Amur pələngi 70 ildən sonra Qazaxıstan təbiətinə qayıdıb

Amur pələngi 70 ildən sonra Qazaxıstan təbiətinə qayıdıb
Dişi Amur pələngi Umit İle-Balxaş qoruğunda təbiətə buraxılır, Qazaxıstan, 31 iyul 2026-cı il.
Reuters

Qazaxıstanda 70 ildən sonra ilk dəfə Amur pələngi vəhşi təbiətə buraxılıb. Bu addım Mərkəzi Asiyada pələnglərin vaxtilə yaşadığı ərazilərdə populyasiyanın bərpasına yönələn uzunmüddətli proqramın başlanğıcı hesab olunur.

Nəsli kəsilməkdə olan yırtıcının təbiətə qaytarılması

Ekologiya Nazirliyinin məlumatına görə, qazax dilində “ümid” mənasını ifadə edən Umit adlı dişi pələng İle-Balxaş Dövlət Təbiət Qoruğuna buraxılıb.

Bu ərazi təsadüfən seçilməyib. Cənubi Balxaş bölgəsi və İli çayının deltası vaxtilə Mərkəzi Asiyanın ən böyük yırtıcılarından olan Xəzər pələnginin təbii yaşayış məskənlərindən biri olub.

Geniş tuqay meşələri və zəngin heyvanat aləmi vaxtilə pələnglərin yaşaması üçün əlverişli şərait yaradırdı. Lakin XX əsrin ortalarında yaşayış məskənlərinin itirilməsi, vəhşi heyvanların sayının kəskin azalması Qazaxıstanda pələng nəslinin kəsilməsinə səbəb olub. Qazaxıstanda pələng sonuncu dəfə 70 il əvvəl görülüb.

Dişi Amur pələngi Umit vəhşi təbiətə buraxılmazdan əvvəl İle-Balxaş Dövlət Təbiət Qoruğunda, Qazaxıstan, 31 iyul 2026-cı il.
Reuters

Pələnglərin təbiətə qaytarılması proqramına hazırlıq 10 ildən çoxdur ki, davam edir. Bu müddətdə Qazaxıstanda İle-Balxaş Dövlət Təbiət Qoruğu yaradılıb, vəhşi heyvanların sayı artırılıb, pələnglərin təbiətə uyğunlaşması üçün xüsusi ərazilər və lazımi infrastruktur hazırlanıb. Ərazidə davamlı elmi monitorinqlər də tətbiq edilir.

Təbiətdə sərbəst həyata hazırlıq

Vəhşi təbiətə buraxılmazdan əvvəl Umit yoxlamadan keçib. Mütəxəssislər onun ov etmək və təbiətdə müstəqil yaşamaq qabiliyyətini, həmçinin insanlara reaksiyasını qiymətləndiriblər.

Pələngə GPS/GSM izləmə cihazı taxılıb. Bu cihaz vasitəsilə mütəxəssislər onun hərəkətini və yeni mühitə uyğunlaşmasını gecə-gündüz izləyə biləcəklər. Qoruqda Umiti müşahidə etmək üçün foto və digər monitorinq vasitələrindən də istifadə olunacaq.

Umit 2026-cı ilin may ayında Qazaxıstana gətirilən dörd Amur pələngindən biridir. Onlardan ikisi yetkin, ikisi isə baladır. Pələnglər İle-Balxaş Dövlət Təbiət Qoruğunda xüsusi hazırlanmış uyğunlaşma ərazilərinə yerləşdirilib.

Yetkin erkək pələng isə hələ də müşahidə altındadır. Mütəxəssislər onun təbiətdə müstəqil yaşamağa hazır olduğunu təsdiqlədikdən sonra sərbəst buraxılması barədə qərar verəcəklər.

Qazaxıstana altı-yeddi aylığında gətirilən iki pələng balası isə qoruqda böyüməyə davam edirlər. Onların 18 ayı tamam olduqdan və lazımi yoxlamalardan keçdikdən sonra təbiətə buraxılmağa hazır olduqları müəyyən ediləcək.

Ekologiya Nazirliyinin məlumatına görə, araşdırmalar Xəzər və Amur pələnglərinin genetik baxımdan demək olar ki, eyni olduğunu göstərib. Buna görə də Mərkəzi Asiyada vaxtilə yaşamış Xəzər pələnglərinin populyasiyasını bərpa etmək üçün Amur pələnglərindən istifadə olunur.

Teqlər