Rusiya müharibə əleyhinə partiyanı parlament seçkilərindən kənarlaşdırıb

Rusiya müharibə əleyhinə partiyanı parlament seçkilərindən kənarlaşdırıb
"Yabloko" partiyasının sədri Nikolay Rıbakov Ali Məhkəmənin iclasından sonra jurnalistlər və tərəfdarları ilə görüşüb. Moskva, Rusiya, 10 avqust 2026-cı il.
Reuters

Rusiya Ali Məhkəməsi sentyabrda keçiriləcək parlament seçkilərində liberal "Yabloko" partiyasının iştirakını qadağan edib. Bununla da Ukrayna ilə müharibəyə açıq şəkildə qarşı çıxan yeganə rəsmi qeydiyyatlı siyasi qüvvə seçkidən kənarlaşdırılıb.

Qərar Kremlin siyasətini dəstəkləyən millətçi "Rodina" partiyasının iddiası əsasında qəbul edilib. İddiada "Yabloko"nun bəyan edilməmiş seçki dəstəyi aldığı, o cümlədən Qərb mənbələrindən yardım əldə etdiyi bildirilirdi.

"Yabloko"nun lideri Nikolay Rıbakov ittihamları rədd edib və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. O, məhkəmə qərarını siyasi rəqibləri aradan qaldırmağa yönəlmiş addım kimi qiymətləndirib. 

"Partiyanın seçkilərdən kənarlaşdırılması hakimiyyət üçün narahat suallar verən insanlarla dialoqdan imtina etmək deməkdir", - Rıbakov bildirib.

Proses zamanı Ali Məhkəmənin qarşısına bir neçə yüz tərəfdar toplaşıb. Onların əksəriyyəti gənclər olub. Bəzi iştirakçılar partiyanın adına uyğun olaraq alma daşıyıblar. 

Postsovet dövründə Rusiyanın əsas liberal partiyalarından biri olan “Yabloko” hazırda parlamentdə təmsil olunmur. Buna baxmayaraq, partiya seçki kampaniyası çərçivəsində Moskvanı Ukrayna ilə atəşkəs sazişi imzalamağa çağırırdı.

Kreml isə qeyd-şərtsiz atəşkəs təkliflərini rədd edir.

Qərar Rusiyada müharibə əleyhinə mövqelərin məhdudlaşdırıldığı bir dövrdə qəbul edilib. Prezident Vladimir Putinin "Vahid Rusiya" partiyasının və Kremlin kursunu dəstəkləyən digər qüvvələrin parlamentdə üstünlüyünü qoruyacağı gözlənilir.

Rusiya rəhbərliyi müharibə əleyhinə mövqe tutan siyasətçilərə, fəallara və müstəqil mediaya tətbiq olunan məhdudiyyətləri daha da artırıb. Keçən ay parlament seçkilərində müharibə əleyhinə platforma ilə çıxış etmək istəyən siyasətçi Boris Nadejdin “xarici agent” siyahısına salınıb və ölkədən gedib. 

Rıbakov “Yabloko” partiyasının seçkilərdən kənarlaşdırılmasını cəmiyyətdə Kremlin kursuna alternativ axtarışının artması ilə əlaqələndirib. O vurğulayıb ki, “sülh və azadlığa tələbat” hakimiyyətin proqnozlaşdırdığından daha yüksəkdir.

Teqlər