AnewZ dövlət səfərinin işıqlandırılmasında süni intellekt həllərindən istifadə edib

AnewZ Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin işıqlandırılmasında süni intellekt həllərindən istifadə edib.

Səfərin ilk günündə yayımlanan reportajlar üçün 6 belə vizual hazırlanıb. Süni intellektdən həmçinin musiqi və qrafik elementlərin hazırlanmasında istifadə olunub.

Vizual həllərdən biri Bakıdan Daşkəndə uçuşla başlayır. Təyyarədən çəkilmiş real görüntü daha sonra süni intellektlə davam etdirilir. Bakı və Daşkəndin real koordinatları əsasında qurulan kadr Daşkənd hava limanına, birinci bortun dayandığı əraziyə qədər davam edir və burada yenidən real çəkilişə keçir.

Digər kadrlarda prezident kortejinin Daşkənd küçələri ilə hərəkəti, “Yeni Özbəkistan” Parkı və Köksaray arasındakı marşrut eyni üsulla göstərilib.

Bu zaman real çəkilişlə süni intellekt vasitəsilə hazırlanmış görüntülər bir-birini əvəz edir. Məqsəd ayrı-ayrı məkanlar arasında keçidləri göstərmək və səfərin marşrutunu izləyiciyə daha aydın təqdim etməkdir.

Reportajlarda səslənən musiqi də bu materiallar üçün süni intellekt vasitəsilə hazırlanıb.

AnewZ-un yanaşmasında əsas prinsip real hadisə ilə süni intellekt vasitəsilə yaradılan görüntü arasındakı sərhədi qorumaqdır. Süni intellekt yalnız təqdimatda istifadə olunur: səfər, görüşlər, məkanlar, kortej və hadisə yerindən çəkilişləri realdır.

Yuxarıdakı videoda dövlət səfərinin ilk günündə AnewZ-un istifadə etdiyi süni intellekt həllərindən nümunələr təqdim olunur.

Teqlər