Ukrayna “Wildberries” və “Ozon” anbarlarını hədəfə alıb

Ukrayna “Wildberries” və “Ozon” anbarlarını hədəfə alıb
Rusiyanın Volqoqrad vilayətinin Volqoqrad şəhərində “Wildberries” anbarı istiqamətindən tüstü yüksəlir. Görüntü 31 iyul 2026-cı ildə çəkilmiş videodan götürülüb.
Reuters

Ukrayna gecə saatlarında Rusiyanın ən böyük pərakəndə satış şirkəti “Wildberries”ə məxsus anbarı və Volqoqrad Neft Emalı Zavodunu hədəfə alıb. Moskva isə Qara dənizdə hərbi yük daşıyan gəmiyə zərbə endirdiyini bildirib.

“Wildberries” şirkətinin məlumatına görə, Rusiyanın cənubundakı Volqoqrad şəhərində yerləşən anbar PUA hücumundan sonra yanıb.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, hücum nəticəsində anbarlarda və neft emalı zavodunda yanğın baş verib, beş nəfər xəsarət alıb.

Rusiyanın Ukraynanın Pavlohrad şəhərində yerləşən qida müəssisəsinə endirdiyi zərbədən sonra partlayış baş verib. 30 iyul 2026-cı il.

Reuters

Ukrayna ordusu Volqoqrad Neft Emalı Zavodunu vurduğunu və zavodda yanğın baş verdiyini təsdiqləyib. Ordunun “Telegram” kanalından verilən məlumata görə, müəssisə ildə təxminən 15 milyon ton neft emal edə bilir.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ayrıca açıqlamasında Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazındakı Taman limanının infrastrukturunu vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın Odesa limanı yaxınlığında hərbi yük daşıyan gəmiyə hücum etdiyini açıqlayıb.

Rusiyanın ikinci ən böyük elektron ticarət şirkəti “Ozon” da Ukrayna PUA-ları ilə bağlı xəbərdarlıqdan sonra Tatarıstanın Zelenodolsk şəhərindəki anbarını boşaltmağa məcbur olduğunu bildirib.

Ukrayna iyulun 18-dən bəri “Ozon”un əsas rəqibi olan “Wildberries” şirkətinə məxsus azı 12 anbara hücum edib. Hücumların məqsədinin şirkətin fəaliyyətini pozmaq olduğu bildirilib.

“Ozon” iyulun 30-da PUA hücumlarının şirkətin infrastrukturuna təhlükə yarada biləcəyi barədə xəbərdarlıq yayıb.

Zelenodolsk da daxil olmaqla, bir çox ərazidə “Ozon” və “Wildberries” anbarları bir-birinə yaxın yerləşir. Buna görə də Ukraynanın hansı anbarı hədəfə aldığı aydın olmayıb.

Ukraynanın PUA qüvvələrinin komandanı Robert Brovdi isə  “Telegram”da müəmmalı paylaşım edib. Onun “ozonun konsentrasiyası kritik normanı aşıb” sözləri elektron ticarət şirkətinə işarə kimi qiymətləndirilib.

Teqlər