Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin sona yaxınlaşdığına ümid etdiyini bildirib. Münaqişənin yeddinci ayına yaxınlaşdığı bir vaxtda Tramp Tehranın razılaşma əldə etmək istədiyini deyib.
İordaniyanın xarici işlər naziri Ayman Safadi və Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan 17 sentyabrda telefon danışığı zamanı regionda gərginliyə son qoyulması və sabitliyin bərpası istiqamətində səyləri müzakirə ediblər.
Safadi İordaniyanın husilərin Səudiyyə Ərəbistanına son hücumlarını, o cümlədən Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, bir nəfərin həlak olduğu, iki nəfərin isə yaralandığı Taif şəhərinə dron hücumunu pislədiyini bir daha bildirib.
O, həmçinin İordaniyanın Səudiyyə Ərəbistanı ilə “tam həmrəy” olduğunu və krallığın təhlükəsizliyini və sabitliyini qorumaq istiqamətində səylərini dəstəklədiyini bildirib.
ABŞ rəsmilərinin CBS News-a verdiyi məlumata görə, İran qüvvələri son günlərdə ABŞ-nin azı iki “MQ-1” pilotsuz uçuş aparatını vurub.
Hadisələr barədə ictimaiyyətə açıqlama vermək səlahiyyəti olmayan rəsmilər adlarının açıqlanmaması şərti ilə danışıblar.
Bu məlumat İranın 16 sentyabrda Qeşm adası üzərində ABŞ-yə məxsus daha bir pilotsuz uçuş aparatını vurduğunu bildirməsindən sonra yayılıb.
ABŞ 17 sentyabrda Hörmüz boğazından təhlükəsiz keçid üçün ödənişlərin həyata keçirilməsində iştirak etməkdə ittiham etdiyi İran kriptovalyuta birjasına sanksiya tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, birja sanksiyalara məruz qalmış iranlı maliyyəçi Babək Zəncaninin nəzarətində olub və Hörmüz boğazından keçidlə bağlı ödənişlərlə əlaqəli fəaliyyət göstərib.
Vaşinqton daha əvvəl xəbərdarlıq edib ki, Hörmüz boğazından təhlükəsiz keçid üçün İran hakimiyyətinə edilən ödənişlər ABŞ sanksiyalarının pozulmasına səbəb ola bilər.
BMT-nin İran üzrə araşdırma missiyasının hesabatına görə, ABŞ-nin fevralda İranda məktəbə və idman obyektinə endirilən iki hərbi zərbəyə görə məsuliyyət daşıdığını hesab etməyə əsaslı səbəblər var. Hücumlar hərbi cinayət kimi qiymətləndirilib.
Həmçinin İran hakimiyyətinin dekabrın sonunda başlayan ölkə miqyaslı hökumət əleyhinə etirazları zorakılıqla yatırarkən insanlıq əleyhinə cinayətlər törətdiyi müəyyən edilib.
Bu nəticələr İran üzrə Müstəqil Beynəlxalq Araşdırma Missiyasının yeni hesabatında yer alıb. Hesabatda müharibə zamanı ABŞ-nin hərbi əməliyyatları və İran hökumətinin etirazlara reaksiyası araşdırılıb. Sənəd 21 sentyabrda Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.
İran və ABŞ-nin Cenevrədəki nümayəndəlikləri şərh sorğusuna dərhal cavab verməyib. ABŞ rəsmiləri daha əvvəl hərbi əməliyyatların silahlı münaqişə qanunlarına uyğun aparıldığını bildiriblər. Tehran isə insan hüquqlarının sistemli şəkildə pozulması ilə bağlı ittihamları rədd edib.
Səudiyyə Ərəbistanının cənub-qərbindəki Taif bölgəsi üzərində dronun vurulmasından sonra bir nəfər ölüb, iki nəfər yaralanıb. Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, ölən şəxs Yəmən vətəndaşıdır. Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti dronun qonşu Yəməndəki İranın dəstəklədiyi husi qüvvələri tərəfindən buraxıldığını bildirib.
Pakistan Körfəz münaqişəsi fonunda yanacaq qiymətlərinin artması səbəbindən enerjiyə qənaət üçün bir sıra sərt qənaət tədbirləri elan edib.
Tədbirlərə dövlət avtomobilləri üçün yanacaq limitlərinin azaldılması və dövlət qurumları üçün yeni avtomobillərin alınmasına qadağa daxildir.
Hökumət rəsmilərinin xarici səfərlərinə və rəsmi ziyafətlərə də məhdudiyyətlər tətbiq olunacaq. İslamabad bu addımlarla dövlət xərclərini və yanacaq istehlakını azaltmağı hədəfləyir.
