Türkiyə İsrailin Ərdoğanla bağlı tənqidinə reaksiya verib

Türkiyə İsrailin Ərdoğanla bağlı tənqidinə reaksiya verib
Prezident Rəcəb Tayyib Ərdoğan. İstanbul, Türkiyə, 28 avqust 2026-cı il.
Reuters

Türkiyə İsraili Prezident Rəcəb Rayyib Ərdoğanla bağlı yalan məlumatlar yaymaqda ittiham edib. Bu, Qəzza və Suriya məsələləri fonunda iki ölkə arasında artan gərginliyin növbəti göstəricisidir.

Türkiyənin Xarici İşlər Nazirliyi avqustun 29-da İsrail Xarici İşlər Nazirliyinin Ərdoğanı hədəf alan açıqlamalarını rədd edib. Nazirlik bildirib ki, bu bəyanatlar Baş nazir Benyamin Netanyahu hökumətinin mövqeyini əks etdirir.

İsrailin tənqidi Ərdoğanın avqustun 28-də İstanbulda keçirilən tədbirdəki çıxışından sonra səslənib. Türkiyə Prezidenti İsrail hökumətini Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edib və sionizmi “radikal, işğalçı və soyqırımı törədən ideologiya” adlandırıb.

İsrail Xarici İşlər Nazirliyi isə Ərdoğanın açıqlamalarını pisləyib. Bu bəyanat Ankaranın reaksiyasına səbəb olub.

Ərdoğan çıxışında İsrailin Qəzza, İordan çayının qərb sahili və Livandakı siyasətini də tənqid edib, İslam dünyasını birliyə çağırıb.

Türkiyə Qəzza müharibəsi ilə bağlı İsraili ən sərt tənqid edən ölkələrdən biridir. Ankara dəfələrlə Netanyahu hökumətini soyqırımda ittiham edib. Təl- Əviv isə bu ittihamları rədd edir və hərbi əməliyyatlarının HƏMAS-a qarşı yönəldiyini bildirir.

Suriya məsələsi də iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Türkiyə 2024-cü ildə Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Prezident Əhməd əl Şaaranın rəhbərlik etdiyi hökumətə dəstək verən əsas ölkələrdən birinə çevrilib.

 

İsrail Ankaranın Suriyadakı təsirinin artmasından narahatdır. İsrail bu ayın əvvəlində Türkiyə hərbçilərinin orada yerləşməyə hazırlaşdığını iddia edərək Suriyanın Əbu əl-Duhur aviabazasına zərbə endirib. Türkiyə isə belə planının olmadığını açıqlayıb və hücumu Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib.

İki ölkə arasında qarşılıqlı sərt açıqlamalar davam edir.

 Qəzza və Suriya ilə bağlı fikir ayrılıqları onsuz da gərgin olan münasibətləri regional rəqabətə çevirib. Tərəflər Suriyada maraqlarının hərbi qarşıdurmaya səbəb olmaması üçün çalışsalar da, gərginlik qalır.

Teqlər