Gürcüstana yol və bank sektoru üçün maliyyə ayrılıb

Gürcüstana yol və bank sektoru üçün maliyyə ayrılıb
Arxiv görüntüsü: Asiya İnkişaf Bankı
ADB blog

Gürcüstan bu həftə iki mühüm maliyyə razılaşması əldə edib. Vəsaitin bir hissəsi Tbilisi ətrafında yol sıxlığının azaldılmasına, digər hissəsi isə ölkənin bank sisteminin təhlükəsizliyinin gücləndirilməsinə yönəldiləcək.

Asiya İnkişaf Bankı (AİB) Tbilisi ətrafında dairəvi yolun tikintisi üçün 250 milyon ABŞ dolları kredit ayırıb. Layihə Tbilisi Beynəlxalq Hava Limanından Loçini vasitəsilə Rustaviyə qədər uzanan, təxminən 19 kilometr uzunluğunda dördzolaqlı magistral yolun tikintisini nəzərdə tutur.

Dairəvi yol Gürcüstanın Şərq–Qərb magistralının bir hissəsidir. Yol Mərkəzi Asiyanı Avropa ilə birləşdirən "CAREC 2" nəqliyyat dəhlizi üzərində yerləşir.

Layihə başa çatdıqdan sonra tranzit nəqliyyatın Tbilisidən kənara yönəldilməsi gözlənilir. Bu, tıxacları və səfər müddətini azaldacaq, ixracatçılar və tranzit daşıyıcılar üçün yükdaşımaları daha etibarlı edəcək.

AİB-nin Gürcüstan üzrə direktoru Lesli Berman Lam bildirib ki, layihə bankın Gürcüstanın regional nəqliyyat mərkəzinə çevrilməsinə dəstək strategiyasının bir hissəsidir.

Yeni kredit AİB-nin Gürcüstanın yol şəbəkəsinə indiyədək ayırdığı 2,3 milyard ABŞ dollarından çox vəsaitə əlavə olunur. Maliyyələşdirilən layihələrə Batumi və Kobuleti dolama yolları, həmçinin Kveşeti–Kobi magistralı daxildir.

Dünya Bankı bank sektorunun təhlükəsizlik mexanizmini gücləndirir

Dünya Bankı Gürcüstanın Bankların Sağlamlaşdırılması Fondu üçün 35 milyon ABŞ dolları məbləğində kredit xətti təsdiqləyib. Fond kommersiya banklarından biri ciddi maliyyə çətinliyi ilə üzləşərsə, müdaxilə etmək üçün yaradılıb.

Vəsait bankların gündəlik fəaliyyətinin maliyyələşdirilməsinə sərf edilməyəcək. Kredit xəttindən yalnız Gürcüstan Milli Bankı problemli bankın ləğvi əvəzinə yenidən qurulmasına rəsmi qərar verdikdə istifadə olunacaq.

Mexanizmin məqsədi bankların bağlanmasının qarşısını almaq, əmanətçiləri qorumaq və maliyyə sabitliyini təmin etməkdir.

Kredit sazişini Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays imzalayıblar.

Gürcüstan Milli Bankının prezidenti Natia Turnava bildirib ki, kredit xəttinin təsdiqlənməsi ölkənin problemli bankların sağlamlaşdırılması sisteminin beynəlxalq standartlara uyğun olduğunu göstərir.

Teqlər