canlı Rəsmi məlumat: "İran yük gəmisinə hücumdan sonra Tehran Ukraynaya zərbə endirməyə hazır idi"

İran rəsmisi Möhsün Rezayi bildirib ki, Xəzər dənizində İran yük gəmisinə edilən hücumdan sonra Tehran Ukraynaya zərbə endirməyi planlaşdırırdı. Lakin Kiyevin hücumun təsadüfi olduğunu bəyan etməsindən sonra İran bu qərardan vaz keçib.

⦿ 21:52 | YENİLƏNİB

Yəmən yaxınlığında mərmi zərbəsinə məruz qalan Hindistan gəmisi batıb

Reuters

Hindistanın gəmiçilik naziri bildirib ki, Yəmən suları yaxınlığında mərmi zərbəsinə məruz qalan Hindistan gəmisi batıb.

Nazirin sözlərinə görə, ekipajın 14 üzvünün hamısı Yəmən Sahil Mühafizəsi tərəfindən təhlükəsiz şəkildə xilas edilib. Hadisə davam edən münaqişənin Qırmızı dənizdə və yaxınlıqdakı sularda mühüm dəniz yollarını təhdid etdiyi, kommersiya gəmiləri üçün təhlükəsizlik risklərinin artdığı bir vaxtda baş verib.

⦿ 21:48 | YENİLƏNİB

ABŞ-nin dəstəklədiyi İsrail–Livan danışıqları Romada bərpa olunub

Reuters

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqtonun vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların yeni mərhələsi avqustun 4-də Romada başlayıb və avqustun 6-dək davam edəcək.

Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Vaşinqton hər iki hökumətin davamlı təhlükəsizlik razılaşmasına nail olmasına, İsrailə qarşı təhdidlərin aradan qaldırılmasına və Livan dövlətinin ölkənin cənubunda hakimiyyətinin bərpasına dəstək verməyə davam edəcək.

⦿ 17:41 | YENİLƏNİB

Qətər və Rusiya İranla bağlı gərginliyin azaldılması üçün diplomatik səyləri müzakirə edib

Qətər Xarici İşlər Nazirliyi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla regional gərginliyi və vəziyyətin daha da kəskinləşməsinin qarşısını almağa yönəlmiş diplomatik səyləri müzakirə edib. Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ikitərəfli əməkdaşlığı, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində davam edən koordinasiyanı nəzərdən keçiriblər.

Şeyx Məhəmməd bütün tərəflərin dialoq və diplomatiyaya üstünlük verməsinin, ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumunu həyata keçirməsinin vacibliyini vurğulayıb. O, Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasının da memorandumun tələblərinə daxil olduğunu bildirib.

O, həmçinin Qətərin gərginliyin azaldılmasına, regionda hərtərəfli və davamlı sülhün təmin olunmasına yönəlmiş səyləri dəstəklədiyini bir daha təsdiqləyib.

⦿ 17:15 | YENİLƏNİB

ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın yaxın günlərdə əldə oluna biləcəyini bildirir

Reuters

ABŞ-nin maliyyə naziri Skott Bessent İranla Hörmüz boğazı ilə bağlı razılaşmanın ən tez avqustun 4-də əldə oluna biləcəyini bildirib. 

CNBC telekanalına danışan Bessent Hörmüz boğazından çıxmağa davam edən kifayət qədər çox gəmi gördüyünü deyib. Bu isə danışıqların davam etdiyi bir vaxtda strateji su yolu ilə kommersiya gəmilərinin hərəkətinin hələ də davam etdiyini göstərir.

⦿ 15:01 | YENİLƏNİB

Qətər ABŞ–İran münaqişəsində vasitəçilik səylərinin davam etdiyini bildirib

Reuters

Qətər ABŞ və İran arasındakı münaqişənin həlli istiqamətində diplomatik səylərin davam etdiyini, vasitəçilərin danışıqların bərpası üçün fəaliyyət göstərdiyini bildirib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari bildirib ki, Doha, Oman və Pakistan danışıqların keçirilməsinə şərait yaratmaq və Vaşinqtonla Tehran arasında təklif layihələrinin mübadiləsini təmin etmək üçün sıx əməkdaşlıq edir. Məqsəd münaqişənin diplomatik yolla həllinə nail olmaqdır.

⦿ 13:16 | YENİLƏNİB

Hörmüz boğazında gəmiyə hücumdan sonra bir heyət üzvü itkin düşüb

Reuters

Dəniz təhlükəsizliyi mənbələrinin verdiyi məlumata görə, çərşənbə axşamı tezdən Hörmüz boğazından keçərkən naməlum mərmi ilə vurulan yük gəmisinin bir heyət üzvü itkin düşüb.

Böyük Britaniyanın "Vanguard" dəniz risklərinin idarə edilməsi qrupu bildirib:

"Mərminin gəminin mühərrik bölməsinə dəydiyi, yaşayış sahəsində isə yanğının başladığı bildirilir. Heyət yanğını söndürməyə çalışır və köməyə ehtiyacı var. Üçüncü mühəndisin isə itkin düşdüyü xəbər verilir."

Liberiya bayrağı altında üzən "Minoan Pioneer" gəmisi Oman sahillərinə yaxın ərazidə zərbəyə məruz qalıb. Gəminin Yunanıstanda yerləşən operatoru "Modion Maritime Management" şirkəti məsələ ilə bağlı şərh sorğusuna dərhal cavab verməyib.

