İran Prezidenti Məsud Pezeşkian BRICS sammiti üçün Hindistana səfər edib

İran Prezidenti Məsud Pezeşkian BRICS sammiti üçün Hindistana səfər edib
İran Prezidenti Məsud Pezeşkian BRICS sammitində iştirak etmək üçün Yeni Dehliyə gəldikdən sonra təyyarədən enir. 11 sentyabr 2026-cı il.
Reuters

İran Prezidenti Məsud Pezeşkian həftəsonu keçiriləcək BRICS sammitində iştirak etmək üçün Yeni Dehliyə səfər edib. Səfər ABŞ-İran münaqişəsinin davam etdiyi bir vaxta təsadüf edir. Sammitdə bir sıra yüksək vəzifəli xarici rəsmilər də iştirak edəcəklər.

⦿ 21:38 | YENİLƏNİB

Modi və Pezeşkian gəmiçilik təhlükəsizliyini müzakirə ediblər

Reuters

Hindistanın Baş naziri Narendra Modi və İran Prezidenti Məsud Pezeşkian Yeni Dehlidə keçirilən görüşdə gəmilərin sərbəst hərəkətini, ticarəti və dənizçilərin təhlükəsizliyini müzakirə ediblər. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Modi regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Putin, Ramafosa, Modi və Pezeşkian da daxil olmaqla, rəsmilər Yeni Dehlidə BRICS Biznes Forumu çərçivəsində xatirə şəkli çəkdirirlər. Hindistan, 11 sentyabr 2026-cı il.
Reuters

⦿ 18:50 | YENİLƏNİB

İran Hörmüz boğazı ilə bağlı Omanda görüş planlaşdırır

Reuters

İran Hörmüz boğazından keçən ticarət gəmiləri üçün təhlükəsiz marşrutları müzakirə etmək məqsədilə sentyabrın 14-də Omanda görüş keçirməyi planlaşdırır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, görüşdə İraqın və Körfəz sahilində yerləşən digər ərəb ölkələrinin xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.

⦿ 16:56 | YENİLƏNİB

Almaniya husilərin Moxanı ələ keçirməsindən narahatlığını bildirib

Anadolu

Almaniya husilərin Yəmənin liman şəhəri Moxanı ələ keçirməsindən narahatlığını bildirib. Berlin xəbərdarlıq edib ki, husilərin Bab əl-Məndəb boğazı üzərində nəzarətinin genişlənməsi qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarını daha da məhdudlaşdıra və dünya enerji təchizatına mənfi təsir göstərə bilər.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Yozef Hinterzeher Berlində keçirdiyi mətbuat konfransında deyib:

“Regionda və Qırmızı dənizdə, xüsusilə Bab əl-Məndəb boğazında baş verən hadisələri diqqətlə izləyirik. Liman şəhərinin ələ keçirilməsi ilə bağlı son məlumatlar, fikrimizcə, narahatlıq doğurur.”

⦿ 16:46 | YENİLƏNİB

ABŞ-də dizelin qiyməti ilk dəfə qalona görə 6 dolları keçib

Anadolu

ABŞ-də dizel yanacağının qiyməti ilk dəfə bir qalon üçün 6 dolları keçib. Yaxın Şərqdə gərginliyin artması fonunda neftin bahalaşması yanacağın pərakəndə satış qiymətlərinə də təsir edib.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, dizelin orta qiyməti bir qalon üçün 6,05 dollara çatıb.

Bahalaşma xam neftin qiymətinin bir həftə ərzində təxminən 10 faiz artmasından sonra baş verib. Qiymət artımına davam edən ABŞ-İran müharibəsi və regiondakı gərginlik təsir göstərib. Sentyabrın 11-də Qrinviç vaxtı ilə saat 08:00-a olan məlumata görə, “Brent” markalı neftin fyuçersləri bir barel üçün 106 dollar, West Texas Intermediate (WTI) markalı xam neft isə 101 dollar səviyyəsində ticarət olunub.

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, enerji qiymətlərinin yüksək olması İranın nüvə silahı əldə etməsinin qarşısını almaq səyləri ilə bağlıdır.

⦿ 16:26 | YENİLƏNİB

İran ABŞ-nin 5-ci Donanma qərargahına dəyən zərəri etiraf etməsini alqışlayıb

Reuters

İran ABŞ Hərbi Dəniz Qüvvələri katibinin səlahiyyətlərini icra edən Hang Kaonun İran hücumlarının Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahına ciddi ziyan vurduğunu etiraf etməsini alqışlayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran qüvvələri “Bəhreyndəki 5-ci Donanmanın qərargahını həqiqətən də darmadağın edib”. O əlavə edib ki, “Amerika xalqı İsrailin müharibələrinin xərcini ödəməkdən daha yaxşısına layiqdir”.

