Danışıqlara baxmayaraq, İsrailin zərbəsi nəticəsində 2 livanlı həlak olub

Danışıqlara baxmayaraq, İsrailin zərbəsi nəticəsində 2 livanlı həlak olub
İsrail ordusunun Livanın Mənsuri kəndinə təxliyə xəbərdarlığı etməsindən sonra endirilən hava zərbələrinin ardınca təpədən tüstü qalxır, 5 avqust 2026.
Reuters

İsrail PUA-sının Livanın cənubuna endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Livanın dövlət Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, zərbə Bint Cübeyl rayonunun Təbnin şəhərindəki qəbiristanlıqda yerləşən ibadət zalının damına dəyib. İkinci PUA zərbəsi isə yaxınlıqdakı meşəlik ərazidə yanğına və partlayışa səbəb olub.

Son hücumlar sərhəddə gərginliyin artmasının qarşısını almaq üçün diplomatik səylərin davam etdiyi vaxt baş verib.

Avqustun 5-də İsrail ordusunun təxliyə xəbərdarlığından sonra Livanın cənubundakı Mənsuri kəndini təxminən 15 ailə tərk edib. Bu, son altı həftə ərzində verilən ilk belə xəbərdarlıq olub.

Bundan qısa müddət sonra İsrail ordusu Livanın cənubuna “dəqiq zərbələr” endirdiyini bildirib. Ordu bunun "Hizbullah"ın atəşkəsi pozmasına cavab olduğunu açıqlayıb.

Bu açıqlama Məcdəl Zun bölgəsində İsrail hərbçilərinin yaxınlığında əldə hazırlanmış partlayıcı qurğunun işə düşməsindən sonra verilib.

İsrail mediasının məlumatına görə, bir neçə hərbçi yaralanıb. Onlardan dördünün vəziyyətinin ağır olduğu və hərbi helikopterlə Rambam Xəstəxanasına aparıldığı bildirilib. İsrail ordusu yaralıların sayı barədə rəsmi məlumat açıqlamayıb.

Gərginliyə baxmayaraq, diplomatik səylər davam edir

Hücumların yenidən başladığı bir vaxtda Livan və İsrail nümayəndə heyətləri Romada danışıqları davam etdiriblər. Bu, sərhəddə vəziyyəti sabitləşdirməyə yönəlmiş danışıqların sonuncu raundunun ikinci günü olub.

Müzakirələr ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş əvvəlki beş raunddan sonra baş tutub.

Danışıqlar iyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə imzalanmış razılaşma çərçivəsində aparılır.

Razılaşma İsrail qüvvələrinin işğal altındakı Livan ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. Bunun müqabilində Livan ordusu ölkənin cənubunda yerləşdirilməli, silahlı qruplar isə tərk-silah edilməlidir. Silahlı qruplar dedikdə əsasən “Hizbullah”ın nəzərdə tutulduğu bildirilir.

Kövrək atəşkəs təzyiq altındadır

Son hadisələr atəşkəsin kövrək olduğunu göstərir. Hər iki tərəf bir-birini onu pozmaqda ittiham edir, diplomatik səylər isə hələ də irəliləyişə gətirib çıxarmayıb,

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin martın 2-dən bəri Livanda apardığı hərbi əməliyyatlar nəticəsində 4333 nəfər həlak olub, 12250 nəfər yaralanıb.

İsrail qüvvələrinin Livanın cənubundan çıxmasından sonra bir oğlan Zəvtər əl-Qərbiyyədə dağıntılar arasında gəzir. 26 iyul, 2026-cı il.
Reuters

İsrail Livanın cənubundakı bəzi ərazilərdə hərbi mövcudluğunu davam etdirir. Buraya onilliklər əvvəl işğal edilmiş ərazilər və 2023–2024-cü illər münaqişəsi zamanı ələ keçirilmiş torpaqlar daxildir.

Livan rəsmiləri bildirirlər ki, İsrail qüvvələri hazırkı hücum zamanı Livan ərazisinin 10 kilometrdən çox daxilinə irəliləyib. Onların sözlərinə görə, bu, davamlı atəşkəsə nail olmaq səylərinə əlavə maneə yaradır. 
 

Teqlər