Çin İrandan Yəməndəki husilərə təsir imkanlarından istifadə edərək münaqişənin genişlənməsinin qarşısını almağa, Qırmızı dənizdə gəmiçilik və enerji marşrutlarının təhlükəsizliyini qorumağa kömək etməsini istəyib. Bu barədə danışıqlardan məlumatlı üç İran mənbəsi “Reuters”ə bildirib.
Mənbələrin sözlərinə görə, husilərin Qırmızı dəniz sahili boyunca və Bab əl-Məndəb boğazı ətrafında sürətlə irəliləməsindən sonra Səudiyyə Ərəbistanı Pekinə müraciət edib. Bu irəliləyiş Səudiyyə Ərəbistanının neft ixracı və kommersiya gəmiçiliyi üçün riskləri artırıb. Husilərin Bab əl-Məndəb ətrafında mövqelərini gücləndirməsi beynəlxalq gəmiçilik üçün də narahatlıq yaradıb.
Mənbələr bildiriblər ki, Tehran regional sabitliyin İranın “ABŞ-İsrail müharibəsi” adlandırdığı münaqişənin dayandırılmasından asılı olduğunu deyib. Çin rəsmiləri isə Tehrana iqtisadi təzyiq göstərəcəkləri ilə hədələməyiblər.
Çin Xarici İşlər Nazirliyi “Reuters”ə bildirib ki, Pekin regional gərginliyin Yəmən və Qırmızı dənizə daha da yayılmasını istəmir. Nazirlik qeyri-sabitliyin artmasının heç bir tərəfin maraqlarına uyğun olmadığını vurğulayıb. Çin bundan əvvəl də regionda gərginliyin azaldılmasına və dialoqa çağırıb.
Banqladeşdə qaz və elektrik enerjisinin fasilələrlə verilməsi gündəlik həyata və biznesə ciddi təsir göstərir. Problemlər yemək bişirilməsindən fabriklərin, xəstəxanaların və quşçuluq təsərrüfatlarının fəaliyyətinədək bir sıra sahələri əhatə edir. Bəzi geyim istehsalçıları sifarişləri vaxtında çatdırmaq üçün məhsulları hava yolu ilə göndərməyə məcbur qalıblar.
Pakistanda isə yanacağın bahalaşması əhali və işçilərin xərclərini artırıb. Hökumətin yeni subsidiya proqramı bəzi avtomobil sahiblərinə hər litr üçün 100 Pakistan rupisi (36 ABŞ senti) güzəşt nəzərdə tutur. Lakin qeydiyyatla bağlı problemlər proqramdan yararlanmaq istəyənlər arasında narazılıq yaradıb.
Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün pozulması enerji böhranını daha da dərinləşdirib. Nəticədə Asiyada LNG qiymətləri kəskin artıb.
Fransa Prezidenti Emmanuel Makron parlamentdə təmsil olunan partiyaların liderləri ilə görüşəcək. Görüşdə Yaxın Şərq və Ukraynadakı münaqişələr, eləcə də onların enerji bazarlarına təsiri müzakirə olunacaq.
Makronun ofisinin məlumatına görə, yerli vaxtla saat 10:30-da başlayacaq görüşdə hərbi və kəşfiyyat rəsmiləri də vəziyyətlə bağlı məlumat verəcəklər.
İran İsveçin analoji addımına cavab olaraq bir isveçli diplomatın ölkəni tərk etməsini tələb edib.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə husilərin İslamın ən müqəddəs şəhəri olan Məkkəni hədəf aldığı bildirilən dron hücumunu pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəyini bir daha ifadə edib. Nazirlik hücumun regional sabitlik və təhlükəsizliyi də təhdid etdiyini bildirib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın məlumatına görə, dron Məkkənin cənubunda, şəhərin qadağan olunmuş hava məkanına daxil olmadan əvvəl vurularaq məhv edilib. Husilər isə hücumda əli olduqlarını təkzib ediblər.
Hadisə regionda gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir. Yəməndə münaqişə husilərin 2014-cü ildə paytaxt Sənanı ələ keçirməsindən sonra dərinləşib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ildə beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləmək üçün hərbi müdaxiləyə başlayıb.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar. Sazişə əsasən, üç ölkədən hər hansı birinə silahlı hücum hamısına qarşı hücum kimi qiymətləndirilir.
Husilərin nəzarətində olan “Al Masirah” telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın döyüş təyyarələri Taiz vilayətində üç telekommunikasiya qülləsinə zərbələr endirib.
Məlumata görə, zərbələr Əz-Zükra, Əl-Huban və Ər-Rahidə bölgələrindəki obyektləri hədəf alıb.
Husilərin hücumları Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə ziyan vurub. Münaqişənin regiona yayılması fonunda bu, qlobal neft tədarükü ilə bağlı yeni narahatlıqlar yaradıb.
