Diplomatik korpus nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərlərini başa vurublar

Diplomatik korpus nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərlərini başa vurublar
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri. Xankəndi, Azərbaycan, 11 sentyabr 2026-cı il.
Anewz

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərlərini başa vurublar. Diplomatlar bölgədəki əsas mədəniyyət, təhsil, iqtisadi və infrastruktur layihələri ilə tanış olublar.

Xankəndi və Şuşa

Səfərin ilk günü Xankəndi və Şuşaya həsr olunub. Nümayəndə heyəti Xankəndidə dəmir yolu və avtovağzal kompleksinə baş çəkərək burada aparılan işlər barədə məlumat alıblar. Diplomatlar şəhərin Mədəniyyət Mərkəzini də ziyarət ediblər. Burada Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlarla görüşüb.

Daha sonra diplomatlar Zəfər parkına baş çəkib, Qarabağ Universitetinin fəaliyyəti və infrastrukturu barədə məlumatlandırılıblar. “AzCotton” MMC-nin tikiş fabrikinə səfər zamanı isə müəssisənin fəaliyyəti və yerli istehsal prosesi ilə tanış olublar.

Şuşada nümayəndə heyətinə şəhərin inkişafı və tarixi irsin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib. Diplomatlar Yeni Şuşa məscidi, Cıdır düzü, Qarabağ küçəsi, Yuxarı Gövhər ağa məscidi və Şuşa qala divarları da daxil olmaqla bir sıra tarixi-mədəni məkanları ziyarət ediblər.

Onlar Şuşa Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıb, birinci yaşayış məhəlləsinə baş çəkərək sakinlərlə görüşüblər.

Ağdərə və Kəlbəcər

Səfərin ikinci günü Ağdərə və Kəlbəcərə həsr olunub. Nümayəndə heyəti Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət ediblər. Diplomatlara abidələrin tarixi, memarlıq xüsusiyyətləri və qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Nümayəndə heyəti “İstisu” mineral su istehsalı zavoduna da baş çəkərək müəssisənin fəaliyyəti ilə tanış olublar.

Kəlbəcərdə Bal Festivalı

İki günlük səfər Kəlbəcərdə keçirilən Bal Festivalı ilə yekunlaşıb. Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının inkişaf etdirilməsi, Kəlbəcərdə kənd təsərrüfatı və aqrar istehsalın bərpası dövlətin prioritetləri sırasındadır.

Nazir Kəlbəcərin əlverişli təbii şəraitini və uzunmüddətli arıçılıq ənənələrini qeyd edərək, bölgənin arıçılığın inkişafı üçün böyük imkanlara malik olduğunu vurğulayıb.

Onun sözlərinə görə, arıçılıq təsərrüfatlarının azad edilmiş ərazilərə mövsümi köçürülməsinə 2021-ci ildən başlanıb. Bu müddətdə arı təsərrüfatları Laçın və Kəlbəcərə aparılıb. 

Nazir bildirib ki, Bal Festivalı aqrar sektorun bərpasını nümayiş etdirir, yerli istehsalı təşviq edir və Kəlbəcərin iqtisadi potensialını təqdim edir.

Diplomatik korpus nümayəndələrinin bu səfəri 2020-ci ildən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunan 22-ci səfər olub. Bu səfərlər xarici diplomatlara bölgədə həyata keçirilən infrastruktur və sosial-iqtisadi layihələr, eləcə də tarixi və mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır.

Teqlər