“AnewZ” səhər xülasəsi – 20 avqust 2026

“AnewZ” səhər xülasəsi – 20 avqust 2026
Gəmilər Hörmüz boğazı yaxınlığında hərəkət edir. Müsəndəm, Oman, 10 avqust 2026-cı il.
Reuters

Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 20-si üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.

Hörmüz boğazında danışıqlar dayanıb, gəmi hərəkəti məhdud qalır

Hörmüz boğazında gəmi hərəkəti dəyişməz qalıb. ABŞ və İran arasında danışıqlarda irəliləyiş olmadığı üçün boğazın tam açılması ilə bağlı qeyri-müəyyənlik davam edir.

“Kpler”in məlumatına görə, boğazdan doqquz yük gəmisi keçib. Bu göstərici əvvəlki günlə müqayisədə dəyişməyib.

Hörmüz boğazı dünya enerji daşımalarında mühüm marşrut olaraq qalır. Bölgədə davam edən təhlükəsizlik riskləri isə gəmi hərəkətini məhdudlaşdırır.

Rusiyanın Kiyevə hücumu nəticəsində 12 nəfər ölüb, Polşa hava hücumundan müdafiəni fəallaşdırıb

Rusiyanın Kiyevə ballistik raket hücumu nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Hücum nəticəsində yaşayış binalarına, uşaq xəstəxanasına və digər obyektlərə ziyan dəyib. Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi kəsilib.

Bundan sonra Polşa qabaqlayıcı tədbir olaraq hərbi aviasiyanı fəallaşdırıb, hava hücumundan müdafiə sistemlərini isə hazır vəziyyətə gətirib.

Suriyanın Xarici İşlər naziri 19 ildən sonra ilk dəfə Pakistana səfər edib

Suriyanın Xarici İşlər naziri Əsəd əş-Şeybani İslamabada səfər edib. Bu, Suriyanın baş diplomatının 19 ildən sonra Pakistana ilk səfəridir.

Görüşlərdə müdafiə sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

Səfər Suriyanın yeni rəhbərliyinin diplomatik əlaqələri bərpa etməyə və digər ölkələrlə əməkdaşlığı genişləndirməyə çalışdığı bir vaxta təsadüf edir.

Kolumbiyada zəlzələ qurbanlarının sayı artır, yüzlərlə insan itkin düşüb

Kolumbiyada ötən həftə baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 314-ə çatıb. Daha 262 nəfər itkin düşüb.

Prezident Abelardo De La Espriellanın sözlərinə görə, zəlzələ ölkənin qərbində evlərə və əsas infrastruktura ciddi ziyan vurub. Hazırda xilasetmə, humanitar yardım və bərpa işləri davam etdirilir.

“AnewZ” Özbəkistanın texnoloji yenilikləri və milli mətbəxi ilə tanış olur

“AnewZ”un Daşkənddən hazırladığı reportajda Özbəkistanın media, səhiyyə, sənaye və texnologiya sahələrində həyata keçirdiyi yeniliklər təqdim olunur.

Reportajda rəqəmsal inkişaf, istehsal və mədəni irsin qorunmasına yönəlmiş layihələrə diqqət yetirilir. Bu təşəbbüslər Özbəkistanın iqtisadi inkişafı tarixi və milli kimliyi ilə uzlaşdırmaq səylərini əks etdirir.

Teqlər