika mərkəzinə çevrilməyi planlaşdırır
“Cainiao”nun, “Alibaba”nın logistika bölməsinin Çinin Szyansu vilayətinin Usi şəhərində yerləşən anbarı, 26 oktyabr 2020-ci il.
Reuters

“Georgian Post” yalnız Gürcüstan daxilində məktub və bağlamaların çatdırılması ilə məhdudlaşmır. “Alibaba”nın logistika bölməsi olan “Cainiao” ilə imzalanan yeni razılaşmadan sonra şirkət regional logistika mərkəzinə çevrilməyi hədəfləyir.

“Georgian Post”un baş direktoru Giorgi Eradze bildirib ki, şirkət “Cainiao” ilə saziş imzalayıb. Çatdırılma şəbəkəsininin Qazaxıstan, Türkmənistan və Qırğızıstana doğru genişlənməsi gözlənilir.

Logistika imkanları genişlənir

“Georgian Post” ölkə daxilində bağlama çatdırılması, beynəlxalq göndərişlər və kuryer xidmətləri göstərir. Şirkətin “Home to Home” xidməti vasitəsilə bağlamalar ünvandan götürülərək digər ünvana çatdırılır.

Müştərilər Gürcüstan daxilində və xaricə sənədlər, bağlamalar, hava poçtu və quru yolu ilə göndərişlər edə bilirlər. Asan sınan əşyalar, tez xarab olan məhsullar və dərmanlar da daxil olmaqla bəzi mallara məhdudiyyətlər tətbiq olunur.

Son illərdə şirkət ənənəvi poçt xidmətlərindən əlavə, yük terminallarını idarə edir, beynəlxalq aviaşirkətlərlə əməkdaşlıq edir və xarici ticarətçilər, eləcə də elektron ticarət platformaları üçün bağlamaların emalını həyata keçirir.

“Cainiao” ilə tərəfdaşlıq

Eradzenin sözlərinə görə, “Cainiao” ilə danışıqlar bir neçə ay əvvəl “Alibaba”nın kampusuna səfər zamanı başlayıb.

O, bildirib ki, əməkdaşlıq “Georgian Post”a böyük logistika şirkətinin təcrübəsindən yararlanmaq, sistemlərini və texnologiyalarını təkmilləşdirmək imkanı verəcək.

Razılaşmaya əsasən, Gürcüstan regional çeşidləmə və paylama mərkəzinə çevrilə bilər. Regiondan gələn yüklər “Georgian Post”un terminalında çeşidlənərək qonşu ölkələrə göndəriləcək.

Şirkət artıq Ermənistan, Azərbaycan və Özbəkistandan gələn yükləri emal edir. Yaxın zamanda Qazaxıstan, Türkmənistan və Qırğızıstanın da şəbəkəyə qoşulması gözlənilir.

“Silk Way West Airlines” ilə əməkdaşlıq

“Georgian Post” “Cainiao” ilə yanaşı, regionun böyük yükdaşıma şirkətlərindən biri olan “Silk Way West Airlines” ilə də əməkdaşlıq memorandumu imzalayıb.

Eradzenin sözlərinə görə, məqsəd hava yük terminalı da daxil olmaqla strateji infrastrukturun idarəçiliyini yenidən şirkətə qaytarmaqdır. Razılaşma artıq “Georgian Post”a “Silk Way West Airlines”ın yüklərini qəbul etmək, çeşidləmək və emal etmək imkanı verib.

Şirkətin məlumatına görə, terminal vasitəsilə idxal ötən illə müqayisədə 1 750 faiz, ixrac 750 faiz, ümumi yük dövriyyəsi isə 2 300 faiz artıb.

Aviaşirkətlərlə əlaqələr genişlənir

“Georgian Post” “Air Serbia”, “Turkish Airlines” və “Azərbaycan Hava Yolları” (AZAL) ilə əməkdaşlıq sazişləri imzalayıb. Şirkət digər aviaşirkətlərlə də danışıqları davam etdirir.

Eradze bildirib ki, bu tərəfdaşlıqlar daşınma müddətlərini azaltmağa və beynəlxalq logistika şəbəkəsini genişləndirməyə kömək edəcək.

Gürcüstan regional logistika mərkəzi olmağı hədəfləyir

Hazırda “Georgian Post” Ermənistan, Azərbaycan və Özbəkistana xidmət göstərir. Qazaxıstan, Türkmənistan və Qırğızıstanın da bu şəbəkəyə qoşulması planlaşdırılır.

Şirkət “Cainiao” ilə tərəfdaşlıq və genişlənən aviaşirkət əlaqələri vasitəsilə Gürcüstanı Asiya ilə Avropa arasında əsas logistika keçidlərindən birinə çevirməyi hədəfləyir.

Teqlər