İran ABŞ-nin yeni sanksiyalarını “iqtisadi terrorizm” adlandırıb

İran ABŞ-nin yeni sanksiyalarını “iqtisadi terrorizm” adlandırıb
İranın Bəndər Abbas sahili yaxınlığında gəmi. Hörmüz boğazı, 30 iyun 2026-cı il.
Reuters

İran ABŞ-nin yeni sanksiyalarını “iqtisadi terrorizm” və “bəşəriyyətə qarşı cinayət” adlandırıb. Vaşinqtonu düşmənçilikdə ittiham edən Tehran, məhdudiyyətlərin ölkənin suverenlik və milli maraqlarını qorumaq əzmini qıra bilməyəcəyini vurğulayıb.

⦿ 19:00 | YENİLƏNİB

Britaniyada 19 yaşlı şəxs “Iran International” ofislərinə hücumla bağlı təqsirini etiraf edib

Reuters

19 yaşlı britaniyalı Londonun şimal-qərbində yerləşən “Iran International” telekanalı ilə əlaqəli ofislərə qarşı aprel ayında törədilən hücumla bağlı yanğın törətmək ittihamını qəbul edib.

Yanan konteyner telekanalın ana şirkətinin istifadə etdiyi binaya doğru atılıb, lakin dayanacağa düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb və heç bir zərər qeydə alınmayıb.

Londonda fəaliyyət göstərən “Iran International” telekanalı İran hökumətini tənqid edən mövqeyi ilə tanınır.

⦿ 18:54 | YENİLƏNİB

Pezeşkian: “İran müharibəni güclü mövqedən bitirməlidir”

Reuters

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran hazırda güclü mövqedə olduğu üçün müharibənin başa çatdırılması istiqamətində addım atmalıdır. Bu barədə dövlət xəbər agentliyi “ISNA” məlumat yayıb.

Pezeşkian deyib ki, beynəlxalq ictimaiyyət İranın qələbəsini qəbul edir və ölkə bu mövqedən istifadə edərək münaqişənin sona çatmasına çalışmalıdır. O, bundan sonra hansı addımların atılacağını açıqlamayıb.

⦿ 12:30 | YENİLƏNİB

ABŞ-nin blokadası fonunda İranın Çinə neft təklifi azalıb və qiymətlər bahalaşıb

Reuters

ABŞ-nin tətbiq etdiyi blokada Tehranın neft ixracını məhdudlaşdırdığı üçün İranın çinli alıcılara təklif etdiyi xam neftin həcmi kəskin azalıb. Nəticədə, əvvəllər endirimlə satılan bəzi neft yüklərinin bareli indi təxminən 2 dollar bahalaşıb.

İran neftinin həcmi azaldığı üçün Çinin neft emalı zavodları getdikcə daha çox Braziliya və İraqdan olan tədarüklərə üz tuturlar.

⦿ 10:00 | YENİLƏNİB

İran ABŞ-nin yeni sanksiyalarını “iqtisadi terrorizm” adlandırıb

 

İranın IRNA agentliyinin məlumatına görə, Tehran ABŞ-nin yeni sanksiyalarını “iqtisadi terrorizm” və “bəşəriyyətə qarşı cinayət” adlandıraraq pisləyib, Vaşinqtonu onilliklərdir düşmənçilik siyasəti yürütməkdə ittiham edib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, bu məhdudiyyətlər ölkənin suverenliyini və milli maraqlarını müdafiə etmək əzmini sarsıtmayacaq. Nazirlik həmçinin xəbərdarlıq edib ki, sanksiyalar və hərbi təzyiq qlobal sülh və təhlükəsizlik üçün təhdiddir.

 

⦿ 09:50 | YENİLƏNİB

Hörmüz boğazında gəmi trafiki yarıbayarı azalıb

Reuters

ABŞ və İran arasındakı sülh danışıqları ətrafında yaranan qeyri-müəyyənlik regionda gəmiçiliyə təsir göstərməkdə davam edir. "Kpler" şirkətinin məlumatına görə, cümə axşamı Hörmüz boğazından cəmi 7 yük gəmisi keçib. Halbuki əvvəlki gün bu rəqəm 14 olub.

Boğaza dörd gəmi daxil olub, üçü isə oranı tərk edib. Nəhəng xam neft daşıyıcıları və ya maye təbii qaz (LNG) tankerlərinin keçidi qeydə alınmayıb.

Yaxınlıqdakı Bab-əl-Məndəb boğazında da gəmilərin hərəkət intensivliyi azalaraq 23-ə düşüb. Ötən iki gün ərzində isə bu boğazdan hər gün 34 gəmi keçmişdi.

Teqlər