Mərkəzi Asiyanın dörd ölkəsində elektrik kəsintisi qeydə alınıb

Mərkəzi Asiyanın dörd ölkəsində elektrik kəsintisi qeydə alınıb
Avtomobil Qazaxıstanın Almatı vilayətinin Ülken kəndi yaxınlığındakı elektrik yarımstansiyasının yanından keçir. 5 oktyabr 2024-cü il.
Reuters

Avqustun 14-də Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qazaxıstanın Energetika Nazirliyi kəsintilərin Mərkəzi Asiyanın vahid elektrik şəbəkəsində enerji axınının “qəfil dəyişməsi” nəticəsində baş verdiyini bildirib.

Dörd ölkə bir-biri ilə əlaqəli vahid enerji şəbəkəsindən istifadə edir. Buna görə də ölkələrdən birində yaranan nasazlıq qısa müddətdə qonşu dövlətlərə də təsir göstərə bilər.

Dörd ölkənin energetika nazirlikləri elektrik kəsintilərini təsdiqləyiblər. Bildirilib ki, enerji təchizatının bərpası istiqamətində işlər aparılır.

Qazaxıstanın ən böyük şəhəri Almatı və ətraf bölgələri elektrik enerjisi ilə təmin edən “Alatau Zharyk Company” şirkəti fasilələrin yerli vaxtla saat 14:38-də başladığını açıqlayıb.

Məlumatlara görə, Qazaxıstanın milli enerji operatoru “KEGOC”un idarə etdiyi yüksək gərginlikli xətlərdə qəza səbəbindən avtomatik dayanma baş verib və bundan sonra mühafizə sistemləri işə düşüb.

Almatı, Bişkek və Düşənbə sakinləri kəsintilərdən təsirlənib

2,35 milyon əhalisi olan Almatıda, eləcə də Qırğızıstanın paytaxtı Bişkekdə elektrik kəsintiləri qeydə alınıb.

 

Tacikistanın yerli mediası isə paytaxt Düşənbədə və ölkənin ikinci böyük şəhəri Xucənddə də elektrik enerjisinin verilişində fasilələrin yarandığını bildirib.

“KEGOC”un yaydığı açıqlamada problemin Mərkəzi Asiyanın regional enerji şəbəkəsində yaranan gərginlik artımından qaynaqlandığı bildirilib. Şirkətin məlumatına görə, təhlükəsizlik məqsədilə üç əsas elektrik ötürücü xətti avtomatik olaraq şəbəkədən ayrılıb.

“KEGOC” istehlakçıların elektrik enerjisi ilə təminatının bərpası üçün işlərin davam etdiyini açıqlayıb.

Tacikistanın Energetika Nazirliyi isə daha sonra ölkənin bütün bölgələrində elektrik enerjisinin verilişinin bərpa olunduğunu bildirib. Tacikistanın əhalisi 11 milyondan çoxdur.

Mərkəzi Asiyada elektrik enerjisi çatışmazlığı tez-tez müşahidə olunur. Regionun ənənəvi olaraq hidroenergetikadan asılı olması da problemlər yaradır. İqlim dəyişikliyi su ehtiyatlarını azaltdığı üçün su elektrik stansiyalarının fəaliyyəti su çatışmazlığından daha çox təsirlənir.

Teqlər