"Delfin" tayfunu Okinavanı vurub, Çin limanları bağlayıb

"Delfin" tayfunu Okinavanı vurub, Çin limanları bağlayıb
“Delfin” tayfunu yaxınlaşarkən güclü külək ağacları əyir. Naha, Okinava bölgəsi, Yaponiya, 7 avqust 2026-cı il
Reuters

"Delfin" tayfunu avqustun 8-də Yaponiyanın Okinava prefekturasını vurub. Tayfun nəticəsində 6 nəfər xəsarət alıb, uçuşlar pozulub və 50 mindən çox bina işıqsız qalıb. Tayfunun Çinin şərq sahillərinə çatacağı gözlənilir. Buna görə ölkədə limanlar bağlanıb və bəzi nəqliyyat xidmətləri dayandırılıb.

Rəsmilər bildiriblər ki, Okinavada 5 nəfər xəsarət alıb. Onlardan 3-ü güclü külək səbəbindən yıxılıb. Xəsarətlərin həyati təhlükə yaratmadığı bildirilib. Kaqoşima bölgəsində də bir nəfər xəsarət alıb.

Kaqoşimada təxminən 39 min, Okinavada isə 12 mindən çox bina işıqsız qalıb.

Əlverişsiz hava şəraiti səbəbindən "All Nippon Airways" (ANA) və "Japan Airlines" Okinavaya  uçuşları ləğv edib.

"Delfin" tayfununda küləyin sürəti saatda 162 kilometrə, külək şiddətlənəndə isə 216 kilometrə çatıb. Tayfunun Yaponiyada ən çox Okinava və Kaqoşimanın Amami adalarına təsir edəcəyi gözlənilib.

"Delfin" tayfununun Çinə çatacağı gözlənilir

Çin rəsmiləri "Delfin" tayfununun avqustun 9-u axşam saatlarından avqustun 10-u səhərədək sahilə çatacağını gözləyirlər. Ölkədə tayfunla əlaqədar ikinci ən yüksək səviyyəli "narıncı" xəbərdarlıq elan edilib.

Daşqın və torpaq sürüşməsi riski səbəbindən fövqəladə tədbirlərin səviyyəsi III dərəcəyə qaldırılıb.

Çinin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, tayfunun Çjetszyan və Futszyan əyalətləri arasındakı sahil ərazisinə çatacağı gözlənilir. Tayfunun mərkəzinə yaxın ərazilərdə küləyin sürəti saniyədə 38–45 metr ola bilər.

Çjetszyan sahillərində dalğaların hündürlüyünün 5–8 metrə çatacağı proqnozlaşdırılır. Şanxay və Futszyanın şimal sahillərində isə dalğaların 3–5,5 metr olacağı gözlənilir.

Avqustun 8-i axşam Çin rəsmiləri tayfun, güclü yağış, geoloji fəlakət və dağ selləri təhlükəsi ilə bağlı xəbərdarlıq elan ediblər.

Çində tayfun səbəbindən nəqliyyat məhdudlaşdırılıb

Avqustun 12-dək Çinin şərq bölgələrində güclü yağış və külək gözlənilir. Şanxay və yaxın ərazilər də əlverişsiz hava şəraitinin təsiri altında olacaq.

Bəzi yerlərdə qısa müddətdə güclü yağış, şimşək və külək ola bilər.

Çjetszyan əyalətində tayfun xəbərdarlığı ən yüksək səviyyəyə qaldırılıb. Limanların işi dayandırılıb.

Çinin şərq və cənubunda bəzi bərə reysləri və tikinti işləri dayandırılıb. Balıqçı gəmilərinə limanlara qayıtmaq göstərişi verilib.

Çjetszyanda avqustun 9-da bütün uçuşlar dayandırılacaq. Bəzi qatar reyslərinin də ləğv olunması planlaşdırılır.

Pekin rəsmiləri tayfunun istiqamətini izlədiklərini və mümkün daşqınlara qarşı tədbirlər gördüklərini bildiriblər.
 

 

Tayvanda uçuşlar ləğv edilib

Tayvan hökumətinin məlumatına görə, "Delfin" tayfunu səbəbindən 78 uçuş ləğv edilib. Onların çoxu beynəlxalq reyslərdir.

Tayfun Tayvan boğazında da gərginliyi artırıb. Çin boğazdan keçən gəmilərdən Pekinin gəmi hərəkəti ilə bağlı göstərişlərinə əməl etməyi tələb edib.

Tayvan rəsmiləri bu qərarı absurd adlandırıb və Çinin beynəlxalq sularda hərəkəti məhdudlaşdırmaq hüququnun olmadığını bildirib.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və Tayvan boğazı üzərində suverenlik iddiasındadır. Tayvan bu iddiaları rədd edir. ABŞ isə boğazdakı mövcud vəziyyətin birtərəfli qaydada dəyişdirilməsinə qarşı olduğunu bildirir.

Teqlər