Məlumata görə, Kao dəymiş ziyanın “USS Abraham Lincoln” aviadaşıyıcısının iştirakı ilə həyata keçirilən əməliyyatları da pozduğunu bildirib. Bu açıqlama Bəhreyndəki bazaya dəyən zərərin miqyasının yüksək səviyyəli ABŞ rəsmisi tərəfindən etiraf edildiyi nadir hallardan biridir.

⦿ 16:20 | YENİLƏNİB

Husilər Yəmənin cənubuna ballistik raket hücumlarını bərpa ediblər

Anadolu

Yerli medianın məlumatına görə, husilər Yəmənin cənubundakı Lahic əyalətinin sahilyanı Ras əl-Ara bölgəsinə ballistik raket hücumlarını bərpa ediblər.

Yəmənin “Al-Masdar Online” xəbər saytı qrupun “Ras əl-Aranı ballistik raketlərlə atəşə tutmağı bərpa etdiyini” bildirib. Strateji əhəmiyyətli Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən ərazi hökumət qüvvələrinin nəzarətindədir və cümə günü səhər saatlarında da hücuma məruz qalıb.

İtki və dağıntılar barədə məlumat verilməyib. Husilər də hücumlarla bağlı açıqlama yaymayıblar.

Hücumlar iyulun əvvəlindən döyüşlərin intensivləşdiyi bir vaxta təsadüf edir. Husilər Əl-Hüdeydə əyalətinin bütün ərazisini ələ keçirib və Taiz əyalətində, o cümlədən sahilyanı Moxa şəhəri istiqamətində irəliləyiblər. Hökumət qüvvələri isə Əl-Cəvf əyalətinin şimalında irəliləyiş əldə edib.

⦿ 15:03  | YENİLƏNİB

Husilər Bab əl-Məndəbə yaxınlaşdıqca Yəmən qüvvələri Perim adasından geri çəkilir

Reuters

Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazındakı Perim adasından geri çəkiliblər. Bu barədə iki hökumət rəsmisi “Reuters”ə məlumat verib.

Mənbələrin sözlərinə görə, husilər günün əvvəlində yaxınlıqdakı Dubab liman şəhərinə də daxil olublar. Hökumət qüvvələrinin Perimdən geri çəkilməsi husilərin strateji əhəmiyyətli Bab əl-Məndəb boğazında mövqelərini gücləndirir.

Dubab Perim adasının qarşısında yerləşir. Mənbələr bildiriblər ki, şəhərə və adaya nəzarət Bab əl-Məndəb boğazında üstünlük əldə etmək üçün mühüm əhəmiyyət daşıyır.

⦿ 12:45  | YENİLƏNİB

“Yəmən nümayəndəsi: Husilər Qırmızı dənizdə ‘yeni reallıq’ yaratmağa çalışırlar”

Anadolu

Yəmənin BMT-dəki nümayəndəsi Abdullah əs-Sədi Təhlükəsizlik Şurasında bildirib ki, husilər Qırmızı dənizdə nəzarətlərini genişləndirməyə çalışırlar və beynəlxalq gəmiçiliyi təhdid edirlər.

Husilərin Səudiyyə Ərəbistanına hücumları ilə bağlı keçirilən fövqəladə iclasda çıxış edən əs-Sədi qruplaşmanın Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirmək cəhdləri barədə xəbərdarlıq edib. O bildirib: “Biz Bab əl-Məndəbi beynəlxalq və regional təhlükəsizlik məsələsi kimi müdafiə edirik”.

O, Təhlükəsizlik Şurasını gərginliyin artmasını pisləməyə və husilərə qarşı ssilah embarqosunun icrasını təmin etməyə çağırıb.

Bu açıqlamalar Yəmənin qərb sahillərində, boğaz yaxınlığında hökumət qüvvələri ilə husilər arasında toqquşmaların gücləndiyi bir vaxtda səslənib. Husilər son günlər irəliləyiş əldə ediblər. Yerli media qruplaşmanın Zuqar adasını ələ keçirdiyini yazsa da, bu məlumat hələ təsdiqlənməyib.

Yəmənin BMT-dəki daimi nümayəndəsi Abdullah Əli Fadhel əs-Sədi BMT Təhlükəsizlik Şurasının iclası zamanı nümayəndələrə müraciət edir. Nyu-York, ABŞ, 9 iyul 2025-ci il.  

