Azərbaycanda sosial media platformaları üçün yeni tələblər müəyyən edilir

Azərbaycanda sosial media platformaları üçün yeni tələblər müəyyən edilir
Prezident İlham Əliyev fərman imzalayır.
Azertac

Azərbaycanda sosial media platformalarında 16 yaşına çatmayan şəxslərin hesab açması qadağan edilir. Yeni qaydalara əsasən, uşaqların onlayn xidmətlərə çıxışına nəzarət etmək üçün məcburi yaş təsdiqi mexanizmləri tətbiq olunacaq.

Bu yeniliklər Prezident İlham Əliyevin müvafiq fərmanı ilə tətbiq edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna olunmuş əlavələrdə öz əksini tapıb.

Sənədə əsasən, platformalarda 16 yaşından kiçik şəxslər üçün fərdi rəqəmsal hesabların yaradılmasına icazə verilməyəcək. Məhdudiyyətlərin şamil olunacağı sosial media platformalarının siyahısını müvafiq dövlət qurumu müəyyən edəcək.

Platformalar yaş təsdiqini təmin etməlidir

Yaş məhdudiyyətinə əməl olunmasını təmin etmək üçün platformalar çoxmərhələli yoxlama prosesi tətbiq etməlidirlər. Hesab yaradılarkən istifadəçinin ən azı 16 yaşında olduğu öncədən təsdiqlənməlidir.

16–18 yaş arası istifadəçilərə gəldikdə isə valideynlər və ya qanuni nümayəndələr platformaların təqdim etdiyi nəzarət alətləri vasitəsilə göstərilən məzmunu, reklamları idarə edə və sosial şəbəkədən istifadə müddətinə nəzarət edə biləcəklər.

Uşaqların şəxsi məlumatlarının qorunması qaydaları

Yeni qanunvericilik yaşın təsdiqlənməsi zamanı toplanan məlumatların emalına da ciddi məhdudiyyətlər qoyur. Platforma provayderlərinə aşağıdakılar qadağan edilir:

  • Yoxlama prosesi başa çatdıqdan sonra toplanmış yaş təsdiqi məlumatlarını saxlamaq;
  • Bu məlumatları üçüncü tərəflərə ötürmək;
  • Məlumatlardan kommersiya məqsədləri, o cümlədən hədəflənmiş reklamlar üçün istifadə etmək.

Həmçinin istifadəçinin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında şəxsin yetkinlik yaşına çatana qədər paylaşdığı məzmun və fərdi məlumatlar platformadan silinməlidir.

Uşaqların zərərli onlayn məzmundan qorunması məqsədilə platformalardan fasiləsiz monitorinq sistemlərinin tətbiqi tələb olunacaq. Provayderlər uşaqların təhlükəsizliyinə və hüquqlarına təsir edən zərərli məzmunu aşkar etməli və müəyyən edildikdən sonra 24 saat ərzində müvafiq tədbirlər görməlidirlər.

Qanun dərc edildikdən 12 ay sonra qüvvəyə minəcək.

Azərbaycan qlobal onlayn təhlükəsizlik trendinə qoşulur

Bu addım uşaqların psixi sağlamlığı, kiberbullinq, asılılıq riskləri və onlayn təhlükəsizliklə bağlı artan narahatlıqlar fonunda dünya ölkələrinin sosial şəbəkələri tənzimləmək istiqamətində atdığı qlobal təşəbbüslərin tərkib hissəsidir.

Avstraliya, Portuqaliya, Fransa, Danimarka, Böyük Britaniya və Türkiyə kimi ölkələr artıq yaş həddinə əsaslanan daha sərt qaydalar tətbiq edib və ya bu cür məhdudiyyətləri nəzərdən keçirirlər. Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinə ölkə səviyyəsində qadağa qoyan ilk dövlət olub. Bir sıra Avropa ölkələri də valideyn nəzarəti və yaşın təsdiqlənməsi mexanizmlərini gücləndirmək istiqamətində adımlar atır.

Teqlər