Çin İndoneziya ilə müdafiə, enerji və texnologiya sahələrində əməkdaşlığı dərinləşdirir

Çin İndoneziya ilə müdafiə, enerji və texnologiya sahələrində əməkdaşlığı dərinləşdirir
Çinin Xarici İşlər naziri Van İ və Müdafiə naziri Don Cün Cakartada keçirilən “2+2” formatlı görüşdə İndoneziya rəsmiləri ilə birgə foto çəkdirirlər. 21 avqust, 2026-cı il.
Reuters

Çin və İndoneziya hərbi əlaqələri gücləndirmək, mineral ehtiyatlar, enerji və texnologiya sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Cakarta iqtisadi və geosiyasi gərginlik fonunda rəsmi Pekin və Vaşinqtonla münasibətlərdə balans yaratmağa çalışır.

Çoxşaxəli əməkdaşlıq

Çinin Xarici İşlər naziri Van İ bildirib ki, hər iki ölkə mövcud fürsətdən yararlanmalıdır. O, Çinin Müdafiə naziri Don Cün ilə birlikdə indoneziyalı həmkarları ilə danışıqlar aparmaq üçün Cakartaya səfər edib.

“Hazırkı beynəlxalq vəziyyət mürəkkəbdir və müxtəlif proseslər bir-biri ilə sıx bağlıdır. Birtərəfli yanaşmalar və hegemon addımlar qlobal əməkdaşlığa və sabitliyə ciddi təsir göstərir”, – Van İ bildirib.

“Çin İndoneziya ilə yüksək səviyyəli əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə çalışır”, – o əlavə edib.

Tərəflər süni intellekt, müdafiə, dəmir yolu nəqliyyatı, yaşıl enerji, peyk texnologiyaları və balıqçılıq da daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

İndoneziya Prezidenti Prabovo Subianto ölkəsinin heç bir bloka qoşulmamağa əsaslanan “azad və fəal” xarici siyasət kursunu davam etdirəcəyini bildirib. O, Çin və İndoneziyanın əsas ticarət tərəfdaşlarından biri olan ABŞ də daxil olmaqla bütün ölkələrlə dostluq münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarıdır. Cakarta ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı da genişləndirir.

Van İ bildirib ki, tərəflər bir-birinin əsas maraqlarını dəstəkləmək, həmçinin enerji və mineral ehtiyatlar sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

G20 üzvü olan İndoneziyanın iqtisadiyyatının həcmi 1,4 trilyon dollardır. Ölkə zəngin təbii ehtiyatlara, o cümlədən böyük nikel, qalay, mis, qızıl və boksit yataqlarına malikdir. Ölkə həmçinin dünyanın ən böyük palma yağı və energetik kömür ixracatçısıdır. Çin isə bu məhsulların əsas alıcılarından biridir.

Çin İndoneziyanın nikel emalı sektoruna yatırımlarda dominant mövqeyə malikdir. Lakin ixracla bağlı yeni tədbirlər və mədən hasilatı kvotalarının sərtləşdirilməsi də daxil olmaqla son siyasət dəyişiklikləri bəzi şirkətləri digər ölkələrdə alternativ imkanlar axtarmağa sövq edib.

Müdafiə sahəsində əməkdaşlıq genişlənir

Çinin Müdafiə naziri Don Cün indoneziyalı həmkarı ilə danışıqlar aparmaq üçün Cakartaya səfəri zamanı fəxri qarovul dəstəsi ilə qarşılanıb.

“İki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Bu əməkdaşlıq getdikcə daha keyfiyyətli və səmərəli xarakter alır”, – Don Cün bildirib.

İndoneziyanın müdafiə naziri Şafri Səmsuddin qeyd edib ki, tərəflər birgə hərbi təlimlər və zabit mübadiləsi də daxil olmaqla müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək. Müdafiə sənayesi sahəsində tərəfdaşlığın gücləndirilməsi də nəzərdə tutulur.

“Bu, İndoneziyanın müdafiə potensialının həm hazırda, həm də gələcəkdə gücləndirilməsi istiqamətində atılan mühüm addımdır”, – o bildirib.

Ötən həftə Çin və İndoneziya hərbi dəniz qüvvələrinin Tayvanın şərqində keçirdiyi nadir birgə təlim Tayvanın etirazına səbəb olub. Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir.

İndoneziya Hərbi Dəniz Qüvvələri isə gəmilərindən birinin Çinlə yanaşı, Yaponiya və ABŞ ilə də müntəzəm təlimlər keçirdiyini bildirib.

Müdafiə məsələləri üzrə analitik Curie Maharani qeyd edib ki, İndoneziya bu təlimi adi hərbi fəaliyyət kimi qiymətləndirsə də, təlimin keçirildiyi məkan Çinə fərqli siyasi mesaj vermək imkanı yaradıb.

“Böyük dövlətlər müdafiə sahəsində əməkdaşlıqdan öz mövqelərini gücləndirmək üçün istifadə edirlər”, – Maharani bildirib.

İndoneziya ilə Çin arasında Cənubi Çin dənizindəki proseslərlə bağlı fikir ayrılıqları da mövcuddur. Pekin dənizin böyük hissəsinə ərazi iddiası irəli sürür.

Bununla belə, Cakarta məsələyə ehtiyatlı yanaşır və özünü Çin, Filippin, Malayziya və Vyetnamın iştirak etdiyi daha geniş ərazi mübahisələrinin tərəfi hesab etmir.

Ticarət və investisiya

Çin İndoneziyanın əsas xarici investorlarından biridir. Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk yarısında Çinin ölkəyə birbaşa xarici investisiyalarının həcmi 3,9 milyard dollar təşkil edib. Lakin bəzi investisiya qaydaları tərəflər arasında fikir ayrılığına səbəb olub.

May ayında İndoneziyada fəaliyyət göstərən Çin şirkətləri hökuməti biznes üçün daha əlverişli şərait yaratmağa çağırıblar. Şirkətlər bildiriblər ki, vergilərin artırılması və nikelin qiymətinin müəyyənləşdirilməsi üçün tətbiq edilən yeni formula xərcləri artırır və investisiyaları risk altına qoyur.

“Reuters”in əldə etdiyi sənəddə İndoneziyadakı Çin Ticarət Palatası bildirib ki, Çin şirkətləri həddindən artıq sərt qaydalar və ciddi nəzarətlə üzləşirlər. Palata həmçinin bəzi dövlət qurumlarının korrupsiya hallarına yol verdiyini və hədə-qorxu ilə pul tələb etdiyini iddia edib. İndoneziyanın əsas Çin investorları arasında dünyanın ən böyük elektrik avtomobili batareyası istehsalçısı “Contemporary Amperex Technology” və ölkədə əritmə zavodları olan polad istehsalçısı “Tsingshan Group” yer alır.

Teqlər