İsrail HƏMAS-ın Rəfah briqadasının komandirinin Qəzzada öldürüldüyünü bildirib

İsrail HƏMAS-ın Rəfah briqadasının komandirinin Qəzzada öldürüldüyünü bildirib
İsrail hərbi texnikası hərəkət edir. Qəzza, 1 sentyabr 2026-cı il.
Reuters

İsrail Qəzza zolağının cənubuna endirilən hava zərbəsində HƏMAS-ın Rəfah briqadasının komandiri Nael Əbu Obeidin öldürüldüyünü bildirib. Atəşkəsə baxmayaraq, Qəzzaya zərbələr davam edir.

“Reuters”in məlumatına görə, HƏMAS-dakı mənbələr də Əbu Obeidin öldüyünü təsdiqləyib.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz əvvəlcə ordunun Rəfah briqadasının komandirini hədəf aldığını açıqlayıblar. Onların sözlərinə görə, zərbə HƏMAS-ın Xan Yunis briqadasının komandiri və qruplaşmanın digər yüksək vəzifəli üzvlərinin öldürülməsindən sonra endirilib.

İsrailin məlumatına görə, Əbu Atiya kimi də tanınan Əbu Obeid Rəfah briqadasına və HƏMAS-ın əməliyyat bölməsinə rəhbərlik edib.

Əbu Obeid əvvəlki komandir Məhəmməd Şabananın 13 may 2025-ci ildə İsrailin zərbəsində öldürülməsindən sonra briqadaya rəhbərlik etməyə başlayıb. İsrail həmin zərbədə HƏMAS rəhbərlərindən Məhəmməd Sinvarın da öldürüldüyünü bildirib.

İsrail ordusu Əbu Obeidi HƏMAS-ın Rəfahdakı imkanlarının bərpa etməyə çalışmaqda və İsrailə qarşı hücumlar planlaşdırmaqda ittiham edib.

Əbu Obeidin öldürüldüyü gün İsrail Qəzzanın müxtəlif bölgələrinə zərbələr endirməyə davam edib. “Reuters”in istinad etdiyi Fələstin səhiyyə rəsmiləri və tibb işçilərinin məlumatına görə, Qəzzanın şimal və cənubunda ayrı-ayrı hücumlarda ikisi uşaq olmaqla azı beş fələstinli həlak olub.

ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs 2025-ci ilin oktyabrından qüvvədədir. “Reuters”in istinad etdiyi məlumatlara görə, atəşkəs qüvvəyə minəndən bəri 1 300-dən çox fələstinli və dörd İsrail hərbçisi həlak olub.

İsrail və HƏMAS bir-birini dəfələrlə atəşkəsi pozmaqda ittiham edib. 

Teqlər