İran ABŞ ilə müvəqqəti sülh sazişinin bərpası istiqamətində irəliləyiş olmadığını bildirib

İran ABŞ ilə müvəqqəti sülh sazişinin bərpası istiqamətində irəliləyiş olmadığını bildirib
Omanın Musandam bölgəsindən Hörmüz boğazı yaxınlığında görünən gəmi. 10 avqust 2026-cı il.
Reuters

Yüksəkvəzifəli İran mənbəsi bildirib ki, iyunda əldə edilən müvəqqəti sazişin bərpası və onun icra qrafikinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur. İran və ABŞ Körfəzdə müharibəni birdəfəlik dayandırmaq məsələsində hələ də razılığa gələ bilməyib.

⦿ 21:30 | YENİLƏNİB

Yaxın Şərq qeyri-müəyyənliyi fonunda Avropa birjaları enişlə bağlanıb

Anadolu

Avropa fond birjaları Yaxın Şərqdə müharibəyə son qoymaq səyləri ətrafında yaranan qeyri-müəyyənlik fonunda günü enişlə başa vurub. Bu gərginlik ABŞ-nin inflyasiya göstəricilərinin bazara gətirdiyi nisbi müsbət əhval-ruhiyyəni üstələyib.

Qitənin göstərici indeksi olan "Stoxx Europe 600" 0,16 faiz geriləyərək hərracları 659,48 bənd səviyyəsində yekunlaşdırıb.

İnvestorlar ABŞ və İranın iştirakı ilə aparılan diplomatik səyləri diqqətlə izləməkdə davam edirlər. Razılaşma istiqamətində irəliləyişin olmaması və Hörmüz boğazının yenidən açılması ilə bağlı qeyri-müəyyənlik geopolitik və enerji tədarükü risklərini yüksək səviyyədə saxlayır.

⦿ 21:30 | YENİLƏNİB

Aİ və 26 ölkə İranın etirazçıları edam etməsini pisləyib

Reuters

Fransanın xarici işlər naziri Jan-Noel Barro avqustun 12-də bildirib ki, Avropa İttifaqı (Aİ) və 26 ölkə birgə bəyanatla İranın etirazçıları edam etməsini pisləyib.
Bəyanatda İran hakimiyyəti xalqın səsinə qulaq asmağa, insan hüquqlarına hörməti təmin etmək üçün real addımlar atmağa, ölüm hökmünün tətbiqini dayandırmağa və qanunsuz saxlanılan şəxsləri azad etməyə çağırılıb.

⦿ 19:58 | YENİLƏNİB
İranlı rəsmi: “Müharibə Tramp vəzifədən gedənə qədər davam edə bilər”
SEPAH komandanının baş məsləhətçisi Məhəmməd Rza Nəqdi “PBS”ə müsahibəsində bildirib ki, İran ABŞ ilə müharibəni Donald Trampın prezidentlik müddəti başa çatana qədər uzada bilər.

O iddia edib ki, uzunmüddətli münaqişə İranın çəkindirici gücünü artıra bilər.

“Həll yollarından biri bu müharibəni prezidentliyin növbəti dövrünə qədər uzatmaq və qarşı tərəfi zəiflətməkdir. Beləliklə, gələcəkdə kimsə İrana hücum etmək istəsə, bunun bir bədəli olacağını biləcək”, - deyə o bildirib.

Nəqdi İranın hazırda müharibədə qalib gəldiyini iddia edib və ölkənin ABŞ ilə mübarizə zamanı dəyərli təcrübə qazandığını dilə gətirib.

“Müharibə nə qədər uzun davam edirsə, bir o qədər çox təcrübə qazanırıq. ABŞ ilə necə mübarizə aparmağı öyrənmək üçün heç vaxt real müharibə təcrübəmiz olmayıb. Beş ay ərzində bunu öyrəndik. ABŞ ordusunun düşündüyümüzdən daha zəif olduğunu da gördük”, - deyə SEPAH komandanının baş məsləhətçisi əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton müharibəni strategiya yürütmədən davam etdirir və ABŞ-nin məqsədləri Xarq adası ilə Hörmüz boğazının açılması məsələləri də daxil olmaqla, dəfələrlə dəyişib.

Hörmüz boğazında gəmilərə edilən hücumlardan danışan Nəqdi bildirib ki, İran həmin gəmilərin düşmənlərinə yardım daşıdığına inandığı halda onları hədəfə ala bilər.