Reuters

⦿ 11:20  | YENİLƏNİB

İran və Pakistan nümayəndələri ABŞ ilə deeskalasiya səylərini müzakirə ediblər

Reuters

Pakistanlı təhlükəsizlik rəsmisinin “Reuters”ə verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun rəhbəri Asim Munir sentyabrın 10-da telefon danışığı aparıblar. Tərəflər Tehranla ABŞ arasında gərginliyi azaltmağa yönəlmiş diplomatik səylərin bərpası yollarını müzakirə ediblər.

Rəsminin sözlərinə görə, danışıq zamanı ABŞ və İsrailin İranla müharibəsi, danışıqlara qayıtmaq imkanları və husilərin Səudiyyə Ərəbistanına hücumları müzakirə olunub.

⦿ 11:00 | YENİLƏNİB

Seul: Cənubi Koreya və İran xarici işlər nazirləri Hörmüz boğazını müzakirə ediblər

Reuters

Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin xarici işlər naziri  Ço Hyon sentyabrın 11-də iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Tərəflər Hörmüz boğazından sərbəst naviqasiya da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon. Pasay, Filippin, 22 iyul 2026-cı il.

Reuters

⦿ 10:58  | YENİLƏNİB

FT: İran və Körfəz ölkələri Hörmüz boğazı üzrə razılaşma əldə etmək üçün görüşəcək


“Financial Times” qəzetinin məlumatına görə, Körfəz ölkələrinin xarici işlər nazirləri İranın xarici işlər naziri ilə görüşməyi planlaşdırırlar. Məqsəd Hörmüz boğazından gəmiçiliyin idarə olunması üçün müvəqqəti razılaşmaya dəstək əldə etməkdir. Bu təşəbbüsü Oman və İran irəli sürür.

Məlumata görə, görüş sentyabrın 14-də Omanın sahil şəhəri Salalada keçiriləcək. Qəzet bu barədə məlumatlı iki mənbəyə istinad edib.

⦿ 08:42 | YENİLƏNİB

Tramp Səudiyyə vəliəhdinin husilərə zərbə çağırışını rədd edib

Reuters

ABŞ-nin “Axios” media qurumunun iki amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman sentyabrın 10-da ABŞ Prezidenti Donald Trampa iki dəfə zəng edərək husilərə zərbələr endirməyə çağırıb.

Məlumata görə, Tramp bu çağırışı rədd edib. ABŞ rəsmiləri administrasiyanın hazırda İranın dəstəklədiyi husilərə qarşı birbaşa hərbi əməliyyat keçirmək niyyətində olmadığını bildiriblər.

 Təhlükəsizlik İdarəsinin binası qarşısında qələbəni qeyd edən husilər. Videodan götürülmüş ekran görüntüsü, Hays, Yəmən. 10 sentyabr 2026-cı il.  

⦿ 07:51  | YENİLƏNİB

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kater məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının girişində ABŞ-yə məxsus pilotsuz hərbi dəniz aparatını məhv etdiyini bildirib. Bu barədə SEPAH-ın rəsmi xəbər orqanı “Sepah News” məlumat yayıb.

“SEPAH-ın Hərbi Dəniz Qüvvələri Uca Allahın köməyi ilə strateji əhəmiyyət daşıyan Hörmüz boğazının girişində 5838 gövdə nömrəli “SEAL Drone” tipli düşmən pilotsuz katerini vuraraq onun missiyasını pozub”, – bəyanatda bildirilib.

SEPAH-ın Hörmüz boğazının girişində vurduğunu bildirdiyi ABŞ-yə məxsus yelkənli dron. Videodan ekran görüntüsü, 11 sentyabr 2026-cı il.  

Sepah News

Bu arada Vaşinqton İraqda fəaliyyət göstərən və İranın dəstəklədiyi “Kətaib Hizbullah”la əlaqəli yeni iqtisadi sanksiyalar elan edib.

ABŞ Dövlət Departamenti bildirib ki, tədbirlər SEPAH-ın “Qüds” Qüvvələrinin İraqın Xalq Səfərbərlik Qüvvələrinə təsirini, həmçinin terror fəaliyyətlərini maliyyələşdirmək və beynəlxalq sanksiyalardan yayınmaq üçün İraq, BƏƏ, Türkiyə və Livandakı kommersiya şəbəkələrindən necə istifadə etdiyini üzə çıxarır.

Teqlər