Kulevi neft emalı zavodu Rusiya neftindən tam imtina etdiyini bildirib

Kulevi neft emalı zavodu Rusiya neftindən tam imtina etdiyini bildirib
Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanı.
SOCAR / Black Sea Terminal LLC

Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi neft emalı zavodunun operatoru “Black Sea Petroleum” (BSP) şirkəti avqustun 23-dən zavodda Rusiya neftinin emalının tam dayandırıldığını və yalnız digər ölkələrdən tədarük edilən xam neftdən istifadə olunduğunu açıqlayıb.

Bununla da şirkətin Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına daxil edilməsindən sonra sürətləndirdiyi təchizatın şaxələndirilməsi planı başa çatıb.

Açıqlamaya görə, keçid mərhələli şəkildə həyata keçirilib. İyul ayı və avqustun ilk üç həftəsi ərzində Qazaxıstan xam nefti Rusiya nefti ilə qarışdırılıb. Daha sonra isə Rusiya neftindən istifadə tədricən azaldılaraq tamamilə dayandırılıb.

Prosesin son mərhələsi avqustun 30-da tamamlanıb. Həmin gün “Kriti Legend” tankeri Kuleviyə yan alaraq zavod üçün Liviyadan ilk xam neft yükünü gətirib. Təxminən 90 min ton həcmində olan neft iyulun 3-də imzalanmış uzunmüddətli müqavilə əsasında tədarük edilib.

BSP bildirir ki, bu addımla şirkətin Brüsselin təzyiqi ilə üzləşdiyi iyul və avqust aylarında açıqladığı xammal mənbələrinin şaxələndirilməsi planı tam yerinə yetirilib.

Kulevi neft emalı zavodu Rusiya xam neftini emal etdiyinə görə Aİ-nin 21-ci sanksiyalar paketinə daxil edilib. Şirkətə tam əməliyyat qadağası qüvvəyə minməzdən əvvəl təchizat zəncirini Rusiya neftindən təmizləmək üçün altı aylıq keçid müddəti verilib.

Şirkətin açıqladığı məlumatlar təsdiqini taparsa, Kulevi zavodu bu prosesi özü üçün müəyyən edilmiş son tarixdən əvvəl tamamlamış olacaq.

“Black Sea Petroleum” üçün dönüş nöqtəsi

Bu, şirkətin mövqeyində nəzərəçarpacaq dəyişiklikdir. “Reuters” 2025-ci ilin oktyabrında Rusiya neftinin Kuleviyə çatdırıldığını ilk dəfə xəbər verəndə BSP məsələyə birbaşa münasibət bildirməyərək əsasən susmağa üstünlük vermişdi. Zavod fevralda Aİ-nin 20-ci sanksiyalar paketinə daxil edilməkdən son anda yayınsa da, Rusiya xam neftini emal etməyə davam etmişdi.

Vəziyyət yalnız bu ilin iyulunda, BSP-nin Aİ-nin 21-ci sanksiyalar paketinə daxil edilməsi ehtimalı artdıqdan sonra dəyişdi. Şirkət əvvəlki yanaşmasından imtina edərək vəziyyəti dəyişəcəyinə dair açıq öhdəlik götürdü və öz ifadəsi ilə desək, “əməliyyatlarının qanuniliyini təsdiqləməyə” çalışdığını bildirdi.

Rəsmi Tbilisi isə bütün bu müddət ərzində mövqeyini dəyişməyib.

Sanksiyalar elan ediləndə Gürcüstan Xarici İşlər Nazirliyi qərardan təəssüfləndiyini bildirib və Kulevinin sanksiyalara məruz qalması üçün “nə faktiki, nə də hüquqi əsasların” olduğunu bəyan edib. Nazirlik bununla bağlı sənədlərin daha əvvəl Avropa Komissiyasına təqdim edildiyini də vurğulayıb.

Nazirlik, həmçinin Gürcüstanın sanksiyalara əməl olunmasına ciddi yanaşdığını və ölkə ərazisində sanksiyalardan yayınma halının heç vaxt qeydə alınmadığını bildirib. Rəsmi Tbilisi altı aylıq keçid müddəti başa çatdıqdan sonra Brüsseli Kulevinin sanksiyalar siyahısına daxil edilməsi ilə bağlı qərara yenidən baxmağa çağırıb.

Lakin hökumətin bu mövqeyi BSP-nin Rusiya neftinin əvəzlənməsinin zəruri olduğunu etiraf etməsi ilə müəyyən qədər ziddiyyət təşkil edir. Üstəlik, Gürcüstanın Rusiya xam neftindən uzaqlaşmaqda ləng davrandığına dair tənqidlər artır. Bu tənqidlər Tbilisidəki britaniyalı diplomatlar tərəfindən də səsləndirilib.

BSP-nin son açıqlaması Gürcüstanın rəsmi ticarət göstəriciləri ilə də tam uzlaşmır.

Gürcüstan Milli Statistika İdarəsinin yanvar-iyul ayları üzrə son statistikasına görə, Rusiya xam nefti Gürcüstanın neft idxalının böyük hissəsini təşkil edib. Ölkədə neft emalının sürətlə artması da yayadək demək olar ki, tamamilə Rusiya neftinin hesabına baş verib.

BSP-nin açıqladığı keçid qrafiki ilə dövlətin rəsmi göstəriciləri tam üst-üstə düşmür. Kulevidə Rusiya neftindən imtinanın həqiqətən gerçəkləşdiyinin, yoxsa BSP-nin bunu bir qədər tez elan etdiyinin aydınlaşması üçün, çox güman ki, daha bir neçə aylıq statistik məlumatlara və Aİ-nin diqqətli qiymətləndirməsinə ehtiyac olacaq.

Teqlər