O, həmçinin İranın raket istehsalına diqqəti çəkib. Bildirib ki, ölkəsi istehsal olunan texnikadan daha azını istifadə edir. Raket ehtiyatları tükəndiyi halda isə Tehran dünya üzrə ABŞ-nin iqtisadi maraqlarını hədəfə ala bilər.

“Əgər İranın artıq raketlərinin qalmadığı bir gün gəlsə, məhz həmin vaxt ABŞ üçün daha təhlükəli olacağıq. Çünki Birləşmiş Ştatların dünyada minlərlə iqtisadi marağı var və onların hamısı asanlıqla məhv edilə bilər”, - deyə SEPAH rəsmisi diqqətə çatdırıb.

⦿ 15:46 | YENİLƏNİB

İran rəsmisi: "ABŞ ilə atəşkəsin uzadılması barədə danışıqlar aparılmır"

Reuters

Yüksəkvəzifəli İran mənbəsinin bildirdiyinə görə, İran və ABŞ arasında atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmayıb. Onun sözlərinə görə, Tehran hesab edir ki, razılaşmanın başlama tarixi olmadığı üçün, uzadılacaq hər hansı bir müddət də yoxdur.

Mənbə bildirib ki, ABŞ anlaşma memorandumunun şərtlərini razılaşma əldə edildikdən cəmi 48 saat sonra pozub və bir neçə gün sonra razılaşmadan çıxıb. O vurğulayıb ki, hazırda müzakirə olunan məsələlərdən biri də ABŞ-nin razılaşmaya qayıtması ehtimalı və öhdəliklərinin icrası üçün zaman çərçivəsinin müəyyən edilməsidir.

⦿ 15:35 | YENİLƏNİB

BEA Hörmüz boğazının bağlanması fonunda neft tədarükü riskləri barədə xəbərdarlıq edib

 

Beynəlxalq Enerji Agentliyi (BEA) xəbərdarlıq edib ki, davam edən tədarük fasilələri fonunda qlobal neft ehtiyatlarının sürətlə azalması səbəbindən Hörmüz boğazının yenidən açılması getdikcə daha təxirəsalınmaz xarakter alır.

Ötən ay qlobal neft ehtiyatları gündəlik 2,2 milyon barel azalıb. Ümumi ehtiyatlar isə 2025-ci ilin aprelindən bəri ilk dəfə 7,9 milyard bareldən aşağı düşüb. BEA indi üçüncü rübdə qlobal neft bazarında gündəlik 1,8 milyon barel kəsirin yaranacağını proqnozlaşdırır. Bu göstərici əvvəlki təxminlərdən iki dəfə çoxdur.

Qurum bildirib ki, neft ehtiyatları gözlənildiyindən daha sürətlə tükənir və bu da gələcəkdə yarana biləcək tədarük böhranlarının qarşısını almaq üçün mövcud imkanları məhdudlaşdırır.

Bu il qlobal neft tələbatının gündəlik 1,6 milyon barel azalacağı proqnozlaşdırılır. Yaxın Şərq və Rusiyadakı gərginliklər fonunda qlobal təklifin gündəlik 4,3 milyon barel azalaraq 102 milyon barelə düşəcəyi təxmin edilir.

⦿ 14:30 | YENİLƏNİB

İran Yeni İnkişaf Bankına qoşulacaq

 

Mərkəzi Bankın sədri Əbdülnasir Hümmətinin sözlərinə görə, İran əvvəllər BRICS İnkişaf Bankı kimi tanınan Yeni İnkişaf Bankına qoşulacaq.

Beynəlxalq sanksiyalar altında olan, ABŞ və İsraillə hələ də sülh razılaşması əldə etməyən İran dollar sistemindən kənar alternativ maliyyə kanalları axtarıb və tapıb.

Ölkə 2024-cü ildə BRICS-ə qoşulmaqla inkişaf etməkdə olan iqtisadiyyatlar arasında əlaqələri dərinləşdirməyi hədəfləyib. Həmin vaxtdan bəri İran Yeni İnkişaf Bankının üzvü və səhmdarı olmaq məqsədini açıq şəkildə bəyan edib.

Bank 2015-ci ildə Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika tərəfindən infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirmək məqsədilə yaradılıb. Birləşmiş Ərəb Əmirlikləri və Misir bu quruma sonradan qoşulub.

⦿ 13:40 | YENİLƏNİB

Qırmızı dənizdə husilərin hücumu nəticəsində 3 Pakistan vətəndaşı həlak olub

CNN

Pakistanın xarici işlər naziri İshaq Dar Qırmızı dənizdə ticarət gəmisinə husilər tərəfindən edilən hücum nəticəsində üç Pakistan vətəndaşının həlak olduğunu, bir nəfərin isə yaralandığını bildirib.

Bu, Yəməndə yerləşən və İran tərəfindən dəstəklənən husilərin iyulun 20-də Bab əl-Məndəb boğazını blokadaya aldıqlarını elan etməsindən sonra Qırmızı dənizdə ölümün qeydə alındığı ilk hadisədir.

“Pakistan husilərin dinc ticarət gəmisinə hücumunu qətiyyətlə pisləyir”, – deyə İshaq Dar “X” platformasında yazıb. O bildirib ki, bu cür hücumlar mülki şəxslərin həyatını təhlükəyə atır, beynəlxalq hüququ pozur, eləcə də Qırmızı dənizdə naviqasiya azadlığına, dəniz təhlükəsizliyinə və ticarət gəmiçiliyinə təhdid yaradır.

⦿  11:07 | YENİLƏNİB

Hörmüz boğazında gəmi hərəkəti son bir həftənin ən aşağı səviyyəsinə düşüb

Reuters

“Kpler” şirkətinin məlumatlarına görə, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda gəmiçilik şirkətləri mühüm su yolundan yan keçməyə davam etdikcə Hörmüz boğazında qeydə alınan gəmilərin sayı son bir həftənin minimumuna – səkkizə düşüb.

Bu rəqəm 10 günlük təxminən 12 gəmilik orta göstəricidən aşağıdır. Boğazı yalnız bir kömür daşıyan gəmi tərk edib. Su yoluna daxil olan yeddi gəminin hamısı İran marşrutundan istifadə edib. 

Fevralın 28-də başlanan ABŞ-İsrail hücumlarından sonra İran boğazı bağlamazdan əvvəl hər gün adətən 130-140 gəmi bu su yolundan keçirdi.

Digər tərəfdən, “Kpler”in məlumatına görə, Qırmızı dənizin cənub ucunda yerləşən Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı çərşənbə axşamı 30-a yüksəlib ki, bu da onun 10 günlük 25-lik orta göstəricisindən çoxdur.

⦿ 07:59 | YENİLƏNİB

Uzunmüddətli qarşıdurma qorxusu neft qiymətlərini kəskin qaldırıb

 

Neftin qiyməti iki həftə ərzində ilk dəfə bir barel üçün 90 dollara çatsa da, sonradan bir qədər ucuzlaşıb.

Brent markalı neft 1,6 faiz bahalaşaraq bir barel üçün 90 dollara çatıb, daha sonra isə 89 dollardan bir qədər aşağı səviyyədə qərarlaşıb. ABŞ standartı olan WTI (West Texas Intermediate) nefti isə 1,8 faiz artaraq bir barel üçün 83 dollardan bir qədər çox olub.

“Deutsche Bank” analitikləri tədqiqat qeydində bildiriblər ki, İran və ABŞ arasında uzanan qarşıdurma ilə bağlı narahatlıqlar daha yüksək inflyasiya qorxularını gücləndirir.

⦿ 07:43 | YENİLƏNİB

Tramp: “ABŞ Hörmüz boğazına tam nəzarət edir”

Anadolu

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Merilend ştatındakı Endryus birgə hərbi bazasında jurnalistlərə açıqlamasında Birləşmiş Ştatların Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.

“Hazırda Hörmüz boğazına tam nəzarət edirik. Onların heç bir nəzarəti yoxdur. Biz tam nəzarət edirik. Orası bizə məxsusdur”, – deyə o qeyd edib.

Tramp İran rəhbərliyinin sözlərinə inanmadığını da əlavə edib: “İrana etibar etmirəm. İrana etibar edəcək ən son şəxs mənəm”.

Çərşənbə axşamı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bəyan edib ki, Vaşinqton ölkəyə qarşı dəniz blokadasını davam etdirdiyi müddətdə Hörmüz boğazı fəaliyyətini bərpa etməyəcək.

Rezayi “X” platformasındakı paylaşımında əlavə edib ki, Vaşinqton həmçinin müharibəni dayandırmalı, İranın aktivlərini sərbəst buraxmalı və regional atəşkəsə razılaşmalıdır.

Teqlər