Keniyada Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
Keniya Konqo Demokratik Respublikasından (KDR) gələn və Nayrobidə vəfat edən ölkə vətəndaşında Ebola virusunun aşkarlanmasından sonra ilk yoluxma...
SEPAH İranın beş tankerinə hücuma cavab olaraq Fars körfəzində ABŞ-yə məxsus iki gəmiyə və səkkiz neft tankerinə zərbə endirdiyini iddia edib.
Neft qiymətləri 3,5 faiz artıb. ABŞ ilə İran arasında gərginliyin qlobal neft tədarükündə fasilələr yarada biləcəyi ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin bir barelinin qiyməti 101 dolları ötüb. Bakı vaxtı ilə saat 19:30-da “Brent” 101,20 dollara satılıb.
Bazarların diqqəti xüsusilə Hörmüz boğazındakı vəziyyətə yönəlib. Tankerlərin hərəkətində uzunmüddətli fasilələr qlobal neft tədarükünü daha da azalda bilər. Çində tələbatın artması və Körfəzdə tədarüklə bağlı narahatlıqlar da neft qiymətlərinin yüksəlməsinə təsir göstərir.
İranın “Fars” xəbər agentliyi bildirib ki, ölkənin cənubundakı Cask limanı yaxınlığında dəniz istiqamətindən gələn partlayış səsi eşidilib.
Agentlik partlayışın mənbəyi və səbəbi ilə bağlı hələlik heç bir məlumatın olmadığını qeyd edib.
BMT-nin nüvə nəzarəti üzrə qurumu olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 35 ölkədən ibarət Rəhbərlər Şurası İranın nüvə silahlarının yayılmamasına dair öhdəliklərini pozması ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına göndərən qətnamə qəbul edib. Diplomatların sözlərinə görə, bu, son 20 ildə ilk belə addımdır.
Qətnamə ötən il iyunun 12-də qəbul edilmiş əvvəlki sənədin davamıdır. Həmin sənəddə İranın nüvə silahlarının yayılmamasına dair öhdəliklərinə əməl etmədiyi qeyd olunurdu. Qətnamə İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə başlamasından bir gün əvvəl qəbul edilmişdi. Daha sonra ABŞ da bu hücumlara qoşulmuşdu.
Diplomatların bildirdiyinə görə, İranın öhdəliklərini pozması ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq üçün ayrıca yeni qətnamənin qəbul edilməsi tələb olunurdu.
İran bildirib ki, Tehranın icazəsi olmadan yeni müəyyən edilmiş dəniz zonasına daxil olan gəmilərə sanksiyalar tətbiq ediləcək.
SEPAH-ın sözçüsü Hossein Mohibi bildirib ki, qara siyahıya salınan gəmilər Hörmüz boğazından keçdikdən sonra belə dəniz, sığorta və dəstək xidmətlərindən məhrum ediləcək.
Açıqlama İranın Ərəb körfəzinin bəzi hissələrini əhatə edən məhdudlaşdırılmış zona yaratmaq qərarından sonra verilib. Bu addım ABŞ ilə İran arasında gərginliyin artdığı və Hörmüz boğazı ətrafında dəniz nəqliyyatı üçün risklərin çoxaldığı dövrə təsadüf edir.
İraq yanacağı daşıyan neft tankeri İraqın ərazi sularında dronla vurulub. Zərbə nəticəsində Panama bayrağı altında üzən “New Andros” tankerində yanğın başlayıb. Gəminin 22 nəfərlik heyətindən xəsarət alan olmayıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib ki, gecə saatlarında Körfəz və Oman körfəzində bir neçə ticarət gəmisi hücuma məruz qalıb. Onlardan biri Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında zərbə nəticəsində yan əyilmiş vəziyyətdə müşahidə edilib.
İran isə ABŞ-nin İrana məxsus beş neft tankerini batırmasından sonra Hörmüz boğazı yaxınlığında 10 gəmiyə zərbə endirdiyini bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, dənizdə məhdud zona İranın Çabahar şəhərindən başlayaraq Oman körfəzi və Ərəbistan dənizinin bəzi hissələrini əhatə edəcək. Ərazinin dəqiq koordinatları daha sonra açıqlanacaq.
