Qazaxıstan və Cənubi Koreya əməkdaşlığı gücləndirir, layihələrin dəyəri 19 milyard dollara yaxınlaşır

Qazaxıstan və Cənubi Koreya əməkdaşlığı gücləndirir, layihələrin dəyəri 19 milyard dollara yaxınlaşır
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Cənubi Koreya Prezidenti Li Çje Myon. Seul, Cənubi Koreya, 15 sentyabr 2026-cı il.
www.akorda.kz

Qazaxıstan və Cənubi Koreya münasibətlərini gələcəyə yönəlmiş hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəlib. Seulda keçirilən biznes dəyirmi masası çərçivəsində tərəflər ümumi dəyəri təxminən 19 milyard dollar olan 80-ə yaxın saziş imzalayıblar.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Cənubi Koreya Prezidenti Li Çje Myon sentyabrın 15-də Seulda keçirilən danışıqlarda iqtisadi əməkdaşlığın genişləndirilməsi, birgə istehsal və investisiyaların artırılması məsələlərini müzakirə ediblər.

İmzalanan sazişlər qaz emalı, neft-qaz, kritik minerallar, infrastruktur və digər sahələri əhatə edir.

Hazırda Qazaxıstan və Cənubi Koreyanın ümumi dəyəri 4 milyard dollardan çox olan 51 birgə layihəsi var. Avtomobil istehsalı, maşınqayırma və metallurgiya əsas əməkdaşlıq sahələri sırasındadır.

Ötən il Qazaxıstanda təxminən 170 min avtomobil istehsal olunub. Astana yerli komponent istehsalını artırmaq və mərhələli şəkildə tam istehsal dövrünə keçmək niyyətindədir.

Tokayev Qazaxıstanla 1997-ci ildən əməkdaşlıq edən “Hanwha Group”u ölkədə yeni layihələr həyata keçirmək imkanlarını nəzərdən keçirməyə çağırıb. Tərəflər süni intellekt, rəqəmsal infrastruktur və digər yüksək texnologiyalı sahələrdə əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Alatau şəhəri layihəsi müzakirə olunub

Almatı vilayətində salınan Alatau şəhəri layihəsi də danışıqların əsas mövzularından biri olub. Qazaxıstan Cənubi Koreya şirkətlərini şəhərin inkişafında iştiraka cəlb etmək istəyir.

Tokayev layihənin ölkə üçün strateji əhəmiyyət daşıdığını və xarici investorların hüquqlarının qorunacağını bildirib.

“Planlarımız çox iddialıdır. Xüsusilə, Alatau şəhəri layihəsinin gələcək inkişafını ətraflı müzakirə etdik. Bu, bizim böyük əhəmiyyət verdiyimiz çox vacib layihədir. Koreya şirkətlərinə bütün hüquqi təminatlar veriləcək”, — Tokayev deyib.

İqtisadi təhlükəsizlik və texnologiya

Cənubi Koreya Prezidenti Li Çje Myon Qazaxıstanı ölkəsinin iqtisadi təhlükəsizliyi baxımından mühüm tərəfdaş adlandırıb.

O bildirib ki, Qazaxıstan enerji və təbii ehtiyatlarla zəngin olmaqla yanaşı, yüksək texnologiyalı sahələrdə də böyük potensiala malikdir.

“Biz qabaqcıl sənaye və rəqəmsal texnologiyalarımız vasitəsilə Qazaxıstan sənayesinin modernləşdirilməsinə töhfə verməyə hazırıq”, — Li deyib.

Ticarət dövriyyəsinin ikiqat artırılması hədəflənir

Tərəflər ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmağı hədəfləyirlər.

Hazırda Qazaxıstanda Cənubi Koreya kapitalının iştirakı ilə 1 000-dən çox şirkət fəaliyyət göstərir.

Tokayev, həmçinin 2027–2030-cu illər üçün kompleks ticarət-iqtisadi və investisiya əməkdaşlığı proqramının hazırlanmasını təklif edib.

Teqlər