Suriya və İsrail gərginliyi azaltmaq üçün danışıqlar aparır

Suriya və İsrail gərginliyi azaltmaq üçün danışıqlar aparır
İsrail tankı işğal altında olan Colan təpələri ilə Suriya arasındakı atəşkəs xəttində hərəkət edir. 20 avqust 2026-cı il.
Reuters

ABŞ-nin vasitəçiliyi ilə Suriya və İsrail rəsmiləri arasında İordaniyada danışıqlar olub. Tərəflər ötən həftə Türkiyə yaxınlığındakı Suriya hərbi hava bazasına endirilən zərbədən sonra yaranan gərginliyi azaltmaq məqsədilə müzakirələr aparıblar.

Suriyanın Xarici İşlər naziri Əsəd əl-Şeybani İsrail nümayəndə heyəti ilə görüşüb. Məlumata görə, İsrail tərəfinə Mossad rəhbəri Roman Qofman başçılıq edib.

Görüşdə Suriyada İsrailin hava zərbələrinin, həbslərin və xüsusi əməliyyatların dayandırılması, həmçinin təhlükəsizlik razılaşması üzrə danışıqların bərpası müzakirə olunub.

Tərəflər İsrail və Türkiyə arasında artan gərginliyin Suriyaya təsir etməsinin qarşısının alınması məsələsini də müzakirə ediblər.

Danışıqlar İsrailin ötən həftə Suriyanın şimal-qərbində yerləşən Əbu əl-Duhur hərbi hava bazasına endirdiyi zərbələrdən sonra keçirilib. Baza Türkiyə sərhədindən təxminən 70 kilometr aralıda yerləşir.

Zərbələr nəticəsində hava bazasının uçuş-enmə zolağı və bəzi obyektlər zədələnib. Hadisə zamanı ölən və ya yaralananların olmadığı bildirilib.

İsrail zərbələrin Türkiyənin həmin bazaya hərbi qüvvə və texnika yerləşdirməsi ilə bağlı məlumatlardan sonra həyata keçirildiyini bildirib.

Türkiyə və Suriya isə bu iddiaları rədd edərək hər hansı hərbi yerləşdirmə planının olmadığını açıqlayıb.

Barrak: “Bu məlumat doğru deyil”

ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin hava zərbələri ilə bağlı açıqlamalarını təkzib edib.

O bildirib ki, ABŞ kəşfiyyat qurumları məlumatları araşdırıb və iddiaların doğru olmadığı qənaətinə gəlib.

Barrak sosial şəbəkə paylaşımında İsrail ordusu, Mossad və Baş nazir Benyamin Netanyahunun ofisi arasında anlaşılmazlıq ola biləcəyini qeyd edib.

O həmçinin bildirib ki, nə Vaşinqton, nə də Ankara zərbələr barədə əvvəlcədən məlumatlandırılmayıb.

Barrak Türkiyə ordusunun yaxşı təchiz olunduğunu deyib. O bildirib ki, yanlış məlumat əsasında həyata keçirilən hücumlar İsrail və NATO-nun ikinci ən böyük ordusu arasında gərginliyə səbəb ola bilərdi.

Türkiyə-İsrail münasibətlərində gərginlik artır

Türkiyə və İsrail arasında münasibətlər Qəzzadakı müharibə və Ankaranın Suriyada artan təsiri fonunda pisləşib.

Gərginlik 2024-cü ilin sonunda Prezident Bəşər Əsəd hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Türkiyənin Suriyadakı siyasi və hərbi rolunun artması ilə daha da yüksəlib.

Türkiyə Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyanın yeni hökumətini dəstəkləyən əsas ölkələrdən biridir. Ankara Dəməşqə hərbi təlim və yardım göstərir. Suriya isə uzun illər davam edən münaqişədən sonra dövlət qurumlarını bərpa etməyə və silahlı qüvvələri birləşdirməyə çalışır.

İsrail isə Suriyada bir sıra hava zərbələri həyata keçirib və BMT-nin nəzarət etdiyi bufer zonasından kənarda qoşun yerləşdirib.

Dəməşq İsrail qüvvələrinin əvvəlki mövqelərə geri çəkilməsini və 1974-cü ildə imzalanmış qüvvələrin ayrılması sazişinin tam bərpasını tələb edir. Suriya və İsrail rəsmi olaraq hələ də müharibə vəziyyətindədir.

Teqlər