Açıqlama İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin sentyabrın 7-də səsləndirdiyi fikirlərdən sonra verilib. Dövlət mediasının məlumatına görə, Rzayi İranın yaxın günlərdə Hörmüz boğazından kənarda məhdud zona yaradacağını bildirib.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İran neft tankerlərinə hücumlarını pisləyib və bu addımların gərginliyin daha da artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin bəyanatında bildirilib ki, ABŞ-nin İran neft tankerlərinə hücumlarına cavab olaraq, İran silahlı qüvvələri özünümüdafiə hüququ çərçivəsində İordaniyada yerləşən ABŞ hərbi bazaları və obyektlərinə, eləcə də bir neçə ABŞ gəmisinə zərbələr endirib.
Bəyanatda İordaniyanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verməyə davam etdiyi iddia olunub.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran qüvvələrinin Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ hərbi gəmilərini vurması barədə məlumatları təkzib edib. Komandanlıq bütün hücum cəhdlərinin uğursuz olduğunu bildirib.
CENTCOM sentyabrın 9-da “X” platformasında yaydığı açıqlamada bildirib:
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesini vurduqlarını iddia ediblər. Bu, tamamilə yalandır”.
ABŞ ilə İran arasında davam edən gərginliyin enerji bazarlarında narahatlıq yaratması fonunda çərşənbə günü neftin qiyməti yüksəlib.
“Brent” markalı neftin qiyməti 2,2 faiz artaraq bir barel üçün 100 dolları ötüb, WTI markalı neft isə 1,5 faiz bahalaşaraq 94,50 dollara çatıb.
Qiymət artımı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-nin beş İran tankerinə hücumlarına cavab olaraq Fars körfəzində ABŞ-yə məxsus iki gəmi və səkkiz neft tankerini hədəfə aldığını bildirməsindən sonra qeydə alınıb.
Yəmən hökumət qüvvələri ilə husilər arasında döyüşlər dörd vilayətdə şiddətlənib. Məlumata görə, qarşıdurmalarda mülki şəxslər də daxil olmaqla bir neçə nəfər həlak olub.
Taiz, Əl-Beyda, Əl-Dali və Əl-Hudeyda vilayətlərində toqquşmalar və hücumlar qeydə alınıb. Hökumət qüvvələri isə Bab əl-Məndəb boğazı yaxınlığındakı strateji sahil şəhəri Moxaya əlavə qüvvələr göndərib.
Hökumətyönlü qüvvələr husilərin mövqelərinə zərbələr endirdiklərini və onlara məxsus dronu vurduqlarını bildiriblər.
Əl-Hudeydada husilərin minaatan atəşi nəticəsində iki mülki şəxsin öldüyü bildirilir.
Bu, BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsin 2022-ci ildə genişmiqyaslı döyüşləri əsasən dayandırmasından sonra tərəflər arasında ən genişmiqyaslı qarşıdurmadır.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bildirib ki, regionda davam edən hərbi əməliyyatlar zamanı Fars körfəzinin şimalında və Oman körfəzində bir neçə ticarət gəmisi atəşə məruz qalaraq sıradan çıxıb.
İnsan tələfatı və ətraf mühitə təsirlə bağlı məlumat hələlik təsdiqlənməyib.
Almaniyanın “Lufthansa Group” aviaşirkətlər qrupu 2026-cı il oktyabrın sonundan Dubaya uçuşları mərhələli şəkildə bərpa edəcək.
Şirkətin açıqlamasına görə, uçuşların tam intensivliyə çatdığı dövrdə qrupa daxil olan aviaşirkətlər Dubaya və əks istiqamətdə həftədə 36-dək reys həyata keçirəcək.
