Hörmüz boğazından keçən gəmilərin sayı may ayından bəri ən aşağı səviyyəyə düşüb

Hörmüz boğazından keçən gəmilərin sayı may ayından bəri ən aşağı səviyyəyə düşüb
Hörmüz boğazındakı gəmilər. Oman, 6 sentyabr 2026-cı il.
Reuters

ABŞ və İran qüvvələrinin tankerlərə qarşı hücumlarının kəskin artmasından sonra Hörmüz boğazından gəmi keçidi may ayından bəri ən aşağı səviyyəyə düşüb.

⦿ 17:33 | SON DƏQİQƏ

Cazan neft emalı zavodu hücuma məruz qalıb

Reuter

“Financial Times” nəşrinin məsələdən xəbərdar olan iki mənbəyə istinadən verdiyi məlumata görə, “Saudi Aramco” şirkətinin Cazan neft emalı zavodu hücuma məruz qalıb və dəymiş ziyanın miqyası qiymətləndirilir.

“Reuters” agentliyi bu məlumatı dərhal müstəqil şəkildə təsdiqləyə bilməyib.

⦿ 17:30  | YENİLƏNİB

Oman hücumdan sonra Səudiyyə tankerinin 16 heyət üzvünü təxliyə edib

Reuters

“Reuters” agentliyinin məlumatına görə, Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi Hörmüz boğazında hücuma məruz qalan Səudiyyə Ərəbistanına məxsus “Sidr” tankerinin 16 heyət üzvünün təxliyə edildiyini açıqlayıb.

“Sidr” ötən bazar ertəsi strateji su yolundan keçərkən hücuma məruz qalan və Səudiyyə Ərəbistanına məxsus xam neft daşıyan iki tankerdən biri olub. Səudiyyə Ərəbistanı hücum nəticəsində iki filippinli dənizçinin öldüyünü bildirib.

İnsidentlər qlobal neft təchizatı baxımından mühüm əhəmiyyət daşıyan Hörmüz boğazında ticarət gəmiçiliyinə qarşı təhdidlərin artdığı bir vaxtda baş verib.

İran və ABŞ arasında qarşıdurmanın və hücumların şiddətlənməsi fonunda son günlər boğazdan keçən tanker hərəkəti əhəmiyyətli dərəcədə azalıb.

⦿ 14:24  | YENİLƏNİB

BƏƏ İran müharibəsi fonunda alternativ ticarət marşrutları axtarır

Reuters

BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş bildirib ki, ölkə İranla müharibə səbəbindən asılı vəziyyətə düşməmək üçün enerji ixracı və ticarət üzrə alternativ marşrutlar yaradır.

Onun sözlərinə görə, BƏƏ şərqdəki limanlarını, boru kəmərlərini, dəmir yollarını və digər ticarət dəhlizlərini genişləndirir. Qarqaş əlavə edib ki, İranla qonşu ölkələr arasında etimadın bərpası uzun illər çəkə bilər.

O, həmçinin Körfəz ölkələrini İranın hücumlarına qarşı kifayət qədər vahid mövqe nümayiş etdirməməkdə tənqid edib.

BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş mətbuat konfransında çıxış edir. Əbu-Dabi, BƏƏ, 25 noyabr 2025-ci il.   

Reuters

⦿ 14:06  | YENİLƏNİB

BMT rəsmisi ABŞ-İran danışıqlarının bərpasına çağırıb

Reuters

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən başlamasından narahatlığını bildirib və tərəfləri dərhal danışıqlara qayıtmağa çağırıb.

Onun çağırışı avqustda hərbi əməliyyatlara verilən fasilədən sonra qarşılıqlı zərbələrin yenidən başladığı bir vaxta təsadüf edib. Bu vəziyyət daha genişmiqyaslı eskalasiya ilə bağlı narahatlıqları artırıb.

“Reuters”in məlumatına görə, ABŞ ilə İran arasında zərbələr yenidən başlasa da, sülh prosesinin bərpasına yönəlmiş diplomatik səylərdə müəyyən irəliləyiş əldə olunub.

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk Livanın mətbuat konfransı keçirir. Beyrut, Livan, 27 iyul 2026.    

Reuters

⦿ 13:57  | YENİLƏNİB

İran itkin pilotlarla bağlı Qətərə hərbi nümayəndə heyəti göndərib

Reuters

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargahının texniki nümayəndə heyəti itkin iranlı pilotlarla bağlı məsələni araşdırmaq üçün son günlər Qətərə səfər edib.

Məsələ Tehran və Doha arasında mübahisəyə səbəb olub. İran rəsmiləri daha əvvəl Qətərə qarşı əməliyyatlar zamanı qəzaya uğrayan Su-24 təyyarəsinin üç pilotunun Qətərdə saxlanıldığını iddia ediblər. Qətər isə bu iddianı rədd edərək pilotları saxlamadığını, axtarış-xilasetmə qruplarının isə onlardan birinin qalıqlarını tapdığını bildirib.