⦿ 12:07 | YENİLƏNİB

Tehrandan görüntü: Şəhərdə ABŞ və Trampa qarşı yeni divar rəsmi yerləşdirilib

AnewZ

"AnewZ" telekanalının Tehrandakı müxbiri Touraj Shiralilou bazar ertəsi axşamı İranın paytaxtı Tehranda çəkilmiş yeni divar rəsminin fotosunu təqdim edib. Müxbirin sözlərinə görə, şəhərdəki digər plakatlarda da ABŞ-dən və Prezident Donald Trampdan açıq şəkildə qisas almaq çağırışları yer alır.

İranın paytaxtı Tehranda çəkilmiş yeni divar rəsmi, 3 avqust 2026-cı il.
AnewZ/Touraj Shiralilou
⦿ 12:01 | YENİLƏNİB

"Aramco" rəhbəri: "ABŞ-İran müharibəsi səbəbindən dünya 2,6 milyard bareldən çox neft itirib"

Reuters

"Reuters" xəbər verir ki, "Aramco" şirkətinin baş icraçı direktoru Amin Naser ABŞ və İran arasındakı münaqişə nəticəsində dünyanın kritik sənaye sahələri üçün nəzərdə tutulmuş 2,6 milyard bareldən çox nefti itirdiyini bildirib.

Dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanının dövlət neft şirkətinin rəhbəri qlobal neft emalı sistemlərinin həddindən artıq gərgin vəziyyətdə olduğunu vurğulayıb. O əlavə edib ki, neftayırma zavodlarının hər hansı böyük və ya uzunmüddətli fəaliyyətini dayandırması qlobal enerji təchizatında kəskin problemlərə yol aça bilər.

Amin Naserin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə neft daşınması münaqişədən əvvəlki səviyyənin onda birinə qədər düşüb. O diqqətə çatdırıb ki, boğazın bağlı qaldığı hər həftə ərzində qlobal bazar 100 milyon bareldən çox neft itirir.

⦿ 11:53 | YENİLƏNİB

Məsud Pezeşkian: "Tehran müharibənin genişlənməsini istəmir"

Reuters

İran ABŞ ilə müharibənin miqyasının genişlənməsində maraqlı deyil. "Reuters" agentliyinin məlumatına görə, bu barədə İranın dövlət mediası Prezident Məsud Pezeşkiana istinadən xəbər verib.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi İranla danışıqların davam etdiyini bəyan etsə də, Tehran tərəfi hər hansı danışıqların planlaşdırıldığını təkzib edib.

⦿ 11:44 | YENİLƏNİB

İran rəsmisi: "Yük gəmisinə hücumdan sonra Tehran Ukraynaya zərbə endirməyə hazırlaşmışdı"

 

İranın yüksəkrütbəli hərbi müşaviri Möhsün Rezayi bildirib ki, Kiyevin Xəzər dənizində İran yük gəmisinə zərbə endirməsindən sonra Tehran Ukraynanın üç regionuna hücum etməyə hazır olub.

Rzai IRIB televiziya kanalına müsahibəsində Tehranın Ukraynadakı üç məkanına zərbə vurmağa tam hazırlaşdığını, lakin Kiyevin iyulun sonundakı bu insidentin səhv anlaşılma olduğunu açıqlamasından sonra cavab tədbirlərini təxirə saldığını qeyd edib.

“Biz Ukraynanın üç regionuna hücum etməyə hazır idik, lakin onlar səhvən zərbə endirdiklərini bildirdikdən sonra iddialarını araşdırmaq üçün cavab tədbirini dayandırdıq. Hər bir halda, onlar bu hücumun əvəzini ödəməlidirlər”, — deyə o vurğulayıb.

⦿ 08:43 | YENİLƏNİB

İran ABŞ-yə dəniz blokadası ilə bağlı xəbərdarlıq edib

 

İranın ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezayi ABŞ-yə İran limanlarına tətbiq etdiyi dəniz blokadası ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, rəsmi Tehran bunu qəbul etməyəcək.

“Blokada davam edərsə, ABŞ gəmiləri və qüvvələri ciddi təhlükələrlə və itkilərlə üzləşəcək. ABŞ davranışını dəyişməlidir, əks halda buna dözməyəcəyik. Hörmüz boğazında ikinci dəhlizin açılmasına heç vaxt icazə verməyəcəyik”, - deyə Möhsün Rezayi “X” platformasında bildirib.

⦿ 07:15 | YENİLƏNİB

Qətər ABŞ–İran razılaşması üzrə Körfəz ölkələrini koordinasiyanı gücləndirməyə çağırıb

Anadolu

Qətər ABŞ–İran anlaşma memorandumunun həyata keçirilməsi üçün Körfəz ölkələri arasında koordinasiyanın gücləndirilməsinə çağırıb.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani bu məsələni Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Bəhreyndən olan həmkarları ilə ayrı-ayrılıqda apardığı telefon danışıqlarında müzakirə edib.

Danışıqlar zamanı regiondakı vəziyyət, xüsusilə gərginliyin azaldılması, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi üçün göstərilən diplomatik səylər və birgə koordinasiya məsələləri diqqət mərkəzində olub.

⦿ 06:47 | YENİLƏNİB

Oman sahillərində yük gəmisinə naməlum mərmi dəyib

Anadolu

Avqustun 4-də səhər saatlarında Oman sahillərində yük gəmisi naməlum mərminin zərbəsinə tuş gəlib. Bu barədə Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi məlumat verib. 

Gəmi Omanın Xasab şəhərindən təxminən 37 km şimal-şərqdə üzərkən zərbəyə məruz qalıb. Hadisə barədə dəniz rabitə kanalı vasitəsilə məlumat verilib.

Aidiyyəti qurumlar hadisə ilə bağlı araşdırmaya başlayıblar. Ərazidən keçən gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə edilib.

Teqlər