İran Küveyt və BƏƏ-dəki ABŞ bazalarına zərbələr endirib

İran ordusu çərşənbə axşamı gecə saatlarında İranın cənub və qərb rayonlarına edilən, ilkin məlumatlara görə 18 nəfərin ölümünə və 100-dən çox insanın yaralanmasına səbəb olan ABŞ hücumlarına cavab olaraq Küveyt və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ABŞ bazalarına yenidən zərbələr endirib.

Ordunun yaydığı bəyanatda bildirilir ki, bu zərbələr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) çərşənbə günü bölgədəki bir çox ABŞ bazasına qarşı həyata keçirdiyi cavab xarakterli ballistik raket hücumlarından bir gündən də az müddət sonra baş tutub.

İran Silahlı Qüvvələrinə bağlı “Defa Press” saytının məlumatına görə, ordunun PUA-ları və raketləri cümə axşamı səhər saatlarında Küveytdəki “Əhməd əl-Cabir” aviasiya bazasında peyk rabitəsi qurğularını, texniki təchizat anbarlarını və qırıcı təyyarə anqarlarını hədəfə alıb.

“Defa Press” ordunun bəyanatına istinadən qeyd edib ki, Dubay yaxınlığındakı “Əl-Minhəd” aviasiya bazasında ABŞ hərbçilərinin yerləşdiyi ərazilər və radar sistemləri də vurulub.

Strateji hədəflər

“Defa Press”in məlumatına görə, “Əhməd əl-Cabir” aviasiya bazası ABŞ qüvvələrinin Qərbi Asiyadakı maddi-texniki təminatında, eləcə də hava və kəşfiyyat əməliyyatlarında əsas rol oynayır. “Əl-Minhəd” aviasiya bazası isə xarici qüvvələrin dəstəklənməsi və hava hərəkətliliyi üçün mühüm mərkəzdir.

Tehranın son cavab tədbiri ABŞ-nin çərşənbə axşamı gecə saatlarında İranın cənub və qərb bölgələrinə endirdiyi zərbələrdən sonra gəlib. Bu, ABŞ-nin son üç gündə İrana endirdiyi ikinci belə zərbə olub və ilkin məlumatlara görə, 18 dinc sakinin ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olub. Bildirilir ki, həlak olanların əksəriyyəti toy mərasimində iştirak edənlər olub.

Çərşənbə günü SEPAH ABŞ-nin hücumlarında iştirak etdiyi iddia olunan qüvvələrin yerləşdiyi Bəhreyn, İordaniya və İraqın şimalındakı Ərbil şəhərində yerləşən ABŞ bazalarına zərbələr endirib. Hücumlar nəticəsində həlak olanlar arasında dörd yaşlı uşağın da olduğu bildirilir.

SEPAH həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə Hörmüz boğazından keçməyi planlaşdıran iki tankerlərin dəniz minalarına dəydiyini də elan edib.

İran ABŞ hücumlarını pisləyir

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin hava hücumlarını “hərbi cinayət” və “mənəvi tənəzzül” əlaməti kimi qiymətləndirərək, İranın beynəlxalq səviyyədə tanınmış ayrılmaz “özünümüdafiə hüququ" çərçivəsində  cavab verəcəyini bəyan edib.

Nyu-Yorkda İranın BMT yanında müvəqqəti işlər vəkili Qulamhüseyn Dərzi BMT Baş katibinə və Təhlükəsizlik Şurasına məktub göndərərək uşaqlar da daxil olmaqla dinc sakinləri hədəf alan və öldürən ABŞ hücumlarını qətiyyətlə pisləyib. O, hücumların beynəlxalq humanitar hüququn fundamental qaydalarının kobud şəkildə pozulması olduğunu və hərbi cinayət təşkil etdiyini bildirib.

Məktubda qeyd olunub: “İran İslam Respublikası özünümüdafiənin qaçılmaz hüququndan istifadə edərək öz xalqını, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri və proporsional tədbirləri görəcək, BMT Nizamnaməsinə və tətbiq olunan beynəlxalq hüquqa uyğun olaraq istənilən hərbi təcavüz aktına qətiyyətlə cavab verəcək”.

Teqlər