Ermənistanın keçmiş prezidenti Robert Koçaryan korrupsiya araşdırması çərçivəsində saxlanılıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan korrupsiya araşdırması çərçivəsində saxlanılıb
Robert Koçaryan “Ermənistan” Alyansının seçki kampaniyası çərçivəsində keçirilən mitinqdə çıxış edir. İrəvan, Ermənistan, 5 iyun 2026-cı il.
Reuters

Ermənistanın Anti-Korrupsiya Komitəsi keçmiş prezident Robert Koçaryanla bağlı cinayət işinin təfərrüatlarını açıqlayıb. Bildirilib ki, korrupsiya araşdırması çərçivəsində Koçaryan və oğlu da daxil olmaqla, ümumilikdə 6 nəfər saxlanılıb.

“Armenpress”in yaydığı məlumata görə, müstəntiqlər iddia edirlər ki, Koçaryan prezident olduğu dövrdə yaxın çevrəsi ilə əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib və dövlət üçün mühüm sosial-iqtisadi əhəmiyyət daşıyan dəyərli əmlakları ələ keçirib.

Həmin əmlakların müxtəlif uydurma bəhanələrlə dövlət mülkiyyətindən çıxarıldığı və bazar qiymətindən dəfələrlə aşağı qiymətə satıldığı bildirilir.

Koçaryan və oğlu Anti-Korrupsiya Komitəsinə aparılıb

Media Robert Koçaryan və oğlu Sedrak Koçaryanın saxlanılaraq Anti-Korrupsiya Komitəsinə aparıldığını xəbər verib. Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları keçmiş prezidentin evinə gəldikdən sonra Sedrak Koçaryan komitəyə aparılıb, evdə isə axtarışlar davam etdirilib.

Onlarla ünvanda axtarış aparılıb

Robert Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan keçmiş prezidentin səhər saatlarında komitəyə aparıldığını təsdiqləyib. Eyni zamanda, Koçaryanın digər oğlu, deputat Levon Koçaryanın evində də MTX əməkdaşları axtarış aparıblar.

Anti-Korrupsiya Komitəsinin mətbuat katibi Marina Ohanyan araşdırma çərçivəsində onlarla ünvanda genişmiqyaslı əməliyyatların keçirildiyini bildirib. Axtarış aparılan obyektlər arasında Koçaryan ailəsinə məxsus “Orange Premium Fitness” klubu və “Toyota” diler mərkəzinin də olduğu qeyd edilir.

Əməliyyatlar Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə müxalifəti və “Koçaryan klanı”nı kəskin tənqid etməsindən bir gün sonra keçirilib.

Teqlər