⦿ 12:44  | YENİLƏNİB

İran: Qətər nümayəndə heyəti gərginliyi azaltmaq üçün Tehranda olub

Reuters

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, regional gərginliyin azaldılması səyləri çərçivəsində Qətər nümayəndə heyəti Tehranda olub.

İran mediasının məlumatına görə, nümayəndə heyətinə Qətərin Baş naziri və xarici işlər nazirinin yüksək səviyyəli müşaviri rəhbərlik edib. Heyət İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Səfər İran və ABŞ arasında hərbi gərginliyin yenidən artdığı və diplomatik səylərin davam etdiyi bir vaxta təsadüf edib.

⦿ 12:37  | YENİLƏNİB

İran Avropanı BMT qətnaməsi təşəbbüsünə görə tənqid edib

Reuters

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran əleyhinə BMT qətnaməsinin qəbuluna çalışan Avropa ölkələrini “məntiqsiz” adlandırıb.

O bildirib ki, BMT-nin nüvə nəzarəti qurumu İran əleyhinə qətnamə qəbul edərsə, Tehran buna cavab verəcək.

⦿ 12:31  | YENİLƏNİB

İran Cənubi Koreyaya Hörmüz əməliyyatları ilə bağlı xəbərdarlıq edib

Reuters

İran Cənubi Koreyaya xəbərdarlıq edib ki, onun Körfəzdə və ya Hörmüz boğazında keçirilən əməliyyatlarda iştirakı ciddi nəticələrə səbəb olacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “X” platformasında bildirib.

⦿ 12:21  | YENİLƏNİB

Qətər Körfəz dövlətlərini təhlükəsizlik imkanlarını gücləndirməyə çağırıb


​Qətər Körfəz ərəb dövlətlərini öz təhlükəsizlik imkanlarını gücləndirməyə çağırıb və yalnız ABŞ-yə arxalanmağın kifayət etmədiyini bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari İran müharibəsindən sonra regionun təhlükəsizlik baxımından öz imkanlarına daha çox güvənməsinin ən doğru yol olduğunu deyib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari Qətərin Qəzzada atəşkəs razılaşmasına vasitəçilik etməsinə kömək etməsindən sonra Reuters agentliyinə açıqlama verir. Doha, Qətər, 20 yanvar 2025-ci il.   

Reuters

⦿ 09:18  | YENİLƏNİB

ABŞ-İran qarşıdurması fonunda neft qiymətləri yüksəlib

Reuters

Sentyabrın 7-də neftin qiyməti artmaqda davam edib. ABŞ və İranın Hörmüz boğazında və ətraf ərazilərdə gəmilərə qarşı yeni hücumları Yaxın Şərqdən neft tədarükünün uzunmüddətli pozulacağı ilə bağlı narahatlıqları artırıb.

“Brent” markalı neftin bir barrelinin qiyməti 0,54 faiz artaraq 96,80 dollara, ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı neftinin qiyməti isə 0,72 faiz yüksələrək 92,14 dollara çatıb.

Qiymət artımı ABŞ və İran arasında dənizdə qarşılıqlı hücumların yenidən güclənməsi fonunda davam edib. İran Hörmüz boğazında “icazəsiz” marşrutlarla hərəkət edən üç neft tankerini, eləcə də digər ərazilərdə ABŞ ilə əlaqəli üç gəmini hədəfə aldığını bildirib. Vaşinqton isə ABŞ hərbi gəmilərinə hücumlara cavab olaraq İranın üç neft tankerinə zərbələr endirdiyini açıqlayıb.

Hörmüz boğazı qlobal neft tədarükü üçün əsas strateji keçidlərdən biridir. Qarşıdurmanın güclənməsi fonunda boğazdan gəmi keçidləri kəskin azalıb. Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan indiyədək “Brent” markalı neftin qiyməti 30 faizdən çox artıb.

⦿ 07:32 | YENİLƏNİB
Səudiyyə Ərəbistanı və Böyük Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bildirib ki, xarici işlər naziri şahzadə Feysəl bin Fərhan və britaniyalı həmkarı Ed Miliband Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər.

Tərəflər gərginliyin azaldılması, beynəlxalq su yollarının təhlükəsizliyinin gücləndirilməsi və gəmiçilik azadlığının təmin olunması üçün diplomatik səylərin artırılmasına çağırıblar.

⦿ 07:26  | YENİLƏNİB
Hörmüz boğazından keçən gəmilərin sayı may ayından bəri ən aşağı səviyyəyə düşüb
Reuters

“Kpler” şirkətinin məlumatına görə, Hörmüz boğazından keçən ticarət gəmilərinin sayı may ayından sonra ən aşağı səviyyəyə düşüb. Son 10 gündə boğazdan gündə orta hesabla 10 ticarət gəmisi keçib.

ABŞ və İranın tankerlərə son hücumlarından sonra dənizdə risklərin kəskin artması gəmiçilik fəaliyyətini daha da zəiflədib. Sentyabrın 5-də boğazdan cəmi iki, sentyabrın 6-da isə altı gəmi keçib.

Teqlər