ABŞ-İran müharibəsində 7-ci ay: Qarşıdurmanın sonu görünmür

Fevralın 28-də başlayan İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatı 7-ci ayına daxil olub. Tehran münaqişə ilə bağlı yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Pakistan, Oman və Qətər rəsmilərinin iştirakı ilə aparılan danışıqları davam etdirir.

Bu həftə keçirilən yüksək səviyyəli səfərlər Tehran və Vaşinqton arasında gərginliyin artdığı və sülh danışıqlarının dayanması fonunda baş tutub. Müharibənin 4 həftə ərzində başa çatacağı gözlənilsə də, qarşıdurma artıq 7 aydır davam edir.

Pakistan ordusunun rəhbəri feldmarşal Asim Munir İran-ABŞ danışıqları ilə bağlı Tehrana səfər edib. Onun səfərinin məqsədi iyunda İran və ABŞ prezidentləri tərəfindən imzalanan İslamabad Anlaşmasının bərpasına kömək etmək olub.

Ortaq su yolu, ortaq anlayış

Omanın xarici işlər naziri Bədr Əl-Busaidi Tehrana səfər edib. O, İran rəsmiləri ilə Hörmüz boğazında dəniz nəqliyyatı və gəmi hərəkəti üzrə mümkün razılaşmanı müzakirə edib.

Fars körfəzini Oman körfəzi ilə birləşdirən Hörmüz boğazı münaqişədən əvvəl dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi əsas su yollarından biri olub. Boğazın açıq qalması ilə bağlı qeyri-müəyyənlik gəmi hərəkətinə təsir edib və neft qiymətlərinin artmasına səbəb olub. Bu vəziyyət qlobal enerji bazarlarında da əks olunub.

Rəsmi Tehran və Maskat Hörmüz boğazında müvəqqəti keçid dəhlizinin yaradılması və minaların təmizlənməsi barədə razılığa gəlib.

Daha sonra Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Tehrana səfər edib. Təsdiqlənməmiş məlumatlara görə, onun ABŞ-dən İrana mesaj çatdırdığı ehtimal olunur.

Əl Tani görüşdən sonra “X” platformasında paylaşım edərək Hörmüz boğazında beynəlxalq hüquqa uyğun gəmiçilik azadlığının qorunmasının vacibliyini vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Oman, Pakistan və Qətər rəsmiləri ilə görüşüb.
IRNA, ISNA, FANA - image generated by AI

Bu həftə Tehrana səfər edən Oman, Pakistan və Qətər rəsmiləri İran Prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşlər keçiriblər.

Yeni sanksiyalar

Tehran və Vaşinqton arasında atəşkəs razılaşmasının başa çatmasından sonra ABŞ İrana qarşı yeni və daha sərt iqtisadi sanksiyalar tətbiq edib.

ABŞ hazırda İranla danışıqlar aparılmadığını bildirir. İran isə üçüncü tərəflər üzərindən çatdırıb ki, istənilən müzakirə Vaşinqtonun iyun ayında əldə olunan atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməsi şərtilə aparılmalıdır.

Bu arada İran və ABŞ-də bəzi siyasi dairələr İslamabad Anlaşmasını uğursuz razılaşma kimi qiymətləndirirlər. Yeni sanksiyalar fonunda Tehran və Vaşinqton arasında uzunmüddətli qarşıdurmanın davam edəcəyi gözlənilir.

Daha ətraflı:

Teqlər