Yəməndə döyüşlər şiddətlənib, 46 mindən çox insan köçkün düşüb

Yəməndə döyüşlər şiddətlənib, 46 mindən çox insan köçkün düşüb
Yəmənin Marib və Səna şəhərləri arasındakı düşərgədə məcburi köçkün uşaqlar. 19 mart 2018-ci il.
Reuters

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) sentyabrın 11-də bildirib ki, Yəməndə döyüşlərin ötən həftə şiddətlənməsindən sonra 46 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb. Qurumun məlumatına görə, bu say hər saat artır.

BMqT münaqişə başlayandan bəri bir çox ailənin ikinci və ya üçüncü dəfə köçkün düşdüyünü bildirib.

“Ailələr bu münaqişə zamanı ikinci və ya üçüncü dəfə qaçmağa məcbur olurlar. Onların demək olar ki, heç nəyi qalmayıb”, – BMqT-nin baş direktoru Emi Poup deyib.

BMqT-nin baş direktoru Emi Poup Romada “Reuters”ə müsahibə verir. 11 iyul 2025-ci il.
Reuters

O, döyüşlər genişləndikcə humanitar yardımın çatdırılmasının çətinləşdiyini bildirib.

Sentyabrın 10-na olan məlumata görə, köçkün düşənlərlə bağlı statistika Yəmənin qərb sahillərini və Taiz vilayətini əhatə edir. Köçkünlərin sayı artmaqda davam edir.

Məlumata görə, gecə saatlarında çox sayda insan Moha liman şəhərini tərk edib. Onlar özləri ilə yalnız götürə bildikləri əşyaları aparıblar.

Bundan sonra Yəmənin cənubundakı Ləhc və Ədən vilayətlərinə yeni köçkünlərin gəldiyi bildirilib. Digərlərinin isə şimala, İbb vilayətinə doğru hərəkət etdiyi qeyd olunub.

Döyüşlər yaşayış məntəqələrinə yaxınlaşdıqca Məqbənə, Cəbəl Həbəşi və Əl-Məafir rayonlarında bütöv kəndlərin boşaldıldığı bildirilir.

Məlumata görə, əsas təchizat yollarından biri olan Moha–Taiz yolu da bağlanıb. Bu, köçkün ailələrə yardım göstərməkdə onsuz da çətinlik çəkən yerli icmaların yükünü daha da artırıb.

BMqT təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən sentyabrın 11-də sahədəki bütün əməliyyat hərəkətlərini müvəqqəti dayandırıb.

Hazırda köçkünlərin sığınacaq, ərzaq, su, məişət əşyaları, səhiyyə və mühafizə xidmətlərinə təcili ehtiyacı var.

Teqlər