“Lufthansa” bildirib ki, uçuşların mərhələli bərpası şirkətin Yaxın Şərqdəki mövqeyini gücləndirəcək, həm işgüzar səfər edənlər, həm də turistlər üçün səyahət imkanlarını genişləndirəcək.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin məlumatına görə, Xamis Müşait şəhərində daha əvvəl elan edilən təhlükə aradan qalxıb.
Yəməndəki husilər isə Səudiyyə Ərəbistanının cənubundakı aviabazaya hücum etdiklərini iddia edirlər.
Bloomberg News”un məlumatına görə, İraq OPEC+ çərçivəsində neft hasilatı kvotasının əhəmiyyətli dərəcədə artırılmasını istəyir.
İraq 2027-ci il üçün yeni hasilat səviyyələri ilə bağlı danışıqlar ərəfəsində kvotanın ölkənin mövcud hasilat imkanlarına uyğun müəyyənləşdirilməsinə çalışır.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Tehrana qarşı yeni sanksiyalarını tənqid edib. O, Vaşinqtonu nəticə verməyən siyasəti təkrarlamaqda ittiham edib.
Əraqçi “X” hesabında bildirib ki, ABŞ 47 il ərzində İrana qarşı sanksiyalar tətbiq edib, daha sonra isə “İsrailin adından” müharibəyə başlayıb. Onun sözlərinə görə, baş verənlər ABŞ-nin dünyadakı nüfuzuna zərbə vurub.
“Sanksiyalar və müharibə yolu ilə məqsədlərinə çata bilməyən Vaşinqtonun ‘yeni’ həlli... daha çox sanksiyadır. Doğrudanmı?” – Əraqçi yazıb.
Açıqlama ABŞ-nin Tehrana iqtisadi təzyiqi artırmaq məqsədilə İranın aviasiya sektoruna qarşı yeni sanksiyalar elan etməsindən sonra verilib.
Qətərin Daxili İşlər Nazirliyi Əl-Vakra limanında hərbi gəmidə baş verən yanğının Mülki Müdafiə qüvvələri tərəfindən söndürüldüyünü bildirib. Hadisə zamanı xəsarət alan olmayıb.
Nazirliyin “X” hesabında yaydığı məlumata görə, fövqəladə hallar xidmətləri hadisə yerinə cəlb olunub.
ABŞ Maliyyə Nazirliyi İranın qalan aviaşirkətlərinə, həmçinin “Mahan Air”ə dəstək verməkdə ittiham olunan şirkətlərə sanksiya tətbiq edib. Vaşinqton bu addımı Tehrana iqtisadi təzyiqi artırmaq siyasəti çərçivəsində atıb.
ABŞ maliyyə naziri Skott Bessent “X” hesabında bildirib ki, Vaşinqton İran hakimiyyətinə maliyyə dəstəyi göstərənlərin “ciddi nəticələrlə” üzləşəcəyi barədə xəbərdarlıq edib.
“Bu gün sanksiya tətbiq etdiyimiz İran aviaşirkətləri ilə əməkdaşlıq edən hər kəsə xəbərdarlıq edirik: qlobal maliyyə sistemindən kənarlaşdırıla bilərsiniz”, – Bessent bildirib.
Sanksiyalar İranın 27 aviaşirkətini, eləcə də “Mahan Air”ə təyyarə alışı və beynəlxalq fəaliyyətini davam etdirməkdə kömək göstərdiyi iddia olunan xarici şirkətləri əhatə edir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ qüvvələrinin zərbəsindən sonra İran gəmisinin Oman körfəzində batmasını əks etdirdiyi bildirilən görüntüləri yayıb.
CENTCOM “X” hesabında bildirib ki, zərbə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinə hücum cəhdinə cavab olaraq endirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ hərbi bazasına ballistik raketlər atdığını, Hörmüz boğazında isə 10 gəmiyə hücum etdiyini bildirib.
Hücumlar ABŞ-nin beş İran neft tankerini məhv etdiyini açıqlamasından sonra baş verib. Vaşinqton bu zərbələrin İranın ABŞ hərbi gəmisinə raket hücumuna cavab olduğunu bildirib.
