Türkiyə Qara dənizdə kommersiya gəmilərinin hərəkətini məhdudlaşdırır

Türkiyə Qara dənizdə kommersiya gəmilərinin hərəkətini məhdudlaşdırır
Dron hücumundan sonra Türkiyəyə məxsus “Nadejda” yük gəmisindən tüstü və alov qalxır. 3 avqust 2026-cı il.
Reuters

Türkiyə Qara dənizdə Rusiya və Ukraynanın gəmilərə hücumlarının artması fonunda kommersiya gəmiçiliyinə məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu barədə "Bloomberg News" adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyənin Sahil Mühafizəsi Rusiyanın Novorossiysk limanına gedən bəzi gəmilərin Dardanel boğazından keçməsinə icazə verməyib. Bəzi müraciətlərin nəzərdən keçirilməsi üçün isə əlavə vaxt tələb olunur.

Qərar Qara dənizdə mülki gəmilərə hücumların artmasından sonra verilib.

Avqustun 5-də Ukraynanın Odessa limanı yaxınlığında Almaniyaya məxsus yük gəmisi Rusiyanın dron hücumuna məruz qalıb. Hücum nəticəsində gəmidə yanğın baş verib.

Avqustun 3-də isə Türkiyəyə məxsus iki yük gəmisi Novorossiysk limanından ayrıldıqdan sonra vurulub. Ukrayna rəsmiləri bu hadisələrlə bağlı şərh verməyib.

Hücumlardan sonra rəsmi Ankara Rusiya və Ukraynanı Qara dənizdə hərəkət edən kommersiya gəmilərinin təhlükəsizliyini təmin etməyə çağırıb.

İyulun sonlarında Ukrayna üç yük gəmisini və bir tankeri vurduğunu bildirib. Rusiya ordusu isə üç kommersiya gəmisinə zərbə endirdiyini açıqlayıb.

“Nadejda” yük gəmisinin dron hücumuna məruz qalmasından sonra yaralanmış ekipaj üzvü kameraya baxır. 3 avqust 2026-cı il.
Reuters

Türkiyə 1936-cı il Montrö Konvensiyasına əsasən Bosfor və Dardanel boğazlarına nəzarət edir, müharibə zamanı isə hərbi gəmilərin keçidini məhdudlaşdıra bilər.

Türkiyənin Dənizçilik Baş İdarəsinin məlumatına görə, təhlükəsizlik risklərinin artmasına baxmayaraq, 2026-cı ilin ilk yarısında Bosfor və Dardanel boğazlarından 40218 gəmi keçib.

Qara dəniz boğazları region ölkələrinin ticarəti üçün mühüm əhəmiyyət daşıyır. Bu marşrut xüsusilə Qazaxıstanın neft ixracı üçün vacibdir.

Bu ölkənin neft ixracının 80 faizdən çoxu Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun terminalı vasitəsilə həyata keçirilir.

Teqlər