Tacikistan Mərkəzi Asiyadan yanacaq idxalını artırır

Tacikistan Mərkəzi Asiyadan yanacaq idxalını artırır
Düşənbədə yanacaqdoldurma məntəqəsi.
Asia-Plus

Tacikistan Rusiyadan tədarükün kəskin azalması səbəbindən Mərkəzi Asiya ölkələrindən yanacaq idxalını üç dəfə artırıb. Bu vəziyyət region ölkələrinin Rusiyadan yanacaq tədarükündə yaranan fasilələr fonunda alternativ mənbələrə üz tutduğunu göstərir.

"Reuters"in məlumatına görə, ölkə iyulda Türkmənistan, Özbəkistan və Qazaxıstandan təxminən 34 min ton yanacaq idxal edib. Bu, iyun ayı ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Rusiyadan Tacikistana benzin tədarükü iyulda yarıbayarı azalaraq 14 min tona düşüb. Dizel tədarükü 2 faiz azalaraq 30 min ton olub, aviasiya yanacağının tədarükü isə tam dayanıb.

Tacikistan yaranan çatışmazlığı regional ölkələrdən idxalı artırmaqla kompensasiya etməyə çalışıb. Türkmənistan, Özbəkistan və Qazaxıstandan benzin idxalı 8 400 tondan 13 800 tona yüksəlib. Dizel idxalı 2 400 tondan 17 600 tona, aviasiya yanacağı tədarükü isə 316 tondan 2 500 tona çatıb.

Tacikistan alternativ təchizatçılar axtarır

Rusiyadan yanacaq tədarükündə fasilələrin davam etməsi Tacikistanı alternativ mənbələr axtarmağa sövq edir. Ölkənin Nəqliyyat Nazirliyi avqustun 6-da hökumətin yeni yanacaq təchizatçıları üzərində işlədiyini təsdiqləyib və Qazaxıstanın əsas seçim olduğunu bildirib.

Çin, Türkmənistan, İran və Belarusla da danışıqlar aparılır. Nazirlik yanacaq çatışmazlığını Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla əlaqələndirib.

İyulun əvvəlində Tacikistanın energetika və su ehtiyatları naziri Daler Cuma hökumətin əlavə yanacaq tədarükünü təmin etmək və daxili bazarda sabitliyi qorumaq üçün bir neçə ölkə ilə danışıqlara başladığını bildirmişdi.

Yanacağın qiyməti artır

Tədarükün azalması yanacaq qiymətlərinə də təsir edib. Avqustun əvvəlində "Aİ-92" markalı benzinin bir litri 1,10–1,15 dollara yüksəlib. İyunun əvvəlində qiymət 1,00–1,03 dollar idi. Dizelin litri isə 1,47–1,70 dollar arasında dəyişib.

Rusiyadan yanacaq ixracının azalması regionun digər ölkələrinə də təsir edir. Qırğızıstan Özbəkistandan ayda 20 min ton yanacaq tədarük etməsini istəyib. Rəsmi Bişkek Belarus, Çin, Azərbaycan və Türkiyə ilə əlavə idxal imkanlarını müzakirə edir.

Yanacaq idxalının təxminən 95 faizini Rusiyadan təmin edən Monqolustan isə benzin satışına məhdudiyyətlər tətbiq edib.

Teqlər