İordaniya raketlərin əksəriyyətinin ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Hücumlarda ölən və yaralanan olmayıb.
Son hadisələr fonunda altı aydır davam edən münaqişədə gərginlik daha da artıb. Hərbi əməliyyatlar artıq regiondakı gəmiçilik və enerji marşrutlarına da təsir göstərir.
Yaxın Şərqdə gərginliyin artması fonunda sentyabrın 9-da dünya bazarında neft bahalaşıb.
“Brent” markalı neftin fyuçersləri 1,57 dollar bahalaşaraq bir barel üçün 99,49 dollara çatıb.
ABŞ-nin WTI markalı neftinin qiyməti isə 1,60 dollar artaraq bir barel üçün 94,63 dollara çatıb.
Sentyabrın 8-də Hörmüz boğazından altı yük gəmisi keçib. Bu, son 10 gün üzrə gündəlik orta göstəricinin yarısıdır.
“Kpler”in məlumatına görə, həmin dövrdə boğazdan gündə orta hesabla 12 gəmi keçib.
Gəmilərdən beşi boğaza daxil olub, biri isə ərazini tərk edib. Onların arasında “Panamax” tipli bir gəmi və orta ölçülü bir tanker də olub.
Bəzi gəmilər hərəkət zamanı avtomatik identifikasiya sistemlərini (AIS) söndürdüyündən məlumatlar sonradan dəqiqləşdirilə bilər.
İran dövlət mediasının məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində ABŞ-yə məxsus iki gəmiyə və səkkiz neft tankerinə zərbə endirdiyini bildirib. Qurum hücumun ABŞ-nin İranın beş tankerinə hücumuna cavab olduğunu açıqlayıb.
SEPAH iddia edib ki, həmin 10 gəmi Hörmüz boğazında qadağan olunmuş və təhlükəli elan etdiyi ərazidən keçməyə çalışıb.
Avstraliyanın terrorla mübarizə orqanları İsrailə uçan “flydubai” təyyarəsində kapitana hücum etməkdə və təyyarəni ələ keçirməyə cəhddə ittiham olunan ikinci pilotun əlaqələrini araşdırır.
Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Mammadov” yük gəmisinə dron hücumu nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, digəri itkin düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də Tehranda görüşüblər. Tərəflər ikitərəfli münasibətləri, regional prosesləri, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Sağçı senator Flavio Bolsonaro səsvermədə gözləntiləri üstələyərək hazırkı prezident Luiz İnasio Lula da Silvanı cüzi fərqlə qabaqlayıb və ikinci tura vəsiqə qazanıb. Solçu Lula da Silva ilə sağçı Bolsonaro bu ayın sonlarında keçiriləcək həlledici səsvermədə üz-üzə gələcək.
Mərkəzi Asiya ölkələri Rusiyanın İrkutsk vilayətində yaranmış vəziyyət fonunda sanitar-karantin nəzarətini gücləndirir. Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan Şelexov şəhərində taun əleyhinə elmi-tədqiqat institutunun əməkdaşının ölümündən sonra profilaktik tədbirlər görüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsi həm Ermənistanın, həm də bütövlükdə regionun iqtisadi mühitinin dəyişməsində mühüm rol oynaya bilər. Onun sözlərinə görə, layihə Ermənistanın investisiya cəlbediciliyini də artıra bilər.
77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC) oktyabrın 5-də Antalyada işə başlayıb. Tədbir dünyanın müxtəlif ölkələrindən kosmik agentliklərin və şirkətlərin nümayəndələrini, eləcə də tədqiqatçıları bir araya gətirib.
Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı oktyabrın 6-da Bakıda “Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyələşdirilməsi imkanları” mövzusunda işə başlayıb.
Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal keçmək və hərbi qüvvə və vasitələri qısa müddətdə Səudiyyə Ərəbistanına yerləşdirmək barədə razılığa gəliblər. Qərar oktyabrın 5-də Ər-Riyad toplantısında qəbul olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın