canlı Hörmüz boğazından keçən gəmilərin sayında azalma qeydə alınıb

Hörmüz boğazından keçən gəmilərin sayında azalma qeydə alınıb
Hörmüz boğazı yaxınlığındakı gəmilər. Müsəndəm, Oman, 17 avqust 2026-cı il.
Reuters

Son məlumatlara görə, Hörmüz boğazının açılması ətrafındakı qeyri-müəyyənlik gəmi sahiblərini çəkindirdiyi üçün daşımalar səngiyib. Çərşənbə axşamı boğazdan cəmi 6 yük gəmisi keçib. Bu, həm əvvəlki gün (9), həm də 10 günlük orta göstəricidən (11) azdır.

⦿ 18:10  | YENİLƏNİB

İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində qadın polis qüvvələrinin rəhbəri həlak olub  

 

Fələstin mənbələrinin məlumatına görə, İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində qadın polis qüvvələrinin rəhbəri və bir neçə polis komandiri həlak olub.  

⦿ 17:50 | YENİLƏNİB

Qəzzanın Daxili İşlər Nazirliyi İsraili hücumları dayandırmağa çağırıb

 

İsrailin Qəzza şəhərinin mərkəzindəki polis postuna zərbəsindən sonra Qəzzanın Daxili İşlər Nazirliyi beynəlxalq vasitəçiləri “İsrailin hücumlarını və polis qüvvələrinə qarşı zorakılığı dayandırmağa” çağırıb.

Nazirlik İsraili polis qüvvələrini zəiflətməyə və xaos yaratmağa çalışmaqda ittiham edib. Açıqlamada bildirilib ki, İsrail hücumlarına haqq qazandırmaq üçün əsassız iddialar irəli sürür.

⦿ 17:30 | YENİLƏNİB

İraq  Hörmüz vasitəsilə neft ixracına xüsusi şərtlər tələb edir

Reuters

İraq parlamentinin sədri Məhəmməd əl-Həlbusi Bağdadda iranlı həmkarı Məhəmməd Baqir Qalibafla görüşdə Hörmüz boğazından keçən İraq neftinə xüsusi status verilməsini istəyib. Bu barədə əl-Həlbusinin ofisinin yaydığı bəyanatda bildirilib.

Açıqlamada xüsusi statusun nədən ibarət olacağı və necə tətbiq ediləcəyi barədə ətraflı məlumat verilməyib.

⦿ 17:00 | YENİLƏNİB

İsrailin Qəzza şəhərinə dron zərbəsi nəticəsində 9 nəfər həlak olub

 

İsrail ordusu Qəzzanın mərkəzindəki Nuseyrat bölgəsinə və Qəzza şəhərinin Tuffah rayonuna zərbələr endirib. Məlumata görə, hər iki hücum HƏMAS üzvlərini hədəf alıb. Bildirilib ki, mülki şəxslərə zərəri minimuma endirmək üçün zəruri tədbirlər görülüb.  

İsrail pilotsuz uçuş aparatları ilə Qəzza şəhərinin mərkəzində yerləşən polis postuna da zərbə endirib. Yerli tibbi mənbənin məlumatına görə, hücum nəticəsində 9 nəfər həlak olub. Nuseyrata endirilən zərbə nəticəsində isə bir fələstinli ölüb.

⦿ 14:59 | YENİLƏNİB

İranlı deputatdan ABŞ-nin mümkün nüvə zərbəsinə qarşı xəbərdarlıq

Anadolu

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fəda Hüseyn Maleki bildirib ki, əgər ABŞ İrana qarşı nüvə silahından istifadə edərsə, Tehran buna adekvat cavab verəcək. O, bu barədə "Khabar Online" nəşrinə müsahibəsində səslənən ehtimalları şərh edərkən deyib.

Deputat "İran da nüvə silahı ilə cavab verəcəkmi" sualına belə cavab verib: "ABŞ hansı silahdan istifadə etsə, İran da eyni silahla qarşılıq verəcək".

⦿ 13:34 | YENİLƏNİB

BƏƏ İrana maliyyə dəstəyi verdiyini təkzib edib

Anadolu

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana maliyyə yardımı etdiyini rədd edib. Bu açıqlama Tehranla bütün ticarət və pul əməliyyatlarının dayandırıldığının elan edilməsindən bir neçə saat sonra verilib.

BƏƏ rəsmisi Ənvər Qarqaş bu xəbərlərin yalan olduğunu bildirib. O deyib ki, Əbu-Dabinin İrana maliyyə dəstəyi verməsi ilə bağlı iddialar uydurma media kampaniyalarının bir hissəsidir.

Qeyd edək ki, BƏƏ Çindən sonra İranın dünyada ikinci böyük ticarət tərəfdaşıdır. Eyni zamanda, bu ölkə Körfəzdə və ərəb dünyasında İranın ən əsas ticarət tərəfdaşı sayılır.

⦿ 13:15 | YENİLƏNİB

Yaxın Şərqdəki gərginlik qlobal istiqraz gəlirliliyini artırır

Anadolu

Yaxın Şərqdə artan geosiyasi gərginliyin neft qiymətlərini qaldırması və inflyasiya narahatlıqlarını gücləndirməsi qlobal istiqraz bazarlarında satış təzyiqini artırır.

ABŞ-də inflyasiyanın səngiməsinə baxmayaraq, Yaxın Şərqdə geosiyasi risklərin yenidən alovlanması Hörmüz boğazında təchizat narahatlıqları yaradıb, enerji qiymətlərinin yenidən artması isə istiqraz gəlirliliyini yuxarı çəkib.

Məlumata görə, yüksəkrütbəli İran rəsmisi bildirib ki, ABŞ-İran danışıqları nəticəsiz qalsa, Tehran müdafiədən hücuma keçə bilər. ABŞ Prezidenti Donald Tramp isə başa çatmaqda olan 60 günlük çərçivə sazişini uzatmaq niyyətində olmadığını bildirib.

⦿ 12:39 | YENİLƏNİB

İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan edib

 

IRNA dövlət xəbər agentliyinin məlumatına görə, İranın Xarici İşlər Nazirliyi Fransa səfirliyinin iki əməkdaşını beynəlxalq hüququ pozan fəaliyyətlərinə görə arzuolunmaz şəxs elan edib.

Nazirliyin bəyanatında bildirilir ki, həmin əməkdaşlar 1961-ci il tarixli Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasını pozan əməllərə yol veriblər.

İran tərəfi qeyd edib ki, sözügedən əməllərin üstünün açılmasından bir neçə həftə keçməsinə baxmayaraq, Fransa hökuməti bununla bağlı hər hansı tədbir görməyib və oxşar halların təkrarlanmasının qarşısını almaq üçün addım atmayıb.

⦿ 11:41 | YENİLƏNİB

BƏƏ raket hücumlarından sonra İranla ticarət əlaqələrini dayandırıb

Reuters

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi məlumata görə, regional və beynəlxalq sülhə təhdid yaradan gərginliyə cavab olaraq İranla bütün ticarət fəaliyyətlərini, kommersiya mübadiləsini və maliyyə əməliyyatlarını qeyri-müəyyən müddətə dayandırıb.

BƏƏ-nin Müdafiə Nazirliyi çərşənbə axşamı İrandan atılan iki ballistik raketin aşkar edildiyini açıqlayıb. Bu, mayın 4-də Fuceyra limanına edilən zərbədən sonra bölgədə qeydə alınan ilk belə hadisədir. Nazirlik bildirib ki, dəniz nəqliyyatını hədəf aldığı güman edilən hər iki raket dənizə düşüb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BƏƏ-nin iddialarını əsassız adlandıraraq rədd edib.

 

⦿ 10:50 | YENİLƏNİB

İran parlamentinin sədri İraqa səfər edib

 

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehran-Bağdad münasibətlərini və regional prosesləri müzakirə etmək üçün yüksək səviyyəli nümayəndə heyəti ilə qonşu İraqa yola düşüb. Bu barədə parlamentin xəbər agentliyi ICANA məlumat yayıb.

Səfərdən əvvəl "X" sosial şəbəkəsində paylaşım edən Qalibaf İran və İraq xalqları arasındakı tarixi əlaqələri yüksək qiymətləndirib:

"İran və İraq xalqlarının münasibətləri qardaşlıq və ortaq taleyə əsaslanan tarixi və bölünməz əlaqələrdir."

⦿ 08:40 | YENİLƏNİB

Əraqçi: "Tehran müharibənin bitməsini istəyir"

 

İranın Xarici İşlər naziri Abbas Əraqçi Tehranın müvəqqəti atəşkəs deyil, müharibənin tamamilə başa çatmasını istədiyini bildirib. O, eyni zamanda prezident Məsud Pezeşkianın qonşu ölkələrlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Əraqçinin sözlərinə görə, Pezeşkianın rəhbərliyi altında İranın xarici siyasətində qonşu dövlətlərlə gərginliyin azaldılması və regional əməkdaşlığın genişləndirilməsi prioritet təşkil edir.

Nazir son gərginliklər fonunda İrana dəstək olan qonşu ölkələrə təşəkkür edib. O, xüsusilə mal və dərman yardımına, yolda qalan vətəndaşların qayıdışına göstərilən köməyə və İran təyyarələri üçün hava məkanının açılmasına görə minnətdarlığını bildirib.

⦿ 08:07 | YENİLƏNİB

Trampın hərbi təlimləri ixtisar etməsi İran məsələsində Seula təzyiq kimi qiymətləndirilir

Reuters

Cənubi Koreyanın Xarici İşlər naziri Ço Hyun çərşənbə günü bildirib ki, ABŞ prezidenti Donald Trampın birgə hərbi təlimlərin miqyasının azaldılması ilə bağlı göstərişi Seulu İran müharibəsinə cəlb etmək üçün bir təzyiq kimi görünür.

⦿ 08:00 | YENİLƏNİB

ABŞ və BƏƏ regional təhlükəsizlik və Hörmüz boğazı məsələlərini müzakirə edib

Anadolu

ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibi Marko Rubio Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayed Əl-Nəhyanla telefon əlaqəsi saxlayaraq regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Departamentin bəyanatında deyilir: "Tərəflər Livan da daxil olmaqla bir sıra regional təhlükəsizlik məsələlərini, eləcə də İranı və onun terrorçu proksi qüvvələrini davam edən hücumlara görə məsuliyyətə cəlb etmək istiqamətində ABŞ və BƏƏ arasındakı koordinasiyanın davam etdirilməsini müzakirə ediblər".

Bəyanata əsasən, telefon danışığı zamanı Rubio Hörmüz boğazında naviqasiya azadlığının (sərbəst gəmiçiliyin) təmin olunmasının vacibliyini xüsusi vurğulayıb.

Teqlər