İspaniya Seutada miqrantlar üçün yeni yerləşdirmə məntəqəsi hazırlayır

İspaniya Seutada miqrantlar üçün yeni yerləşdirmə məntəqəsi hazırlayır
Kütləvi miqrant keçidlərindən sonra çimərlikdə təhlükəsizlik tədbirləri görülür. Seuta, İspaniya, 15 avqust 2026-cı il.
Reuters

İspaniya hakimiyyəti Seutaya gələn və hazırda küçələrdə qalan yüzlərlə miqrant üçün yeni yerləşdirmə məntəqəsi hazırlayır. Bu barədə yerli media məlumat yayıb.

EFE xəbər agentliyinin məlumatına görə, Los Rosales məhəlləsində yerləşən uşaq bağçasının yaxınlığında iki çadır qurulur.

Mümkün insidentlərin qarşısını almaq üçün əraziyə polis əməkdaşları yerləşdirilib.

Bağça əməkdaşları və valideynlər çadırların məktəbə yaxın qurulmasına etiraz ediblər. 

Sentyabrın 28-də açılması planlaşdırılan bağça 3 yaşadək olan 176 uşaq üçün nəzərdə tutulub.

Küçələrdə və dağlıq ərazilərdə gecələyən miqrantlar üçün başqa yerlərdə də müvəqqəti məntəqələr hazırlanıb.

İspaniyanın ərazi siyasəti və demokratik yaddaş naziri Anxel Viktor Torres bildirib ki, bu məntəqələr miqrantların kimliyini müəyyənləşdirmək və onların əksəriyyətini Mərakeşə qaytarmaq üçün lazımdır.

İspaniyanın CCOO həmkarlar ittifaqı başqa həll yolu təklif edib. CSIF həmkarlar ittifaqı isə uşaq bağçası açılmazdan əvvəl risklərin qiymətləndirilməsini və təhlükəsizliyin təmin olunmasını tələb edib.

Seutada minlərlə miqrant qalır

İspaniya hökumətinin rəsmi məlumatına görə, iyulun 30-da və 31-də təxminən 72 min nəfər Mərakeşdən Seutaya qanunsuz keçib. Bu, Seuta tarixində görünməmiş miqrant axını olub. Gələnlərin sayı şəhərin əhalisinə yaxın olub.

Mərakeşdən Seutaya kütləvi miqrant axınından sonra şəhər sakinlərinə dəstək aksiyası. Seuta, İspaniya, 2 sentyabr 2026-cı il.
Reuters

Hökumətin hesablamalarına görə, həmin miqrantlardan təxminən 5 mini hələ də Seutadadır. İspaniyanın Şimali Afrikada yerləşən muxtar şəhəri Seutada təxminən 80 min nəfər yaşayır.

Teqlər