Qazaxıstanın neft ehtiyatları 4,4 milyard ton qiymətləndirilir

Qazaxıstanın neft ehtiyatları 4,4 milyard ton qiymətləndirilir
Qazaxıstanın qərbində yerləşən Ayrankol neft yatağında hasilat işləri aparılır. 24 aprel 2026-cı il.
Reuters

Qazaxıstanın çıxarıla bilən neft ehtiyatları təxminən 4,4 milyard ton, geoloji neft ehtiyatları isə 13,2 milyard ton həcmində qiymətləndirilir. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, geoloji-kəşfiyyat işləri davam etdikcə və ehtiyatlar yenidən qiymətləndirildikcə bu göstəricilər dəyişə bilər.

Qazaxıstan 2025-ci ildə 99 milyon ton neft hasil edib. Bunun 39 milyon tonu Tengiz, 18,2 milyon tonu Kaşağan, 12,13 milyon tonu isə Qaraçaqanak yatağının payına düşüb.

Mütəxəssis “Caspiy Neft” şirkətinin idarə etdiyi Ayrankol neft yatağında işləyir. Atırau vilayəti, Qazaxıstan, 20 aprel 2026-cı il.
Reuters

“KazMunayGas” 2026–2030-cu illərdə 26 kəşfiyyat quyusu qazmağı planlaşdırır. Ekspertlərin proqnozuna görə, 2030-cu ildən sonra Qazaxıstanda orta illik neft hasilatı 90-96 milyon ton səviyyəsində ola bilər.

Qazaxıstan eyni zamanda illik emal gücü 10 milyon tona qədər olacaq dördüncü neft emalı zavodunun tikintisinə hazırlaşır. Layihə həyata keçirilərsə, ölkənin ümumi neft emalı gücü ildə təxminən 40 milyon tona çata bilər.

“Caspiy Neft” şirkətinin idarə etdiyi Ayrankol neft yatağı. Atırau vilayəti, Qazaxıstan, 20 aprel 2026-cı il.
Reuters

Yeni zavod üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına 2026-cı ilin mayında başlanılıb. Layihənin 2033-cü ilədək həyata keçirilməsi nəzərdə tutulur. Zavodun tikiləcəyi yer və yekun investisiya məbləği hələ müəyyənləşdirilməyib.

İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 10 milyard dollar ola bilər.

Teqlər