Suriya XİN: Silahlı qruplar milli orduya inteqrasiya olunub

Suriya XİN: Silahlı qruplar milli orduya inteqrasiya olunub
Kürd daxili təhlükəsizlik qüvvələrinin üzvləri pikapın arxasında dayanırlar. Tel Həmiz şəhərinin kənarı, Suriya, 13 fevral 2026-cı il.
Reuters

Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani bildirib ki, hakimiyyət silahlı qrupları milli orduya inteqrasiya edir, təhlükəsizlik və müdafiə institutlarını isə yenidən strukturlaşdırır. Məqsəd dövlətin suverenliyini gücləndirmək və ölkənin münaqişədən sonrakı bərpasını dəstəkləməkdir.

Əl-Şeybani Qahirədə keçirilən Ərəb Liqası Şurasının nazirlər səviyyəsində 166-cı növbəti sessiyasında çıxışı zamanı bildirib ki, Dəməşq silahların yalnız dövlətin nəzarətində olmasını əsas prinsip kimi müəyyənləşdirib. O, bunu illərlə davam edən münaqişədən sonra ölkənin yenidən qurulmasının əsas elementlərindən biri kimi qiymətləndirib.

“Bu bərpa prosesini qorumaq üçün silahlı qrupları inteqrasiya etdik və silahların yalnız dövlətin nəzarətində olması prinsipi əsasında milli ordumuzu yenidən qurduq”, – deyə Əl-Şeybani bildirib.

O vurğulayıb ki, silahlar üzərində dövlət nəzarəti bütün suriyalıların təhlükəsizliyini təmin etməyə və milli institutları gücləndirməyə yönəlmiş suveren qərardır.

Əl-Şeybani bildirib ki, Prezident Əhməd Əl-Şaraanın rəhbərliyi altında son 20 ay ərzində ölkədə mühüm dəyişikliklər baş verib. Onun sözlərinə görə, Suriya böhranın idarə olunması mərhələsindən yenidənqurma və dövlət quruculuğu mərhələsinə keçib.
 

Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani “Reuters”ə müsahibə zamanı, Dəməşq, Suriya, 22 avqust 2026-cı il.
Reuters


O, həmçinin bildirib ki, Dəməşq yeni Xalq Məclisinin seçilməsi ilə ölkədə institusional yenilənmənin əsasını qoyub, təhsil və ali təhsili isə hökumətin əsas prioritetləri sırasına daxil edib.

Nazir qeyd edib ki, yüz minlərlə suriyalı uşaq və gənc düşərgələrdən məktəb və universitetlərə qayıdıb. O əlavə edib ki, hökumət təhsil müəssisələrinin bərpası istiqamətində işləri davam etdirir.

Suriya, həmçinin regional inkişaf təşəbbüslərinə daha sıx inteqrasiya olunmağa çalışır. Əl-Şeybani Suriyanın 2027-ci il üçün ərəb təşkilatları və fondlarının proqramlarına dərhal daxil edilməsinə çağırıb.

Barışıq və milli birlik səyləri

Əl-Şeybani bildirib ki, hökumət keçmiş rejimin cəmiyyətdə yaratdığı fəsadları ədalət və barışıq yolu ilə aradan qaldırmağa çalışır.

O, ölkənin yenidən birləşdirilməsi və ərazilərin dövlət nəzarətinə qaytarılması istiqamətində səylərin uzunmüddətli sabitlik və bərpa üçün zəmin yaratdığını vurğulayıb.

Suriya regional məsələlərlə bağlı mövqeyini açıqlayıb

Xarici işlər naziri, həmçinin Suriya, İordaniya və ABŞ arasında razılaşdırılmış və Süveydada sülhün bərqərar olmasına yönələn yol xəritəsinə toxunub. O bildirib ki, Suriya bu təşəbbüsün icrası istiqamətində ardıcıl addımlar atır.

Əl-Şeybani daha geniş regional hadisələrə də toxunub.

Nazir bildirib ki, Dəməşq ABŞ-İsrail-İran müharibəsinin başlamasından sonra Körfəz ölkələri və İordaniya ilə həmrəylik nümayiş etdirib, eyni zamanda bu ölkələrə qarşı hücumları pisləyib.

“Biz İranın onların ərazilərinə hücumlarını və dövlət çərçivəsindən kənarda silah istifadəsini rədd edirik”, – deyə Əl-Şeybani bildirib.

İsraillə bağlı məsələyə toxunan nazir Kolumbiyanın İsrailin işğal altındakı Colan təpələri üzərində suverenliyini tanımasını pisləyən Ərəb Liqasının mövqeyini alqışlayıb.

Əl-Şeybani Suriyanın işğal altındakı Colan təpələri üzərində hüquqlarının müzakirə mövzusu olmadığını bir daha vurğulayıb. O, Dəməşqin İsrailin hücumlarını, həbslərini və Suriya ərazisinə müdaxilələrini dayandırmaq məqsədilə diplomatik səylərini davam etdirdiyini bildirib.

BMT Suriyanın nüvə dosyesi ilə bağlı araşdırmanı yekunlaşdırıb
BAEA-nın loqosu agentliyin mənzil-qərargahının qarşısında nümayiş etdirilir. Vyana, Avstriya, 5 iyun 2026-cı il.
Reuters


Bu hadisələr Suriyanın keçmiş nüvə fəaliyyətləri ilə bağlı açıq qalan məsələlərin aydınlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə etdiyi vaxta təsadüf edir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi sentyabrın 7-də bildirib ki, qurum Əsəd ailəsinin hakimiyyəti dövründə həyata keçirilən gizli nüvə fəaliyyətləri ilə bağlı açıq qalan məsələləri aydınlaşdırıb və həll edib.

Bu irəliləyiş 2024-cü ilin sonlarında keçmiş prezident Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Suriyanın yeni hakimiyyəti ilə BMT-nin nüvə nəzarəti qurumu arasında əməkdaşlıq sayəsində əldə olunub.

BAEA-nın məlumatına görə, müfəttişlərin araşdırması nəticəsində əvvəllər bəyan edilməmiş nüvə fəaliyyətləri ilə əlaqəli obyektdə təxminən 73 ton təbii uran metalının mövcudluğu təsdiqlənib. Bunun 55 tonu yanacaq çubuqları formasında olub.

BAEA: Reaktor nüvə silahı üçün parçalanan material istehsal edə bilərdi

Qrossi, həmçinin təsdiqləyib ki, 2007-ci ildə İsrailin hava zərbəsi nəticəsində Suriyanın Deyr əz-Zor vilayətində məhv edilən obyekt demək olar ki, tamamlanmış nüvə reaktoru olub.

O, bu layihəni nüvə silahlarının yayılması baxımından ciddi narahatlıq doğuran məsələ kimi qiymətləndirib. Lakin o dövrdəki Suriya hakimiyyətinin niyyətlərini qəti şəkildə müəyyənləşdirməyin mümkün olmadığını qeyd edib.

BAEA Suriyanın hazırkı hökumətinin əməkdaşlığını alqışlayıb. Qrossi uzunmüddətli araşdırmanın yekunlaşdırılması üçün zəruri məlumatların təqdim edilməsini və müfəttişlərə müvafiq obyektlərə giriş imkanının yaradılmasını yüksək qiymətləndirib.

Teqlər