Husilər Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Yanbu neft limanına və Xamis Muşeytdəki aviabazaya yeni dron və raket zərbələri endirdiklərini bildiriblər. Qrupun yaydığı görüntülərdə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrlə döyüşlər və güclü partlayışlar əks olunub.
Səhər saatlarında neft ucuzlaşıb. “Brent” markalı neftin bir barelinin qiyməti 1,2 faiz azalaraq 104,59 dollara düşüb. Buna Səudiyyə Ərəbistanının Oman üzərindən əlavə neft partiyaları təklif etməsi barədə xəbərlərin tədarüklə bağlı narahatlıqları azaltması səbəb olub.
Bu arada ABŞ-də dizel yanacağının qiyməti bir qallon üçün 6,30 dolları keçərək rekord səviyyəyə çatıb. Enerji xərclərinin artması noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində respublikaçılar üçün əsas siyasi məsələlərdən birinə çevrilib.
İlkin izləmə məlumatlarına görə, sentyabrın 16-da Hörmüz boğazından cəmi üç əmtəə daşıyan gəmi keçib. Bir gün əvvəl bu rəqəm 12 olub. Bu göstərici son 10 gün üzrə təxminən 17 gəmi olan orta göstəricidən də xeyli aşağıdır.
Məlumatlarda aşkarlanmamaq üçün izləmə transponderlərini söndürmüş ola biləcək gəmilər nəzərə alınmayıb.
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib. Görüşdə İran və Şimali Koreya ilə bağlı məsələlərin, eləcə də iqtisadiyyat və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın müzakirə olunacağı gözlənilir.
Seul həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün göstərilən səylərə dəstək vermək imkanını nəzərdən keçirir.
“Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüşəcəyi gözlənilir. Görüşdə İranla müharibə ilə bağlı növbəti addımların müzakirəsi nəzərdə tutulur.
ABŞ-nin müharibədən sonrakı dövr üçün təklif etdiyi strategiyanın danışıqların əsas mövzusu olacağı bildirilir.
İranın xarici işlər naziri Abbas Əraqçi Çin rəsmiləri ilə danışıqların müsbət keçdiyini bildirib və Tehranın Pekinlə strateji münasibətlərə sadiqliyini vurğulayıb.
Əraqçi “X” platformasında yazıb ki, hazırda qəbul edilən qərarlar regiondakı strateji tarazlığa uzun illər təsir göstərə və genişmiqyaslı nəticələr doğura bilər.
O, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinin regionda sülhün təşviqi üçün irəli sürdüyü dörd prinsipi dəstəklədiyini bildirib və onların əhəmiyyətini vurğulayıb.
Bu prinsiplər qonşu dövlətlərin dinc yanaşı yaşamasını, suverenliyə və ərazi bütövlüyünə hörməti, beynəlxalq hüquqa riayət olunmasını, eləcə də təhlükəsizliklə iqtisadi inkişaf arasında tarazlığın qorunmasını nəzərdə tutur.
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin sona yaxınlaşdığına ümid etdiyini bildirib. O, Tehranın razılaşma əldə etmək istədiyini deyib.
Fevralın 28-də başlayan müharibə nəticəsində minlərlə insan həlak olub, milyonlarla insan evini tərk etməyə məcbur olub.
Tramp İranın nüvə imkanlarının zəiflədilməsini müharibənin məqsədlərindən biri kimi göstərib.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Türk dövlətləri arasında xarici pasport əvəzinə şəxsiyyət vəsiqəsi ilə səyahət imkanları nəzərdən keçirilir. Bu barədə oktyabrın 10-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu bildirib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Avropa İttifaqının (Aİ) Ermənistandan idxal olunan məhsulların 80 faizinə tətbiq edilən gömrük rüsumlarını müvəqqəti dayandırmaq barədə qərarı oktyabrın 10-da qüvvəyə minib.
Gürcüstanda müstəqillikdən bəri ən bol və keyfiyyətli üzüm məhsullarından biri yığılır. Oktyabrın 6-dək Kaxetiyada 182 210 ton üzüm təhvil verilib. Məhsulun 99 faizi orta və yüksək keyfiyyətli qiymətləndirilib. Yığım üzümün alış qiymətlərinə etirazlar fonunda davam edir
Ukrayna dronları ardıcıl iki gün ərzində Rusiyada “Yandex” şirkətinin iki məlumat mərkəzinə zərbələr endirib. Hücumlar rəqəmsal xidmətlərin işində fasilələrə səbəb olub. Bu hücumlar Kiyevin Rusiyanın rəqəmsal infrastrukturuna zərbələrini intensivləşdirdiyi bir vaxta təsadüf edib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın