Türkiyə "Məkkə Müdafiə Sazişi" çərçivəsində birgə hərbi təlim və müdafiə istehsalı planlarını açıqlayıb

Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla birgə hərbi təlimlərin keçirilməsi, müdafiə məhsullarının birgə istehsalına dair planlarını açıqlayıb. Yeni təhlükəsizlik sazişi kollektiv müdafiə prinsipini də nəzərdə tutur.

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, bu yaxınlarda imzalanan "Məkkə Müdafiə Sazişi" üç ölkə arasında yüksək səviyyəli siyasi və hərbi koordinasiyanı nəzərdə tutur. Saziş çərçivəsində üç ölkənin Müdafiə və Xarici İşlər nazirləri, Baş Qərargah rəisləri və silahlı qüvvələrinin komandanları arasında koordinasiya mexanizmləri yaradılacaq. 

Nazirliyin sözçüsü Zeki Aktürk bildirib ki, hərbi əməkdaşlıq mərhələli şəkildə genişləndiriləcək. İlk mərhələdə komanda-qərargah və səhra təlimləri keçiriləcək. Daha sonra quru, dəniz və hava qüvvələrinin, eləcə də hava hücumundan müdafiə bölmələri və pilotsuz sistemlərin iştirakı ilə birgə təlimlər təşkil ediləcək.

Onun sözlərinə görə, saziş müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. Bu əməkdaşlıq silah sistemlərinin birgə hazırlanması və istehsalını, texnologiya mübadiləsini, həmçinin uzunmüddətli texniki xidmət və logistika dəstəyini əhatə edir.

Sözçü bildirib ki, pilotsuz və avtonom sistemlər, o cümlədən dronlar, elektron müharibə və süni intellektə əsaslanan imkanlar əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilib.

Saziş ötən həftə regionda gərginliyin artdığı bir vaxtda Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Kollektiv müdafiə prinsipi

Sazişə əsasən, üç ölkədən hər hansı birinə silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib ki, bu prinsip NATO-nun 5-ci maddəsinə bənzəyir. O, həmçinin üçtərəfli sazişin İrana və ya hər hansı digər ölkəyə qarşı yönəlmədiyini vurğulayıb.

Fidanın sözlərinə görə, üzv ölkələrdən biri xarici hücuma məruz qalarsa, göstəriləcək yardımın forması və miqyası ilə bağlı əvvəlcə tərəflər arasında məsləhətləşmələr aparılacaq.

Türkiyənin Milli Müdafiə Nazirliyi isə bildirib ki, "Məkkə Müdafiə Sazişi" regional sabitliyə töhfə verən və mövcud beynəlxalq təhlükəsizlik sistemini tamamlayan mexanizm kimi qiymətləndirilməlidir.

Sazişə yeni ölkələr qoşula bilər

Ərdoğan bildirib ki, gələcəkdə sazişə üç təsisçi ölkədən başqa digər dövlətlər də qoşula bilər.

Hazırda Misirdə iki günlük səfərdə olan Hakan Fidan bu ölkənin sazişə potensial yeni üzv ola biləcəyini bildirib. Bununla belə, rəsmilərin sözlərinə görə, yeni üzvlərin qəbulu üçün mövcud tərəflərin razılığı tələb olunur.

 

Teqlər