canlı Husilər Səudiyyə tankerinə hücum etdiklərini bildirib, körfəzdə gəmi hərəkəti azalıb

Gəmiçilik məlumatlarına əsasən, bölgənin iki əsas dəniz keçidi olan Hörmüz və Bab əl-Məndəb boğazlarından keçən gəmi hərəkəti əvvəlki günlə müqayisədə xeyli azalıb.

⦿ 16:17 | YENİLƏNİB

Region ölkələri İsrailin Qəzzadakı hərəkətlərini pisləyib

Reuters

Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və digər ölkələrin yaydığı birgə bəyanatda İsrailin Qəzza zolağında davam edən pozuntuları sərt şəkildə pislənib.

"Reuters"in məlumatına görə, bəyanatda bu pozuntuların dayandırılmasına çağırış edilib və bölgədəki humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub. Bəyanatın digər təfərrüatları açıqlanmayıb.

⦿ 15:46| YENİLƏNİB

"Qatar Airways" Küveyt, Bəhreyn və Ərbilə uçuşları bərpa edəcək

Anadolu

"Qatar Airways"dən verilən məlumata görə, avqustun 8-dən etibarən Küveyt, Bəhreyn və İraqın şimalındakı Ərbil vilayətinə uçuşlar bərpa ediləcək.

 

⦿ 11:34 | YENİLƏNİB 

Gəmiçilər BMT-ni Hörmüzdə rüsumların tətbiqinə qarşı çıxmağa çağırıb

Anadolu

Səkkiz aparıcı beynəlxalq gəmiçilik assosiasiyası BMT-ni Hörmüz boğazından keçən gəmilər üçün məcburi keçid rüsumlarının və ya xidmət haqlarının tətbiqinə qarşı çıxmağa çağırıb.

Assosiasiyalar BMT-nin Baş katibi Antonio Quterreşə və Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqesə birgə açıq məktub ünvanlayıblar. Məktubda bildirilib ki, bu cür ödənişlər gəmiçiliyin sərbəstliyinə xələl gətirə və qlobal iqtisadiyyata zərər vura bilər.

⦿ 10:41 | YENİLƏNİB 

İran və İtaliya diplomatları Hörmüz boğazı üzrə danışıqları nəzərdən keçiriblər

 

İran və İtaliya Tehran ilə Maskat arasında Hörmüz boğazının yenidən açılması üzrə aparılan son danışıqları, habelə Livan və İsrail arasında atəşkəsə nail olunması üçün diplomatik səyləri müzakirə ediblər.

İranın xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Qəribabadi Tehran və Omanın strateji su yolunda gəmiçiliklə bağlı yeni razılaşmanı yekunlaşdırmağa yaxın olduqlarını bildirib. Lakin o vurğulayıb ki, bu razılaşma boğazın dərhal və ya tam şəkildə açılması ilə nəticələnməyəcək.

Qəribabadi əlavə edib ki, Omanla əldə olunan anlaşma İslamabad Anlaşma Memorandumunun 5-ci bəndinin tətbiq olunması anlamına gəlmir.

İran rəsmiləri Hörmüz boğazındakı vəziyyətin müharibədən əvvəlki vəziyyətə qayıtmayacağı barədə xəbərdarlıq ediblər. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Qəşqavi bildirib ki, İran ABŞ-nin təklif etdiyi cənub dəhlizini milli maraqlara cavab vermədiyi üçün qəbul etməyəcək.

⦿ 10:20 | YENİLƏNİB 

Hörmüz danışıqlarında irəliləyiş fonunda neft qiymətləri ucuzlaşıb

 

İran və Oman arasındakı danışıqlarda irəliləyişin ABŞ-İran münaqişəsinə son qoyacağı və Hörmüz boğazını yenidən açacağı gözləntiləri dünya bazarlarında neftin ucuzlaşmasına səbəb olub.

Nəticədə "Brent" markalı neftin qiyməti 37 sent (0,5%) ucuzlaşaraq bir barel üçün 79,08 dollara, ABŞ-nin "WTI" marka nefti isə 53 sent (0,7%) geriləyərək 74,69 dollara enib.

Bu eniş əvvəlki hərrac günündəki qeyri-müəyyən dinamikanı əvəzləyib. Belə ki, çərşənbə günü "Brent" nefti cüzi artımla, "WTI" isə kiçik azalma ilə qapanmışdı.

⦿ 07:14 | YENİLƏNİB 

Tramp İranla razılaşmaya üstünlük verir, lakin hərbi variant qüvvədə qalır

Anadolu

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməyi hərbi əməliyyata başlamaqdan üstün tutduğunu bildirib. O bildirib ki, danışıqlar nəticə verməsə, hərbi gücdən istifadə edilə bilər.

“Mən razılaşma əldə etməyə üstünlük verərdim, çünki insanların ölməsini istəmirəm”, – Tramp Las-Veqasda keçirilən tədbirdə deyib.

Tramp administrasiyasının “İkinci Dünya müharibəsindən bəri ən böyük hücumu” həyata keçirməyə hazır olduğunu, lakin İran rəsmilərinin danışıqlar aparmaq istəməsindən sonra bu planların dayandırıldığını bildirib.

⦿ 06:46 | YENİLƏNİB 

UKMTO: Tanker heyəti Oman sahillərində partlayış səsləri eşidib

Anadolu

Hadisə Omanın Kumzar yaşayış məntəqəsindən təxminən 17 kilometr cənub-şərqdə baş verib. Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) hadisə barədə məlumatın gecikmə ilə daxil olduğunu bildirib.

Məlumata görə, tankerin kapitanı partlayış səslərini eşidib.

UKMTO gəminin və heyətin təhlükəsiz şəraitdə olduğunu, ətraf mühitə hər hansı ziyanın dəyməsi barədə məlumatın daxil olmadığını açıqlayıb.

Mərkəz ərazidən keçən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Teqlər